Biz Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndirir və bu tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərin gücləndirilməsini vacib hesab edirik.
Bu fikirlər Prezident İlham Əliyevin Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağının iştirakçılarına ünvanladığı təbrik məktubunda yer alıb.
Transsərhəd cinayətkarlığının yeni forma və təzahürlərinin, o cümlədən kibercinayətkarlığın yeni növlərinin meydana gəlməsi, sosial media platformaları, süni intellektin yaratdığı imkanlardan cinayətkarlıq, terrorizm məqsədilə istifadə edilməsi prokurorluq orqanlarının qarşısında yeni və mürəkkəb çağırışlar qoyur. Eyni zamanda, dünyada etnik-dini zəmində artmaqda olan nifrət və irqçilik meyilləri hamımızı narahat edir.
Əminəm ki, “Qanunun aliliyinin təmin edilməsində prokurorun rolu” mövzusuna həsr olunmuş dördgünlük konfrans ortaq məqsədlərə töhfə verəcək və daha böyük əməkdaşlığa yol açacaqdır”, – deyə məktubda qeyd edilib.