Bakıda “Mayot. Ölüm adası” filminin təqdimatı olub

Sentyabrın 2-də Azərbaycan Film Fondunda Qəmər Adaları İttifaqının Mayot adasına həsr edilmiş “Mayot. Ölüm adası” qısametrajlı filminin təqdimatı olub.

Filmin təqdimatından əvvəl AZƏRTAC-a müsahibə verən “CBC TV” kanalının böyük redaktoru Gülzar Mustafayeva ekran əsərinin əhəmiyyətindən, hazırlanma prosesindən danışıb.

“Bu, “CBC TV” kanalının hazırladığı sənədli filmdir. Ekran əsərinin hazırlanmasında xarici həmkarlarımız da bizə yaxından kömək göstəriblər. Bu iş bizim üçün əhəmiyyətli olduğundan telekanalımızın rəhbəri Vüqar Xəlilov bu filmdə baş prodüser kimi iştirak edib”, – deyə Gülzar Mustafayeva bildirib.

Onun sözlərinə görə, film Mayot adasında yaşayan yerli əhalinin taleyi haqqındadır: “Film Fransanın müstəmləkəçilik siyasəti nəticəsində onların üzləşdiyi çətinliklər barədədir. Həmin çətinliklər sırasında onların dinlərindən, dillərindən, adət-ənənələrindən məhrum edilməsi ön planda göstərilir. Onlar öz ölkələrində hüquqsuz yaşadıqları halda Fransadan gələn fransız vətəndaşları Mayot adasında istədikləri kimi at oynadırlar. Yerli əhali isə quldarlıq dövründəki kimi yaşayır. Film yerli əhalinin üzləşdiyi, qarşılaşdığı bu və ya digər çətinliklərə, hüquqsuzluğa güzgü tutur. 25 dəqiqəlik ekran əsəri rus dilinə tərcümə edilərək dublyaj olunub”.

Mayot Adasının Müstəqilliyi Uğrunda Mübarizə Komitəsinin üzvü Ahmed Tabet jurnalistlərə bildirib ki, Mayot da digər müstəmləkələr kimi işğal olunub: “Əsas məsələ ondan ibarətdir ki, hər bir dövlət işğala son qoyulması uğrunda mübarizə aparmalıdır. Bu xüsusda Azərbaycan və Bakı Təşəbbüs Qrupunun fəaliyyətini yüksək qiymətləndirirəm. Azərbaycan özünü dünyada neokolonializmlə mübarizə aparan dövlətlərə kömək edən bir ölkə kimi tanıdıb. Biz sabah Bakıda konfrans keçirəcəyik. Orada əsas diqqət müstəmləkəçiliyə qarşı mübarizə üsullarını nəzərdən keçirmək olacaq”.

Təqdimat mərasimində çıxış edən Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov bildirib ki, bu film adada baş verən faciəvi hadisələrdən bəhs edir.

O qeyd edib ki, Fransanın neokolonial siyasətindən əziyyət çəkən müstəqil Qəmər Adaları İttifaqı dövləti, habelə Fransa tərəfindən işğal edilmiş Qəmər Adalarının tərkib hissəsi olan Mayot adasının ictimai-siyasi xadimləri, diplomatlar, elmi dairələrinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasi partiyaların üzvləri Bakıda bir araya gəliblər. Səfər çərçivəsində qonaqlar bir sıra ikitərəfli görüşlər keçirəcəklər.

Abbas Abbasov filmin ərsəyə gəlməsinə görə yaradıcı heyətə təşəkkür edib.

Sonra film nümayiş olunub.

“Mayot. Ölüm adası” qısametrajlı filmdə Qəmər arxipelaqının çağdaş dövrdə üzləşdiyi çağırışlar və işğalın nəticələrindən bəhs edilir. Fransanın işğal etdiyi Mayot adasında yoxsulluq səviyyəsində yaşayan yerli sakinlərlə buraya köçürülmüş zəngin fransızlar arasında həyat səviyyəsinin fərqi filimdə aydın şəkildə göstərilir.

Nümayişdən sonra ekran əsəri ilə bağlı fikir mübadiləsi aparılıb və qonaqlar bu işdə əməyi olanlara təşəkkürlərini bildiriblər.

Related posts

Xalq artisti Yaşar Nurinin xatirəsi anılıb

Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötür

Kino sənətinin vurğunu