Astanada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qazaxıstanın Milli Akademik Kitabxanasında qazax dilində “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” mövzusunda ədəbi-poetik məclis təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları bu mühüm hadisə ilə bağlı öz fikirlərini bölüşüblər.
Filologiya elmləri doktoru Sauytbek Abdrahmanov qeyd edib ki, qazaxları qardaş Azərbaycan xalqı ilə çox tellər bağlayır. “Böyük şairimiz Abay Kunanbayevin gənclik şeirində o, böyük şairlərə baş əydiyini və onlardan xeyir-dua istədiyini söyləyirdi. İlk olaraq məhz Füzulinin adını çəkməsi çox şey deyir və bu, əlavə şərhə ehtiyac duymur”, – deyə alim qeyd edib.
S.Abdrahmanov çıxışını bu sözlərlə yekunlaşdırıb: “Azərbaycan tərəfinə, bu tədbirin təşkilatçılarına çox minnətdarıq və qardaş Azərbaycan xalqına rifah və inkişaf arzulayırıq”.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov bildirib ki, Qazaxıstan və Azərbaycan arasında mədəniyyət sahəsində böyük əlaqələr mövcuddur və çox sayda layihələr həyata keçirilir.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Sərəncamı ilə bu il Məhəmməd Füzulinin 530 illiyi qeyd olunur. “Astanada keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən qazax dilində Füzulinin qəzəlləri və qəsidələrindən ibarət kitabın təqdimatı keçirilib və ədəbi-bədii məclis aparılıb”, – deyə o bildirib.
Vurğulayıb ki, bu tədbir Azərbaycan ədəbiyyatının təntənəsi olacaq və Azərbaycan-Qazax ədəbi əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin sözlərinə görə, tədbirdə Azərbaycandan gələn ziyalılar və Füzuli tədqiqatçıları da iştirak ediblər. “Füzuli qəzəllərinin mütəmadi olaraq qardaş türk dillərində, o cümlədən qazax dilində nəşr olunması mədəni əlaqələrə və qardaşlıq münasibətlərinə müsbət təsir göstərir. Klassik irs həmişə öz aktuallığını saxlayır və milli-mənəvi dəyərlərdən biridir”, – deyə İ.Fəhmi əlavə edib.
O hesab edib ki, kitab qazax oxucuları tərəfindən maraqla qarşılanacaq.