Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi duracaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb.
Bu barədə agentliyin açıqlamasında bildirilir.
Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur.
Sakinlərin də müraciətləri nəzərə alınaraq artıq paytaxtın Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq, həmçinin minib-düşmə yerlərinin (drop off) təşkil edilməsi ilə bağlı təhlillər aparılıb və layihə hazırlanıb. Layihəyə əsasən, Tbilisi prospektində taksilərin dayana biləcəyi 6 məntəqə müəyyən edilib. Tezliklə işlərin icrasına başlanılacaq.