Rusiya Ukrayna savaşında məğlub olaraq, sıradan çıxarılarsa, Çin ABŞ və Qərbin demək olar ki, tək hədəfinə çevrilə bilər… Bu qarşıdurmaya tab gətirməyin çox çətin olacağını anlayan rəsmi Pekini Çin müasir tarixinin ən riskli geostrateji seçim ssenariləri gözləyir…
Ukrayna savaşı bütün dünyada ciddi problemlər yaratmaqda davam edir. Belə ki, əksər Qərb dövlətləri hazırda Ukrayna ordusunun silah-sursatla və hərbi texnika ilə təchiz olunması prosesində iştirak edirlər. Bu proses bir tərəfdən Ukrayna ordusunun döyüş qabiliyyətinin gücləndirilməsini təmin edir. Digər tərəfdən isə Ukraynada “savaş bataqlığı”na düşmüş Rusiya ilə yanaşı, Qərb ölkələrini də zəiflədir. Və bu baxımdan, Ukraynaya Qərb ölkələrinin hərbi dəstəyini müəyyən mənada, bumeranq effektli proses də hesab etmək olar.
Məsələ ondadır ki, Qərb siyasi dairələri açıq etiraf etmək istəməsələr də, enerji resurslarına olan ehtiyacların ödənilməsində ciddi problemlər ilə üzləşirlər. İndi Rusiya enerji resurslarından imtina etmiş Avropa məkanında bu sahəyə sərf edilən xərclər durmadan artmaqdadır. Çünki Rusiyadan ucuz qiymətə alınan enerji resursları artıq alternativ qaynaqlardan daha bahalı şərtlərlə idxal olunur. Və enerji resurslarının bahalaşması isə öz növbəsində Avropa iqtisadiyyatının bütün sahələrinə birbaşa təsir göstərir.
Nəticədə Avropa dövlətlərində sosial-iqtisadi və siyasi böhran təhlükəsi olduqca real görüntülər almağa başlayıb. “Qoca qitə”də həyat şəraiti bahalanır, Qərb ölkələrinin əhalisi arasında narazılıq durmadan artır, ultramillətçi ideoloji xətt güclənir və daxili vətəndaş qarşıdurması ilə bağlı ehtimallar daha inandırıcı görüntülər alır. Və bu, davamlı proses olduğundan, sadəcə, böhranlı dövrün başlanğıc fazası da hesab olunur.
Ancaq Qərb ölkələrinin Ukrayna savaşı ucbatından üzləşdiyi problemlər yalnız bunlarla da məhdudlaşmır. Belə ki, NATO ölkələri Ukrayna ordusunun təchizatı prosesində öz silah resurslarını demək olar, tamamilə tükəndiriblər. Yəni, Qərb dövlətlərinin silah anbarları artıq boşalmaq üzrədir.
Ona görə də, bundan sonra Ukraynaya göndərmək üçün silah istehsal edən şirkətlərə hərbi texnika sifariş verməli olacaqlar. Buna əlavə olaraq, öz silah anbarlarının yenidən doldurularaq, hərbi resursları formalaşdırmaq üçün də həmin şirkətlərlə dəyəri onmilyardlarla dollar həcmində müqavilələr imzalamaq məcburiyyətindədirlər. Və bütün bunlara hərbi xərclərin artırılması məcburiyyətini də əlavə etdikdə Qərb ölkələrinin üzləşdiyi situasiyanı təsəvvür etmək o qədər də çətin deyil.
Belə bir situasiyada Qərb dövlətləri Rusiyanın daha sürətlə zəifləməsinə nail olunacaq geopolitik manevrlərə də yönəlmək məcburiyyətində qalıb. Yəni, Qərb hazırda özündən əvvəl məhz Rusiyanın çökməsinə nail olmaq barədə düşünür. Çünki Rusiya daha bir-iki il tab gətirə bilsə, onda Avropa məkanının böhran və xaosa düçar olması da qaçılmaz xarakter daşıya bilər. Halbuki, Rusiyanın da hazırda olduqca çətin vəziyyətə düşdüyü, iqtisadiyyatının iflas həddinə yaxınlaşmaqda olduğu inkaredilməz reallıqdır. Və Qərb üçün Rusiya iqtisadiyyatının iflas prosesini daha da sürətləndirməyə nail olması indi taleyüklü xarakter daşıyır.
Maraqlıdır ki, son vaxtlar ABŞ və Qərb məhz Çini hədəfə almağa çalışır. Çünki Qərbdə hesab edirlər ki, Çinin Rusiyaya hərbi dəstəyi Ukrayna savaşının inkişaf istiqamətlərinə birbaşa təsir göstərir. Xüsusilə də, Çin və Rusiya arasında iqtisadi-ticari münasibətlər Qərbin Ukraynaya hərbi dəstəyinin effektini ciddi şəkildə azaldır. Ona görə də, ABŞ və Qərb rəsmi Pekinə təzyiq göstərməklə, Çinin Rusiyaya dəstəyini bloklamağa cəhd göstərir. Və artıq bu istiqamətdə müəyyən addımlar da atılmağa başlayıb.
Məsələ ondadır ki, ABŞ və bəzi Qərb ölkələri Çinə qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlayıblar. Üstəlik, Qərbin sanksiyaları Çin iqtisadiyyatında dərhal təlatümlərin ön plana keçə biləcəyi mərhələni yaxınlaşdırıb. Hər halda, hazırda Çin iqtisadiyyatında inkişaf göstəriciləri tədricən aşağı düşməyə başlayıb. Hətta bəzi Qərb ekspertləri rəsmi Pekin Rusiyaya dəstəyini davam etdirəcəyi təqdirdə, Çinin iqtisadi böhrana düçar ola biləcəyini iddia ediblər. Və onların fikrincə, bu proses artıq start götürüb, sonrakı nəticələr isə daha çox Çinin tutacağı mövqedən asılı olacaq.
NATO baş katibi Yens Stoltenberq də Çinə qarşı sərt xəbərdarlıq mesajı ilə çıxış edib. O, bildirib ki, Çinin dəstəyi Rusiyanın hərbi potensialının qorunmasına səbəb olur. Rəsmi Pekin dərhal neytral mövqeyə keçməlidir ki, Ukrayna Rusiyanın işğal etdiyi əraziləri üzərində öz nəzarətini bərpa etmək imkanları qazana bilsin. NATO baş katibi onu da vurğulayıb ki, əgər, rəsmi Pekin Rusiyaya dəstəkdən imtina etməzsə, bu, Çinin Ukrayna savaşında tərəfə çevrildiyi qənaətlərinə əsas verəcək. Və bu, o deməkdir ki, Qərb hazırda Çini Rusiya ilə yanaşı, geostrateji hədəf kimi diqqətə alına biləcəyi ilə təhdid edir.
Belə anlaşılır ki, rəsmi Pekin hazırda Çin üçün taleyüklü seçim qərarı verməlidir. Halbuki, belə seçimlər həmişə riskli xarakter daşıyır. Belə ki, rəsmi Pekin Rusiyaya dəstəyi davam etdirərsə, Qərb Çin iqtisadiyyatını çökdürmək istiqamətində cəhdlərini artıracaq. Halbuki, bu, Çin üçün tamamilə yolverilməz variant sayılır. Çünki əgər, Çin iqtisadiyyatı böhrana düçar olarsa, rəsmi Pekin bu nəhəng dövlətin gələcək taleyini xilas etmək şansını tamamilə itirə də bilər. Və bu baxımdan, rəsmi Pekinin Çinin maraqlarını qorumaq üçün Rusiyaya dəstəkdən vaz keçmə ehtimalı qətiyyən istisna deyil.
Ancaq rəsmi Pekini narahat edə biləcək digər variant da olmamış deyil. Belə ki, rəsmi Pekin Rusiyaya dəstəkdən imtina edəcəyi təqdirdə, Çinin Qərbdən hədəfə alınmayacağına dair təminatdan da uzaqdır. Hər halda, ABŞ və Qərb Çini də Rusiya və Şimali Koreyanın yer aldığı düşmən ölkələr siyahısına salıb. Yəni, Çin istənilən halda, ABŞ və Qərbin hərbi-siyasi hədəfində yer alır.
Üstəlik, Rusiya Ukrayna savaşında məğlub olaraq, sıradan çıxarılarsa, bu dəfə Çin ABŞ və Qərbin demək olar ki, tək hədəfinə də çevrilə bilər. Belə qarşıdurmaya tab gətirməyin çox çətin olacağını anlayan rəsmi Pekin üçün gələcək risklərdən yayınmaq baxımından, Rusiyanın müqavimət gücünün artırılması indi olduqca taleyüklü məsələdir. Və bu baxımdan, rəsmi Pekini Çin müasir tarixinin ən çətin seçimi gözləyir.