MDB və ŞƏT-in müşahidə missiyalarının rəhbərləri Bakıda

Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidə missiyalarının rəhbərləri Bakıda keçirilən işgüzar görüş zamanı Azərbaycanda sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərinə hazırlığı müzakirə ediblər.

Bu barədə  MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir.

“MDB-dən olan müşahidəçilər missiyasının rəhbəri, MDB baş katibinin birinci müavini Leonid Anfimov ilə ŞƏT-in beynəlxalq müşahidəçilər missiyasının rəhbəri, ŞƏT baş katibinin müavini Nuran Niyazəliyev avqustun 31-də Bakıda görüşüb. Görüşdə həmçinin Belarus Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko da iştirak edib”, – məlumatda deyilir.

Həmsöhbətlər Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində MDB və ŞƏT-dən olan müşahidəçilər missiyalarının fəaliyyətini müzakirə ediblər.

“Tərəflər seçki kampaniyasının şəffaf və açıq şəkildə keçirildiyi, beynəlxalq müşahidəçilərin parlament seçkilərini izləməsi üçün lazımi şəraitin yaradıldığını vurğulayıblar”, – məlumatda deyilir.

Anfimov həmsöhbətinə bildirib ki, MDB müşahidəçilər missiyasına 133 müşahidəçi daxildir, onlardan 10-u Azərbaycanda uzunmüddətli əsaslarla işləyir. Missiya rəhbəri həmsöhbətin diqqətinə həmçinin əsas iş prinsiplərini – müşahidənin obyektivliyi, seçki prosesinin gedişinə müdaxilə edilməməsini çatdırıb.

 

“Ənənəvi olaraq, biz işimizi missiya üzvlərinin şəxsi müşahidəsi, seçki komissiyalarının üzvləri və dövlət orqanlarının nümayəndələri ilə ünsiyyət nəticəsində yerlərdə əldə olunan məlumatlar əsasında qururuq”, – Anfimov vurğulayıb.

Öz növbəsində Niyazəliyev qeyd edib ki, ŞƏT seçkilərin, o cümlədən parlament seçkilərinin monitorinqində böyük təcrübəyə malikdir. O bildirib ki, missiya üzvləri Azərbaycanda seçki kampaniyasının gedişi ilə tanış olmaq imkanı əldə ediblər.

“Seçkilər çox sakit keçir, ölkədə vəziyyət ürəkaçandır. Seçki kampaniyasının təşkilati səviyyəsini yüksək qiymətləndirərdim. Bunda həm Mərkəzi Seçki Komissiyasının, həm də yerli seçki komissiyalarının koordinasiyalı işi böyük rol oynayır”, – o vurğulayıb.

Görüş zamanı tərəflər təbliğat-təşviqat kampaniyasının gedişi, seçki komissiyalarının işi və seçki məntəqələrinin seçkilərə hazırlığı ilə bağlı da müzakirələr aparıblar.

Related posts

Prezidentdən nazirlə bağlı sərəncam

Prezident bu qanunlarda dəyişiklik etdi

Azərbaycan COP29-da intriqalara GETMƏDİ