Azərbaycanın Baş prokuroru Kamran Əliyev Qarabağ separatçıları barəsində başlanmış cinayət işinin təfərrüatlarından danışıb.
O, “News.ru” informasiya portalına müsahibəsində bildirib ki, həmin şəxslərlə bağlı istintaq yekunlaşıb və materiallar yaxın vaxtlarda məhkəməyə təqdim olunacaq.
Müxtəlif illər ərzində Azərbaycanın Baş Prokurorluğu tərəfindən 15 Qarabağ separatçısına qarşı cinayət işi başlanıb və onlar beynəlxalq axtarışa verilib. 2023-cü ilin sentyabrında lokal antiterror əməliyyatından sonra separatçılar saxlanılaraq Bakıya aparılıb və istintaqa təhvil veriliblər. Onlara qarşı terrorizm, terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmə və qruplaşmalar yaratmaq, terror törətmək məqsədi ilə təlimlər keçirmək ittihamları irəli sürülüb. Bu ilin iyununda Bakı onların işi üzrə istintaqın başa çatdığını elan edib.