Laçın şəhərinin salınmasının 100 illiyi (1924-2024) münasibətilə “Laçın-100 ədəbi antologiya” kitabı çapdan çıxıb.
Əslən laçınlı şair, nasir və aşıqların yaradıcılığından ibarət nümunələrin toplandığı antologiya 400 illik dövrü əhatə edir.
Kitabın toplayanı və tərtibçisi şair İlham Qəhrəmandır. O, indiyədək “Laçın folkloru”, “Laçın lətifələri”, Sarı Aşığa həsr olunan “Gül dəftəri” və Aşıq Alının yaradıcılığından bəhs edən “Nə qaldı” kitablarını oxuculara təqdim edib.
Kitabda Sarı Aşıq, Mir Həmzə Nigari kimi tanınmış klassiklərlə yanaşı, indiyə qədər ədəbi aləmə məlum olmayan Əmir Bəy, Şair Məmmədalı, Qara Kərim, Aşıq Alı (Suvatlı), Aşıq Abbas, Aşıq Cəfərqulu kimi el sənətkarlarının yaradıcılığından nümunələr də verilib. 98 müəllifin hər biri haqqında bioqrafik məlumatın yer aldığı antologiyada həm də xeyli tarixi məlumatlar əks olunub. Laçının söz xəritəsi kimi təqdim edilən kitabda laçınlı şəhid və qazilərin də yaradıcılığına ayrıca bölmə ayrılıb.
Bütün vəznlərdə şeir və maraqlı nəsr nümunələrinin yer aldığı kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.