Ana səhifə XəbərlərCəmiyyət Gündəm olan məktəb direktoru kimdir? – Görün nələr DANIŞDI… – FOTO/VİDEO

Gündəm olan məktəb direktoru kimdir? – Görün nələr DANIŞDI… – FOTO/VİDEO

admin

Bakı şəhər Xətai rayonu 86 nömrəli orta məktəbin direktoru Cavid Əliyevin məktəbdən ayrıldığı anların videosu sosial şəbəkələrdə günlərdir paylaşılır.

Direktorun 5 il çalışdığı təhsil müəssisəsindən alqış və gözyaşları ilə yola salınması böyük rəğbətlə qarşılanıb.

C.Əliyev viral olan görüntüləri ilə bağlı Ölkə.Az-a danışıb. O, saytımıza açıqlamasında yaşananların onun üçün də gözlənilməz olduğunu bildirib.

“Videoda gördükləriniz 86 nömrəli məktəbdə 5 illik fəaliyyətimin nəticəsidir. Gədəbəydə doğulsam da, Bakının Xətai rayonunda böyümüşəm. Lakin təyinatıma Gədəbəydə başlamışam. “Çalıquşu”ndakı kimi, sadəcə, kitabımı və pencəyimi götürüb “mən müəllim olacağam” deyib 500 km uzaqda olan kənddə coğrafiya müəllimi kimi işləməyə getmişəm. Orada 11 il işlədikdən sonra ayrıldım. Həmin məktəbdən də eyni cür yola salınmışdım.

Sonradan gəldim Pişəvəri adına gimnaziyada 6-7 il müəllim kimi işləyəndən sonra fikirləşdim ki, artıq direktor olmağın vaxtıdır. İmtahan verdikdən, müəyyən mərhələləri keçdikdən sonra 86 nömrəli məktəbə direktor təyin olundum.

Həmin video çəkilən gün 86 nömrəli məktəbdə məni 221 nömrəli məktəbə təqdimetmə mərasimim idi. Tədbirdə icra hakimiyyətinin və təhsil idarəsinin əməkdaşları da iştirak edirdi.

Akt zalından çıxanda gördüm ki, bütün uşaqlar cərgəyə düzülüblər. Dedim yəqin, idman dərsinə gedirlər, sonra bildim ki, elə deyil. İnanın ki, bunu gözləmirdim. Gözlərim doldu. Bir müəllim üçün valideynlərin, müəllimlərin, uşaqların sevgisini qazanmaq məvacibdən daha vacibdir. Bilməzdim ki, mənim o uşaqlar üçün elədiyim bir damla su mən çıxandan sonra böyük bir ümmana, daşqına, dənizə çevrilər. Şükürlər olsun ki, bu 5 ildə həmin sevgini qazana bilmişəm.

Siz inanın ki, mən o videoya tam baxa bilməmişəm, hər dəfə baxanda kövrəlirəm.

Elə bilirəm ki orada bir xəzinə, dünya qoyub gəlmişəm. İnşallah, indi gəldiyim 221 nöməli məktəbi də o vəziyyətə gətirəcəyəm”.

C.Əliyev hesab edir ki, məktəb direktoru olmaq fabrik, zavod və s. müəssisələrdə direktor olmaqdan çox fərqlidir:

“Biz direktorlar digər sahələrdən fərqli olaraq 3 sahədə işləyirik: müəllim, valideyn və şagirdlərlə. Müəllimlərin yanında olmalıyıq, valideynlərin məmnunluğunu qorumalıyıq. Əsas məsələ isə şagirdlərdir. Onları həvələsləndirməli, motivasiya verməlisən, uğuruna sevinməlisən. Məsələn, hədiyyə verməlisən.

Yəni şagird görməlidir ki, biz ona şəxsiyyət kimi yanaşa bilirik və şagird üçün əlçatanıq. Şagird direktorun otağında çəkinmədən öz sözünü deyə bilməlidir”.

Xətai rayon 86 nömrəli məktəbin keçmiş direktoru burada çalışdığı 5 ildə əldə olunan nailiyyətlərdən də söz açıb:
“Xətai rayonunda yerləşən 37 məktəb arasında 6-cı yerdə, Bakı şəhəri üzrə təhsil idarəsinə tabe olan 320 məktəb arasında isə 29-cu yerdə idik. Mən həmin məktəbi götürəndə nəticələr çox geridə idi. Yəni təkcə uşaqların sevgisini qazanmamışıq, göstəricilərimiz də yaxşı olub. 86 nömrəli məktəb ərazidə brendə çevrilmişdi. 800  nəfərlik məktəbdə indi 2100-dən çox şagird təhsil alır. Bu da onu göstərir ki, biz düzgün yoldayıq. Bu dəqiqə valideyn istəyir ki, övladı sağlam, təhlükəsiz psixoloji mühitdə böyüsün və biz o mühiti yaratmışdıq. Davamiyyətim hər zaman 80+ olub. Mən onlarla təkcə parta arxasında məşğul olmamışam. Məsələn, koridorda onlar üçün öz vəsaitim hesabına kinoteatr düzəltmişdim. Asudə vaxtlarda onlara kino izlədirdim. Pandemiya dövründə kollektivimizdə heç bir itki olmadı.
Müharibə dövründə 4 dəfə cəbhəyə yardım elədik. Bunun üçün bir kəlməm bəs idi. Özüm şəxsən cəbhəyə gedib yardımları aparmışdım. Göndərmədim ki, birdən yolda nəsə itər. Hamı da gördü ki, yığılan ianələr yerinə çatıb.
Bakı şəhəri üzrə şahmat yarışında birinci yerə çıxmışıq. Özüm 2011-ci ildə “ilin” müəllimi” seçilmişəm.
O uşaqları gözüyaşlı buraxıb gəldim. Valideyn, müəllim və şagirdlər hələ də deyirlər ki, müəllim, geri qayıt. Söz yox ki, 221 nömrəli məktəbə gəlmişəmsə, burada da işləyəcəyəm. Sadəcə oradakı müəyyən layihələrim yarımçıq qaldı”.

C.Əliyevlə bağlı diqqətçəkən daha bir məqam isə qızının ötən gün fəaliyyətə başlayan Qarabağ Universitetində təhsil almasıdır.

“Ayın 20-də cənab Prezidentimiz Xankəndi şəhərində Qarabağ Universitetinin açılışında oldu. Qızım da Qarabağ Universitetiin Beynəlxalq ticarət və logistika fakültəsində təhsil almağa başlayıb. Fakültəsini də elə seçmişik ki, Zəngəzura gedən yolda onun fəaliyyəti özünü göstərəcək. Məqsədimiz Azərbaycana qulluq etməkdir”, – deyə o söyləyib.

Billurə Yunus

 

 

 

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00