259
Beynəlxalq ictimaiyyət dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi istiqamətində Ermənistana təsir göstərməli, bu ölkənin mina terroruna səssiz qalmamalıdır.
Bunu Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva “Report”un yerli bürosuna bildirib.
O deyib ki, Ermənistanın vaxtilə basdırdığı minalar mülki şəxslərin həyatına təhlükə yaratmaqda davam edir:
“Növbəti belə hadisə avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş “Qanlıgöl” yaylağı adlanan ərazisində baş verib. Hadisə nəticəsində Şərur rayon sakini 2005-ci il təvəllüdlü Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb.
Ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsi sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına ciddi maneə törədir”.