Bu gün Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq da xüsusi yer tutur.
Azərbaycan Mərkəzi Asiya ölkəsi olmasa da, tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə bu regionla sıx bağlıdır.
Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış böyük əhəmiyyət kəsb edir.
Bu baxımdan Azərbaycan Mərkəzi Asiya ölkələrinin dünyaya iqtisadi inteqrasiyasında coğrafi baxımdan həlledici rol oynayır.
Bu ölkələrin mövcud iqtisadi potensialı və gələcək əməkdaşlığın istiqamətlərinə nəzər salır.
Şərq və qərb dünyası arasında mühüm qovşaq
Mərkəzi Asiya Asiyanın cənub-qərbində Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə Çin və Monqolustana, cənubda Əfqanıstan və İrana, şimalda Rusiyaya qədər uzanan böyük bir ərazini əhatə edir.
Bura keçmiş sovet respublikaları olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan daxildir.
1924-1925-ci illərə qədər “Türküstan” adlandırılan Mərkəzi Asiya bu gün də qərb və şərq dünyası arasında mühüm qovşağa çevrilib.
Ümumi ərazisi 4 milyon kvadratkilometrdən çox olan Mərkəzi Asiya ölkələrinin əhalisi 77 milyon nəfərdir.
Bu ölkələrdə ildə 400 milyard dollardan çox məhsul istehsal olunur.
Rgionun zəngin təbii ehtiyatları, inkişaf etməkdə olan bazarları və artan iqtisadi potensialı böyük perspektivlər açır.
Ölkəmiz üçün prioritet vəzifələrdən biri Türk dünyası ilə münasibətlərin daha da inkişaf etdirilməsi, bu istiqamətdə faydalı əməkdaşlığın yaradılmasıdır.
Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur.
Qazaxıstan təbii sərvətlərlə zəngin türk dövlətidir.
Ölkənin neft, qaz, daş kömür, mis və dəmir filizi, zəngin alüminium, qurğuşun, sink, gümüş, nikel, qızıl və digər nadir metal yataqları var.
Qazaxıstan uran və sink ehtiyatlarına görə dünyada 2-ci yeri tutur.
Neft və qaz ehtiyatlarının həcminə görə Qazaxıstan dünyanın 11-ci ölkəsidir. Dünya neft ehtiyatlarının 3,2 faizi Qazaxıstanda yerləşir.
Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) fəaliyyət göstərir.
Qazaxıstan şirkətləri tərəfindən Azərbaycana 102,2 milyon dollar qoyulub.
Azərbaycan biznes strukturlarının Qazaxıstan iqtisadiyyatına qoyduğu investisiya 205 milyon dollardır.
İki ölkələ arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib.
Ölkələrimiz neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir.
Bura Qazaxıstan xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, xam neftin Azərbaycanda emalı daxildir.
İnfrastruktur layihələrinə investisiya etmək üçün yol tikintisi və nəqliyyat sektorunda geniş imkanlar mövcuddur.
Özbəkistan birgə investisiya qoyuluşu uğurlu əməkdaşlıq nümunələri yaradıb.
Özbəkistan da təbii sərvətlərlə zəngin türk ölkəsidir.
Asiyanın ən böyük qızıl mədəni məhz bu ölkədə yerləşir.
Qızıl yataqlarının həcminə görə Özbəkistan dünyada 4-cü, gümüş ehtiyatlarına görə isə 10-cu ən böyük ölkədir.
Zəngin təbii qaz ehtiyatlarına, sink, uran, və kömür yataqlarına malikdir.
Son illər Özbəkistanda xarici investisiya yatırımlarının sürətli artımı müşahidə olunur.
Azərbaycan və Özbəkistan iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verir ki, bu da hər iki ölkəninin iqtisadi inkişafına töhfə verməklə yanaşı, regional inkişafı stimullaşdırır.
Sənaye, kənd təsərrüfatı, enerji, o cümlədən, bərpa olunan enerji, ticarət sahəsində əməkdaşlıq Özbəkistanla iqtisadi münasibətlərdə əsas istiqamətlərdəndir.
Ötən il Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsi həcmi 180 milyon ABŞ dollarına yaxın olub.
Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə 90-dan çox Özbəkistan şirkəti qeydiyyatdan keçib.
Özbəkistanla birgə əməkdaşlığın uğurlu nümunələri var
Hacıqabul Sənaye Parkında birgə layihə çərçivəsində avtomobil istehsal edilir.
Azərbaycanda pambıqçılıq və ipəkçilik klasterlərinin yaradılması istiqamətində uğurlu işbirliyi davam etdirilir.
İkitərəfli əməkdaşlığın digər perspektivli sahəsi enerji sektorudur.
SOCAR və “Uzbekneftegaz” ASC Azərbaycan və Özbəkistanda neft yataqlarının birgə işlənməsi, neft-qaz sektorunda layihələrin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlıq edir.
Qırğızıstan məhsullarının Avropaya ixracı üçün ən əlverişli marşrut Azərbaycandan keçir
Hazırda ölkəmizdə 165 Qırğızıstan şirkəti fəaliyyət göstərir.
İndiyədək Azərbaycandan Qırğızıstana 204,3 milyon, Qırğızıstandan Azərbaycana isə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub.
Hər iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı üçün də geniş potensial var.
Qırğızıstanda əlvan metallar – mis, molibden, dəmir filizi, qızıl, civə, qurğuşun yataqları kömür ehtiyatları var.
Qızıl və civə ölkənin əsas ixracat məhsullarıdır.
Ölkədə ümumi daxili məhsulun əhəmiyyətli hissəsini kənd təsərrüfatı və turizm təşkil edir.
Qırğızıstanın hidroenerji potensialı böyükdür və iri sərmayələrin yatırılmasına ciddi ehtiyac var.
Ərzaq təhlükəsizliyinin qlobal miqyasda ən önəmli məsələlərdən birinə çevrildiyi indiki dövrdə bu əməkdaşlığın inkişaf etdirilməsi xüsusilə vacibdir.
Azərbaycan və Qırğızıstan Transxəzər nəqliyyat dəhlizi çərçivəsində uğurlu əməkdaşlıq edir.
Qırğızıstanın iqtisadi sektorunun flaqmanları olan toxuculuq sənayesi və kənd təsərrüfatının bu logistik marşruta böyük ehtiyacı var.
Qafqaz və Mərkəzi Asiyanı birləşdirən ən qısa yol Türkmənistandan keçir
Zəngin neft və qaz yataqlarına malik Türkmənistan bu ehtiyatların həcminə görə dünyada 4-cü yeri tutur.
Türkmənistanın əsas gəlirli sahəsi neft və qaz kompleksidir.
Ölkənin gəlirinin 60 faizi bu sahələrin payına düşür.
Ölkədə maşınqayırma sənayesi neft-qaz və kənd təsərrüfatına xidmət sahələrindən ibarətdir.
Bir çox xarici şirkətlər Türkmənistanda kimya zavodları müəssisələri yaratmaq marağındadır.
Türkmənistanın su, meşə və torpaq ehtiyatları azdır.
Türkmənistanda əkinçilik üçün yararlı torpaqların yarısından çoxu pambıqçılıqda istifadə olunur.
Ölkənin tranzit mövqeyi nəqliyyatın inkişafı üçün geniş imkanlar açır.
Karbohidrogen ehtiyatları ilə zəngin olan bu ölkə ilə Azərbaycan arasında əlaqələrin əsas hissəsini nəqliyyat-tranzit, logistika və enerji resurslarının daşınması sahələri təşkil edir.
Belə ki, Qafqaz və Mərkəzi Asiya regionlarını birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə bu iki ölkədən keçir.
Tacikistan da Orta Dəhlizə qoşulmaqda maraqlıdır
Azərbaycan və Tacikistan ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində, xüsusilə, Orta Dəhliz çərçivəsində ticarət və tranzit əlaqələrinin qurulmasında maraqlıdır.
Azərbaycanla Tacikistan arasında metallurgiya, kənd təsərrüfatı, energetika, yüngül sənaye, nəqliyyat, telekommunikasiya və maliyyə kimi sahələri əhatə edən çoxsaylı iqtisadi layihələr icra olunur.
Lakin ticarət sahəsində əməkdaşlıq çərçivəsində hələ də istifadə olunmamış potensial mövcuddur.
2023-cü ildə Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 6,1 milyon ABŞ dolları təşkil edib.
Halbuki, ölkələrin mövcud potensialı bu göstəricini bir neçə dəfə artırmağa imkan verir.
Ötən dövr ərzində Azərbaycandan Tacikistana əsasən ağ şəkər (saxaroza), reaktiv mühərriklər və digərləri üçün kerosin yanacağı, şokolad və ondan hazırlanan məmulatlar, şəkər və ya aromatik maddələr əlavə edilmiş sular, sürtgü yağları, pambıq yağı və onun fraksiyaları ixrac edilib.
Tacikistandan Azərbaycana əsasən bir sıra əlvan metal məhsulları idxal olunub.
Şübhəsiz ki, iki ölkə arasında potensial əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat sektorudur.
Yüksək səviyyəli danışıqlarda tez-tez logistika əlaqələrinin təkmilləşdirilməsi və Tacikistanın dəmir yolları və avtomobil yollarının Orta Dəhliz nəqliyyat şəbəkəsinə inteqrasiyasının vacibliyi vurğulanır.
Gələcəkdə Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisinin ixracı imkanları nəzərdən keçirilir.
Azərbaycan iri elektrik enerjisi istehsalçısı və ixracatçısı kimi öz ərazisindən elektrik enerjisinin tranziti üçün geniş imkanlar açır.
Ölkəmizdə iqtisadi fəallığın artırılması və əlverişli biznes mühitinin yaradılması üçün tətbiq edilən müxtəlif stimullaşdırma mexanizmləri, işğaldan azad edilmiş ərazilərin biznes potensialı, həyata keçirilən infrastruktur layihələri sahibkarlar üçün cəlbedici sayıla bilər.