Sayman Aruz: “Bizim dərimiz də bizsizdir, paltarımız da bizsizdir, təfəkkürümüz də bizsizdir, vətənimiz də bizsizdir. Biz tamam başqa bir yerdə qərib qalmışıq.”
“Olaylar”ın AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi fil.f.d., dosent Elnarə Qaragözovanın moderatorluğu ilə “Ədəbiyyat söhbətləri” layihəsinin qonağı şair, yazıçı, AYB Güney Azərbaycan Şöbəsinin rəhbəri, AYB sədrinin müşaviri Sayman Aruzdur.
E.Q. – Sayman Aruz qələmini hər üç ədəbi növdə sınasa da, ədəbiyyata məhz şair kimi gəlib. Söhbətimizə elə ilk şeirinizin yazılma tarixçəsi ilə başlayaq.
S.A. – İlk şeirim bahar ilə bağlı idi. Deməli, məktəbdə bizə tapşırdılar ki, baharla bağlı bir inşa yazın. Mən də evə gəldim, həyətimizdəki bir gilas ağacı haqqında sərbəst şeir kimi bir inşa yazdım. Apardım, müəllim dedi ki, bu inşa deyil ki, bu şeirdir. Üçüncü sinifdə oxuyurdum. Yəni, gözümü açandan şeir ilə böyümüşəm. Hətta uşaqlıqdan ən böyük arzum olub ki, tanınmış bir yazıçı, şair olum. Bu uşaqlıq arzum gerçəkləşdi. Doğru deyirlər ki, insan hansı niyyəti edirsə, hansı niyyətə uyğun çalışırsa, ona da çatır. Amma bu arzularınız istedadınızın əsasında olsa daha yaxşı olur, daha səmərəli olur. Mən gözümü açandan bir xətt üzrə inkişaf eləmişəm. Yəni, uşaqkən şair idim, indi də şairəm.
E.Q. – Sizin nəsr əsərləriniz də var. Sayman Aruz üçün poeziya, yaxud nəsr janr olaraq nəyi ifadə edir? Hansında Sayman Aruz daha çox özü ola bilir?
S.A. – Təbii ki, mən şairəm və şeirlərim nəsrdən kəmiyyətcə daha üstündür. Amma belə hesab edirəm ki, şeir mənim, Mövlana demiş, daxili hisslərim və şəxsi arzularım, dərdlərim, sevinclərimdir. Amma nəsr mənim məsuliyyətimdir. Yəni, nəsrimdə cəmiyyətə qarşı özəl bir məsuliyyət də hiss edirəm. Poeziyada şair kimi, arif kimi çıxış edirəm, amma nəsrdə həm də bir filosof kimi, bir siyasətçi kimi mövqeyimi bildirirəm.
E.Q. – “Paltarlarım adamsızdır” – Sizin kitabınızın adıdır.
S.A. – Bilirsiniz, biz Cənubi Azərbaycanda elə bir qaranlıq və ziddiyyətli cəmiyyətdə böyüdük ki… Daşıdığın milli kimlik sənin deyil. Milli kimliyini də istəmirlər ki, öyrənəsən. Hətta geydiyin paltar da sənin deyil. Mən, məsələn, Cənubi Azərbaycanın ən milli şəhəri olan Sulduz şəhərində dünyaya gəlmişəm. Tanıyanlar bilir ki, Sulduz Azərbaycanın, həqiqətən, qapısıdır və qəhrəman şəhərdir. Amma təsəvvür edin ki, yadımdadır, orta məktəbi bitirəndə heç bilmirdim ki, babalarım hansı paltarları geyib. Bir gün bir toy məclisi idi, milli paltarımızı göstərdilər ki, bu milli paltarlar bizimdir. Dedim ki, bu milli paltar haradan gəldi, necə oldu? Dedilər ki, bu bizim milli paltarımızdır, biz bundan sonra istəyirik milli məsələləri yayaq, təbliğ edək. Düzdür, ondan qabaq biz ana dili və tariximiz üzərində çalışırdıq, amma milli paltarımızı tapa bilmirdik. Doğrudan da yox idi. Orada gördüm ki, doğrudan da o paltarlar adamsızdırlar. Yəni, bu gün bizim geydiyimiz paltarlar bizim deyil. Əsl paltarlarımızın, əsas paltarlarımızın içində biz yoxuq. O kitabın adı, bax, odur. Bizim dərimiz də bizsizdir, paltarımız da bizsizdir, təfəkkürümüz də bizsizdir, vətənimiz də bizsizdir. Biz tamam başqa bir yerdə qərib qalmışıq. Rəhmətlik Kərim Məşrutəçi var idi Cənub Azərbaycanda. Onun bir şeiri var, deyir ki, “bir gövərçin kimi dənsizləmişəm, bülbüləm, bağda çəmənsizləmişəm”. Öz diyarında vətənsiz olsan, paltarın da adamsız olur.
E.Q. – Sizin “Eləsinlər” şeirinizi çox bəyəndim. Şeirdə Babək, Yusif, Bülbül, Nuh kimi obrazları mifləşdirən, arxetipləşdirən həyat dönəmlərini bir cümlə ilə verirsiniz və növbəti cümlədə Sayman Aruz bir xəbərdar olaraq keçir, sanki bütün tarixi dönəmlərin öngörücüsü kimi çıxış edir. Bax, bu şeirdəki Sayman Aruzun obrazı mənə çox maraqlıdır. Yəni şeirinizdəki bu bədii üsul hansı missiyanı yerinə yetirir?
S.A. – Bilirsiniz, mən doğrudan da hər şeyin əvvəlini də bilirəm, sonrasını da. Vaxt var idi, saçımızı, saqqalımızı uzadıb xanəgəhlərdə səmazənlik edib setar çalardıq. Gözümü açandan Mövlanaya, Şəmsə yetmiş bir adam olmuşam. İndiki gördüyünüz Sayman əsl Sayman deyil, Saymanın özü deyil. Tamam fərqlidir, arada heç özüm-özümü tanımıram. Mən hara, bura hara, mən hardayan, nə edirəm?
E.Q. – Siz düşünürsünüz ki, sizin ruhunuz bu dövrə aid deyil?
S.A. – Yox, yox, Sayman ümumiyyətlə, indi bu gördüyünüz Sayman deyildi. Mənim ruhum tamam fərqli bir ruh idi. Və həyatın gerçəkləri məni elə bir vəziyyətə saldı ki… İndi hərdən küsürəm, hərdən özümə çəkilirəm. Çünki cəmiyyətdə gördüyüm bəzi mənfi xüsusiyyətlər mənim kimi adamlara daha çox təsir edir. Bəlkə cəmiyyət onu o qədər də vecinə almır. Amma mən ki, bu millətin kökünü özümdə daşıyıram, onun bəzi mənfi məqamlara vardığını görəndə yanıb yaxılıram.
E.Q. – Qloballaşmanın gətirdiyi fəsadlardır bu mənfi məqamlar.
S.A. – Qloballaşma mənim gözümdə sadəcə olaraq nadanlıqdır. Qloballaşmanın mənası yoxdur ki. Qloballaşmanın ancaq iqtisadiyyatda mənası var. Mənəviyyatda mənası yoxdur.
E.Q. – “Bir xalqın manifesti” romanı. Bu əsərdə nələri dediniz, nələri deyə bilmədiniz? Və Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri ilə bir bağ varmı?
S.A. – Bilirsiniz, bir gənc böyüdü və bir millətə çevrildi. Mən Mir Cəlal müəllimlə bağlı bir neçə veriliş hazırlamışam. Hər bir verilişdə də elə bu sözü başqa formada təkrar eləmişəm. Gənclər millətləşir, deyilmi? Bu gün Qarabağı həmin gənclərin hesabına azad etdik. Deməli, məhz gəncdir ki, milləti yaradır və yaxud milləti dağıdır. Mən deyirəm ki, ey Mir Cəlal müəllim, Bahar kimi o gənclərin biri də mən idim. Mən Bahar kimi üşüdüm, qorxdum, narahat oldum, təhlükəyə düşdüm, amma Bahar kimi həm də gül açdım. Mən itirmədim kökümü. Mən “Bir xalqın manifesti”ni ona görə yazdım. Gözümü açandan bu yolda vuruşub gəlmişəm, fars mənim qabağımı kəsə bilməyib, rus qabağımı kəsə bilməyib, amma öz millətim elə qabağımı kəsib ki… Milli manqurtlar daha təhlükəlidir. Öz millətimdən olanlar elə qabağımı kəsib ki, deyir yuxarı baxırsan bığdır, aşağı baxırsan saqqal. Nə doğrayıb, kəsib üstündən keçə bilirsən, nə də dözə bilirsən. Bayaq “Eləsinlər” şeirimdən danışdıq. Mən özümü yeri gəlmişkən Yusif kimi görürəm. Bax, dırnaqarası öz qardaşlarım məni quyulara atıblar. O quyulardan məni tanımadığım adamlar çıxarıblar. Mikayıl Müşfiqi, Əhməd bəy Ağaoğlunu, Firudin bəy Köçərlini manqurtlar məhv etmədimi?
E.Q. – Amma tarixin qalibi onlar oldular.
S.A. – Hə, ölüb gedəndən sonra qalib oldular. Və kimlərsə onların hekayətinin üzərində, həyat tərzininin üzərində gəlib pul qazanır. O da var. Amma rəhmətlik Qabilin də bir sözü var axı. Xalq şairimiz deyib ki, sağlığında qiymət verin insanlara.
E.Q. – Belə bir misranız var: “Şəhidə oxşayırlar gənclərimiz güləndə”. Yəni, gənclərimizin alınlarına yazılıb ki, siz bu Vətənin bütövlüyü missiyasını yerinə yetirməlisiniz.
S.A. – “Şəhidlərin qanı ilə lalə bitib Vətəndə, Şəhidə oxşayırlar gənclərimiz güləndə”. Bu şeir bizim gənclərimizin tariximizdəki roludur, yəni siz dediyiniz məqamdır, Qarabağ məqamıdır, Zəngəzur məqamıdır, Cənubi Azərbaycan məqamıdır.
E.Q. – Vətənin bütövlüyünün qorunması üçün biz gənclərimizi bütün yad təsirlərdən qorumalıyıq. Onları necə milli kökə sadiq böyütməklə yanaşı gəncliyin passionar enerjisindən necə düzgün istifadə edək?
S.A. – Milli dövlətimizi, milli cəmiyyətimizi yaratmışıq. Həmin o gənclərə, milli gənclərə, milli təfəkkürlü insanlara fürsət verək, gəlsin özünü göstərsin.
E.Q. – Siz həm də TV-də “Körpü” verilişinin aparıcısı və ideya müəllifisiniz. “Körpü” həm Cənubi Azərbaycanla Şimali Azərbaycan arasında, həm də nəsillər arasında körpüdür. Siz o veriliş vasitəsilə bir vətənpərvər, bir ziyalı kimi öz niyyətinizə nail ola bilirsinizmi? Yaratdığınız körpülər gələcəyimizə nə vəd edir?
S.A. – “Körpü” verilişi Azərbaycan teleməkanında böyük bir tarix yazdı. Çünki hələ tarixdə olmamışdı ki, Azərbaycan dövlət televiziyasında Cənubi Azərbaycan məsələsi bu qədər, hətta düşmənlərimizi şapalaqlayacaq dərəcədə qabardılsın. Xudafərin körpüsünün kənarından hazırlansın bir veriliş, bütün Azərbaycanın tanınmış şəxsiyyətləri, millət vəkilləri, akademikləri, yazıçıları, alimləri oraya aparılsın və oradan Cənubi Azərbaycanın haqq səsi dünyaya duyurulsun.
Bundan ciddi bir addım Azərbaycan tarixində olmayıb. Mümkün deyil. Heç bundan sonra da olmayacaq. Mən sizə bir detal deyim. Mən dövlət televiziyasında bu verilişi başlayanda, İran adını çəkəndə çox adam diksinirdi ki, birdən yanlışa yol verərəm, siyasi səhv olar. “Körpü”dən sonra açılışdılar, Cənubi Azərbaycanın milli varlığını qorumaq naminə fikirlərini cəsarətlə bildirməyə başladılar. Mən böyük bir meydan açdım cəmiyyətin qarşısında. “Körpü” böyük tabuları, mən deyərdim, parça-parça etdi.
E.Q.- Azərbaycan Milli Elmlər Akademiyasında Cənubi Azərbaycan ədəbiyyatı öyrənilir, tədqiqatlar aparılır, bu sahədə tanınmış alimlərimiz var. Amma mən o mühitin içindən gələn adamdan bəzi məqamları eşitmək, öyrənmək istəyirəm.
S.A. – Orada yazılı ədəbiyyat əski əlifbada yazıldığından bu tərəflə ədəbi əlaqə çox çətin alınır, bir-birini birbaşa oxumaqda problem yaranır. Və İranda əsərin çapı üçün gərək mütləq dövlət ona icazə versin, senzuradan keçsin.Senzuradan keçəndə də bütün milli düşüncələrin hamısı kənara atılır. Nəsr əsəri demək olar ki, tək-tükdür. Olan da anlaşılmaz bir haldadır. Ədəbiyyat əsasən şeir və aşıq ədəbiyyatı üzərində inkişaf edir. Şeir də axı tam olaraq ədəbiyyatın hamısı deyil. Keçmişdə bəli, nəsr yox idi, amma məsnəvi yazırdılar, qəsidə yazırdılar. Ancaq bu gün bu janrlar yoxdur, uzağı qəzəl janrında nümunələr var.
E.Q. – Mənim üçün bir ədəbiyyatşünas kimi Cənubi Azərbaycanın tarixi özündə qoruyan və yaşadan şifahi xalq ədəbiyyatı nümunələri maraqlıdır. Çünki, ədəbiyyat tarixi tərəfsiz şəkildə ən yaxşı qoruyan mənbədir.
S.A. – Orada aşıq ədəbiyyatı olduqca güclüdür.Yəni, tarixi aşıq ədəbiyyatı yaşadır. Cənubi Azərbaycanda aşıqlar da, nəqqallıq da var. Nəqqallıq əlahiddə bir sənətdir. Və ya ravilər olub, onlar məclislərə gəlirdilər, əhvalatlar, rəvayətlər, Babəkin Şah İsmayılın qəhrəmanlıqlarından danışırdılar. Hər hansı bir məkanda qadağalar çox olanda, insanlarda həmən qadağa olunan nəsnəyə tələbat daha da çox olur. Cənubi Azərbaycandakı qadağalar cəmiyyətdə bir dirəniş yaratdı. Hakimiyyət Babəkin, Şah İsmayılın əleyhinə danışdıqca, xalq Babəki, Şah İsmayılı bir az da çox sevdi. Cənubi Azərbaycanlılar monqolları da sevirlər. Çünki Türk sülaləsidir.
E.Q. – “Postmodern azadlıq” şeirinizi oxuyanda düşündüm ki, bu şeir elə bu günün dünyasını simvollaşdırır. Süni intellekt, texnologiya bizi öz arxasınca aparır, ancaq biz bilmirik ki, getdiyimiz tərəfdə nə var, bizi nə gözləyir.
S.A. – Əlbəttə. Beləcə, cəmiyyət məhv olur. Məsələn, din adı, din pərdəsi adı altında cəmiyyətin hər şeyini əlindən alırlar, bu dünyasını əlindən alırlar. Deyirlər, o dünyada daha böyük bir xoşbəxtliyə çatacaq. Və insanlar istər İranda, istər Azərbaycanda, istər Avropada, istər Amerikada fərqli formada o tələyə düşür. Birinin başına texnologiya oyun gətirir, birinin başına din, bir başqasının başına pul. Bilirsiniz, insan bədbəxtliyə adət etsə, öyrəşsə, onu öz xoşbəxtliyi biləcək. Vərdişlər insanın şəxsiyyətini formalaşdırır. Elə vərdişlər götürmək lazımdır ki, səni həqiqi azadlığa tərəf aparsın. Ona görə də irfan elmi olduqca vacibdir.
E.Q. – Sizin bununla bağlı bir kitabınız da var: “Praktik irfan nəzəriyyəsi”.
S.A. – Bu kitab insanın daxili hisslərinin praktik şəkildə onun xoşbəxt olmasına kömək etməsindən bəhs edir. İnsan reallıqdan kənara çıxa bilmir. Bütün xəyalları, röyaları elə bu dünyada aldığı informasiyaya əsaslanır. Amma bizi təsəvvüf və bu kimi dini xürafatla bu reallıqdan uzaqlaşdırıb təsəvvürdə və xəyalda yaşamamızı istəyirlər.Təsəvvür və xəyal isə narkotikdir. Dünyanı, iqtisadi sistemləri idarə edənlər pul vasitəsilə, texnologiya sayəsində insanları modern qula çevirir. Baxın, ağıllını texnologiya ilə, ağılsızı din ilə, nəfskarı da pulla əldə saxlayırlar. Və Şəms Təbrizinin gözəl bir sözü var. Deyir ki, dünyada iki aləm var: bir heyvanat aləmi, bir də insanların aləmi. Heyvanat aləmi bölünür milyard yerə. Lakin bir-birinə də qarışmırlar. Amma insanlar dünyasında bir növ var, amma hər cür növə – çaqqala, tülküyə, aslana və s. çevrilə bilir.
E.Q. – Qriboyedovun dediyi kimi “ağıldan bəla” məsələsi. Bəlkə də insanın bəlası elə şüurudur.
S.A. – Şüur – ərəb dilində məntiq deməkdir. Kimsə məntiqini itirəndə, deyirlər məcnundur. Məcnun ağlını, məntiqini itirmiş adamdır. Məsələn, Şəms Təbrizi, Mövlana, Nəsimi məcnundur, mən özüm də məcnunam. Mövlana məntiqə qarşı üsyan edir. Deyir, məntiq qədər insanı yanlışa aparan yoxdur. Cəmiyyət məntiqlə idarə olunur deyə yanlışdadır. İrfan ona kömək edəcək. Yəni, irfanda insan öz daxili keyfiyyətini, istedadını kəşf edir və onu praktikaya çevirir. Əlac budur. Belə olanda hər kəsin öz dünyası bəlli olacaq, başqasının dünyası ilə işi olmayacaq. Öz istedadını kəşf edən adam başqa istedadlıya paxıllıq edib ayağından çəkməz. Mən insanın öz unikallığını dərk etməsi üçün Nizaminin Azərbaycanda dilində şərhini yenidən verərdim, necə ki, Nəsiminin şərhini vermişəm. Nizami fövqəlinsan yaradan bir universitetdir. Onu cəmiyyətə aşılaya bilsək, bugünkü universitetlərin hamısını yığışdırmaq olar. Nizaminin irfanı insana kömək edir ki, qaşın işarələrini görsün, qaşı yox. Gözü görməsin, baxışı görsün, saçı görməsin, dalğasını görsün.İnsanı görməsin, insanın mahiyyətini anlasın. Mən niyə deyirəm, mən əvvəlki Sayman deyiləm? Mən, bilirsiniz, bütün istedadımı, vaxtımı ədəbiyyata sərf etsəydim, indikindən də böyük bir şair ola bilərdim. Amma mən parçalandım. Həm ədəbiyyatçıyam, həm siyasətçi, həm filosofam, həm dini tam dərinliyinə və Quranı tam dərinliyinə qədər bilən bir adamam. Mənim missiyam çox qəribə bir missiyadır və hələ davam edir. Amma baxırsan ki, bəzən kimlərinsə tərəfindən sənin Nəsimisayağı, Mövlanasayağı, Şəmssayağı, Köçərlisayağı, Ağaoğlu sayağı apardığın həqiqət uğrunda mübarizə mənasız görünür.
E.Q. – Hər kəsin öz missiyası var. Sizin missiyanız bəlkə elə gəldiyiniz məqama qədərdir. Ondan sonra estafet başqasına ötürüləcək. Bir də axı tale var.
S.A. – Siz bu nöqtədə yanılırsınız. Təbiətdə tale deyə bir şey yoxdur.
E.Q. – Siz taleyə inanmırsınız?
S.A. – Bilirsiniz tale nədir? İnsan, belə deyək, yaddaş çipləri kimi bir şeydir. Öz-özünü kodlaşdırır. İnsan bir yaşa qədər özü-özünü kodlaşdıra bilir. Ondan sonra özü də bilmədən öz kodlarının adamına çevrilir. Orada artıq özün özünə məhkum olursun.
E.Q. – O zaman biz gənclərimizi necə kodlaşdıraq ki, xalq olaraq daim var olaq, xoşbəxt yaşaya bilək? Bir yazıçı olaraq fikriniz maraqlıdır.
S.A. – Yox, mən fikrimi bir insan olaraq, bir vətəndaş olaraq deyirəm. İndiki dövrdə yazıçının əsərinin təsiri canlıda bir adamın 10 dəqiqəlik çıxışı qədər olmur. Yazıcı cəmiyyətdə təsirini anında göstərə bilmir. Yazıçıya gərək ən azından, əlli il fürsət, vaxt verəsən.
E.Q. – Yəni, ədəbiyyat gecikir deyirsiniz?
S.A. – Ədəbiyyat həmişə gecikir. Müasir dövrdə ədəbiyyat şouya çevrilməsə, o uduzacaq. Bu dəqiq belədir. Məsələn, Amerikada siyasət də şouya çevrildi ki, Tramp, Bayden və ya digəri qalib gələ bildi.
E.Q. – Bəs bu yeni reallıqda yeni ədəbiyyat necə olmalıdır? Axı ədəbiyyatı təmiz şouya da çevirə bilməzsən.
S.A. – Yox, təmiz şouya gedə bilməzsən, amma sən rahat-udumlu yollar axtarmalısan. Mən “Körpü”də o yolu tapmışdım, bütün milli məfkürəni bir verilişə çevirmişdim. Cənubi Azərbaycanda partiyalar var, azadlıq partiyaları. Onların hamısı “Körpü” qədər iş görə bilmədi bu 30 ildə. Çünki “Körpü” demədi, göstərdi.
E.Q. – Deməli, gəncləri. kodlaşdırmaq üçün biz şou ilə irfanı, fikri, ədəbiyyatı birləşdirməliyik.
S.A. – Birmənalı. Rahat udumlu olsun, rahatlokum kimi. Çünki cəmiyyət düşünməyə nifrət edir, düşünmək istəmir. Bilirsiniz, yalan cəmiyyətin əslində xoşuna gələn bir hadisədir.
E.Q. – O zaman ədəbiyyat da yalan deyilmi?
S.A. – Ədəbiyyat, bilirsiniz, əslində elə yalan danışır. Dinlər də yalandan yoğrulub. Bir dənə tarixi kitabda nə Musanın adı çəkilib, nə İsanın adı çəkilib, nə Məhəmmədin.Onlar hamısı dastandır, rəvayətdir.
E.Q. – Sizcə bu süni intellekt də bizə özünü Allah kimi təqdim etməyəcək?
S.A. – Birmənalı. Yəni, əslində, İslam elə süni intellektidir o dönəmin. Bütün dinlər süni intellektdir. Hakimiyyətlər düşünüb yeridiblər cəmiyyətə, beyinlərə.
E.Q.- “Yüz il inqilab” əsəriniz və onun ikinci hissəsi “Bizi öldürməyə gəlirlər”. Vermək istədiyiniz əsas mesaj nə idi?
S.A. – Qarabağ zəfərini qazandıq. Amma bu hələ son deyil. Bir az zəifləsək, güclü dövlətlər bizi özlərinə qatacaqlar. Zəifləri, balaca balıqları həmişə böyük balıq yeyir. Biz istəyiriksə ki, böyük balıqlar bizi yeməsin, gərək özümüz də böyük balıq olar. Başqa çarəmiz yoxdur. Bu bizim alnımızın yazısıdır. Bəli, əgər istəyirik ki, Azərbaycanda Azərbaycan milli kimliyi, yəni xalqımızın yaratdığı kimlik, dəyərlər qalsın, onda gərək doğrudan da böyüyək. Ona görə əsərimin ikinci hissəsinin adı belədir “Bizi öldürməyə gəlirlər”. Və orada indi danışdığım məsələlərin hamısını yazmışam. Baxın, mən həmişə deyirəm, Prezident bu qələbəni siyasi meydanda təkbaşına qazandı.Siz də bilirsiniz, mən də bilirəm ki, daxildə də, xaricdə də Prezidenti istəmirdilər, vururdular. Elə müharibəmizdən 2 ay qabaq Prezidentin əleyhinə Azərbaycanın məşhur saytlarının birində fars dilində bir yazı getmişdi. Mən onu deşifrə etdiyimə görə mənim üzərimə kütləvi hücumlar oldu.
E.Q. – Ən son hansı əsər üzərində işləmisiniz?
S.A. – Ən son kitabım Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlıdır. Dünyada bir çox fondlar var. Məndə belə bir sual yaranmışdı ki, axı bu fondlar nə ilə məşğuldurlar? Sülh fondu, xeyriyyə fondu, humanitar məsələlər fondu – hamısı belə gedir. Amma bunlar siyasi işlərlə məşğuldur. Amma Heydər Əliyev Fondu sırf xeyriyyə fondudur. Baxdım gördüm, doğrudan da Heydər Əliyev Fondu bir dənə də siyasi addım atmayıb. Məscid təmir edib, məktəb tikib, kilsə təmir edib, kitabxana tikib. Amma o biri fondların hamısının çalışmaları şərə hesablanıb. Mən özümə borc bildim ki, bu fondlarla Heydər Əliyev Fondunu müqayisəli təhlil edim.Və 400 səhifədən artıq bir kitab meydana gəldi. Adını da “Müqəddəs missiya” qoydum. Heydər Əliyev Azərbaycan tarixində pirdi, pir! Yəni can verdi bu ölü bədənə. Elə bir Nəimi idi, elə bir Şəms Təbrizi idi. Heydər Əliyev yaratdı bu ölkəni və onun adını daşıyan bir fond da ancaq yaradıcılıqla məşğul ola bilərdi. Mən gördüm ki, Heydər Əliyevin müqəddəs missiyası yalnız siyasi,iqtisadi, ictimai dünyalarda xülasə olunmur. Onun bir insansevərliyi, xeyriyyəçi tərəfi də var idi və Heydər Əliyev Fondu bunu icra etdi. Onun əsas müqəddəs missiyası bu idi. Və bu missiyanı kim icra etdi? O taylı-bu taylı Azərbaycanın övladı, Mehriban xanım Əliyeva. Onu elə bir adam eləyə bilərdi ki, həm o taylı, həm bu taylı azərbaycanlı olsun. O müqəddəs missiyanı da Mehriban xanım bu gün həyata keçirir.
E.Q. – Siz həm də Nəsimi irsinin araşdırıcısısınız. Niyə məhz Nəsimini öz ruhunuza yaxın bildiniz?
S.A. – Mənim Nəsimi ilə ruhi yaxınlığım var. Nəsiminin dərisini soydular yox, Nəsimi özü öz dərisini soydu. Nəsimi çox şey deyə bilərdi cəmiyyətə. Nəsimi mən deyərdim, milləti millətləşdirə bilər, dünyanı birləşdirə bilər…
E.Q.- Maraqlı müsahibə üçün təşəkkür edirəm.
S.A. – Mən təşəkkür edirəm.