ABŞ Ticarət Nazirliyinin Rusiya və Çin mənşəli proqram təminatının Amerika yollarında avtomobillərdə istifadəsinə qadağa qoyması qlobal təchizat zəncirlərinə zərər verəcək.
Bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian deyib.
Lin Jian bildirib ki, Pekin Vaşinqtonu milli təhlükəsizlik bəhanəsi ilə digər ölkələrin müəssisələrinin sıxışdırılmasını dayandırmağa və açıq, şəffaf və ayrı-seçkiliyə yol verməyən biznes mühiti yaratmağa çağırır.
Birləşmiş Ştatların Ticarət Departamenti daha əvvəl milli təhlükəsizlik baxımından Amerika magistrallarında internetə qoşulan avtomobillərdə Rusiya və Çin proqram təminatı və avadanlıqlarının istifadəsini qadağan etmək niyyətində olduğunu açıqlayıb. Təklif 2027-ci ildən proqram təminatına qadağa tətbiq edəcək, texniki təminat qadağası isə 2029-cu ilin yanvarından qüvvəyə minəcək. Qaydalar kənd təsərrüfatı və dağ-mədən avadanlıqlarına şamil edilməyəcək. Qərar 2025-ci il yanvarın 20-dək yekunlaşacaq. Mütəxəssislər artıq avtomobildə texniki və proqram təminatının dəyişdirilməsinin müəyyən vaxt aparacağını bildiriblər.