Bu barədə “X” sosial şəbəkəsində bu partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano məlumat verib.
“Konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq ölkə prezidentinə qarşı impiçment haqqında qərar layihəsi imzalanmaq üçün deputatlara göndərilib”, – o deyib.
Qeyd edək ki, Fransa Konstitusiyasının 68-ci maddəsi Fransa prezidentinin səlahiyyətlərini yerinə yetirmədiyi təqdirdə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini nəzərdə tutur. Bu, parlamentin qəbul etdiyi qanunların təsdiqindən imtinaya da aiddir.
İmpiçment təşəbbüskarları birinci mərhələdə 58 deputatın (aşağı palata heyətinin onda biri) imzasını toplamalıdır. Bundan sonra palatanın bürosu qərar layihəsinin baxılmaq üçün qəbul edilib-edilmədiyini müəyyən etməlidir. Daha sonra layihə müvafiq komissiya tərəfindən təsdiqlənməlidir.
Qətnamənin təsdiqi üçün Milli Assambleya deputatlarının üçdə ikisi onun lehinə səs verməlidir. Sonra layihə parlamentin Senatına (yuxarı palata) təqdim edilir. Hər iki palata sənədi dəstəkləsə, deputatlar və senatorlar birgə iclasa toplaşmalıdırlar. İmpiçment üçün qətnaməni iki palatanın 925 üzvündən azı 617-nin dəstəkləməsi zəruridir.