Seçilənlər arasında VI çağırışda olmasa da, əvvəlki çağırışlarda deputat mandatı qazanan şəxslər var.
Onlardan biri Əli Əhmədovdur. Hakim Yeni Azərbaycan Partiyasının sədrinin müavini olan siyasətçi 2000-ci ildə ikinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.
Əli Əhmədov 2005-ci il noyabrın 6-da 19 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü olub. 2010-cu ildə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Belarus, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. 2013-cü ildə baş nazirin müavini təyin edildiyi üçün deputat mandatından imtina edib.
Əvvəllər seçilən növbəti şəxs Vüqar Rəhimzadədir. Əməkdar jurnalist 2000-ci ilin noyabr ayında keçirilən parlament seçkilərində 5 saylı Culfa-Ordubad seçki dairəsindən Milli Məclisin deputatı seçilib.
O, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, “İki sahil” qəzetinin baş redaktorudur.
10 il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədrlik edən Mübariz Qurbanlı 101 saylı Samux – Şəmkir seçki dairəsindən deputat seçilib. O, daha əvvəl Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV çağırış deputatı olub.
Səyyad Aran isə Milli Məclisə I çağırış seçkilərində Yeni Azərbaycan Partiyasını təmsil edib və bu seçkidə Salahov soyadı ilə iştirak edib. O, 67 saylı Zərdab-İmişli-Ucar seçki dairəsindən deputat seçilib. O, 2000-ci ildə də 67 saylı Zərdab-İmişli seçki dairəsindən deputatlığa namizəd olub və deputat seçilib.
Səyyad Aran daha sonra Türkiyədə baş konsul təyin edilib. O, 2012-2024-cü illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb.
Bu dəfəki seçkidə 98 saylı Bərdə – Tərtər seçki dairəsindən mandat qazanan Xanlar Fətiyev daha əvvəl 7 noyabr 2010-cu ildə Gəncə seçki dairəsindən deputat seçilib. O, 5 il sonra yenidən 39 saylı dairədən mandat əldə edə bilib.
Azər Əmiraslanov 2005-ci ildə 98 saylı Şəmkir şəhər seçki dairəsindən Üçüncü Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib, parlamentin İqtisadi siyasət daimi komissiyasının sədr müavini olub.
2008-ci ildə Prezident Administrasiyasının şöbə müdiri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasının qərarı ilə deputat səlahiyyətlərinə xitam verilib.