Boşanmış ailələrin uşaqları satılırdı – Qəddar qanunun şahidi DANIŞDI

İsveçrə dedikdə ağlımıza ilk olaraq demokratiya, müasirlik, hüquqlar ölkəsi və Alp dağları gəlir.

Bəs, bu “qüsursuz” İsveçrə həmişə belə güllük-gülüstanlıqmı olub?

Əlbəttə, xeyr. Çox qədimə getmək lazım deyil. Elə 20-ci əsrin 70-ci illərinə nəzər salsaq, kifayət edər. Bəşəriyyətdə ən ağır cinayət uşaqlara qarşı edilən zorakılıqlardır. Təəssüf ki, bu cinayətlər bu gün də davam edir və dünyanın bunu dayandırmaq fikri yoxdur.

Ölkə.az musavat.com-a istinadən xəbər verir ki, İsveçrədə uşaq əməyindən həmişə istifadə olunub. Bu, ən az xərc tələb edən əmək hesab olunub.

1879-cu ildə ölkədə 14 yaşına çatmayan uşaqların əkin sahələrində işlədilməsi qadağan olunur. Bu qanunu xalqa və dünyaya uşaqlara olan sevgi, qayğı olaraq “yamamağa” çalışırlar. Çünki bəhs olunan dövrlər yeni kəşf olunan qitələrdə köləlik, irqçilik geniş vüsət almışdı. İsveçrəli ailələr qəbul olunan qanunu böyük sevinclə qarşılayırlar və kasıb ailələr artıq onların da övladlarının təhsil ala biləcəyini düşünürlər. Amma çox hiyləgər və məkrli bir qərar olduğunu hələ anlamırdılar. Əkin sahələrində işləmək yeni qanunun gətirdiyi fəlakətlərin qarşısında böyük xoşbəxtlik kimi görünəcəkdi…

Yeni tənzimləmə ilə boşanmış və yoxsul ailələrin övladları, yetimlər, ailəsi həbsdə olan və ya cinayət törətmiş uşaqlar kilsə vasitəsilə işləmək üçün başqa ailələrə verilməyə başlandı. Ət dırnaqdan ayrılan kimi bu günahsız uşaqlar zorla ailələrindən, əzizlərindən qoparılıb, tanımadıqları şəhərlərə, tanımadıqları insanların yanına göndərildi.

Verdingkinder (ayaqyalın uşaqlar) adlanan bu uşaqlar kilsələrin təşkil etdiyi satışlarla varlı təsərrüfat sahiblərinə satılırdı.

Dövlət isə həyasızcasına bu uşaqları “xilas edilmiş” uşaqlar adlandırırdı. Cinayət törətmiş, kasıb, bir sözlə, pis ailələrdən “xilas edilən” uşaqların ortaq xüsusiyyətləri isə həmişə ayaqyalın olmaları idi. Nəzərə alsaq ki, İsveçrə nisbətən soyuq ölkədir və bu uşaqlar ağır işlərdə işlədilirdi, təkcə ayaqyalın olmaq minlərlə xəstəlik və xəsarətə səbəb olurdu.

Verdingkinderlərin məktəb və təhsil hüququ tamamilə əllərindən alınmışdı. Demək olar ki, daim ac saxlanılırdılar. Ömürlük ailəsindən, əzizlərindən qoparılan bu uşaqlar yad evlərdə psixoloji və fiziki, cinsi zorakılığa məruz qalırdılar. Qısa müddət sonra hamsının psixologiyası və mənəvi-fiziki sağlamlığı tamamilə tənəzzül etməyə başladı. Xəstəlik zamanı əsla həkim müayinəsi görməzdilər və müalicə almazdılar.

Daha dəhşətlisi isə əhalinin bu vəziyyəti çox normal qarşılaması idi. Gözlərinin önündə minlərlə uşağın həyatının məhv olunmasına biganə yanaşırdılar.

Dövlətin “xilas etdiyi” uşaqların əməyindən sənayenin bütün sahələrində istifadə olunurdu. Elə müəssisələr var idi ki, orada işləyənlərin əksəriyyəti verdingkinderlər təşkil edirdi. Dövlət bu işə təsadüfən kilsəni cəlb etməmişdi. Kilsənin xalq üzərində böyük təsiri var idi və bu rüsvayçı qərarı lazım olan kimi “bəzəyib-düzəyirdi”.

Təxminən 100 il qüvvədə olan qərar dövlətin büdcəsinə xeyli gəlir gətirdi və təkcə 1920-1970-ci illərdə təxminən 300 min uşağın həyatını məhv etdi.

1974-cü ildə İsveçrə qərarın səhv olduğunu “anlayır”. Federal hökumət həyatda olan verdingkinderlərdən üzr istəyir və onlara təzminat ödənilməsinə qərar verir.

Qurbanlardan təxminən 10 mini həyatdadır. Onlardan biri 70 yaşlı Volter Stekdir.

Bədəninin bütün əzalarında o illərin izlərini daşıyan qurban ona təklif olunan 20 min frankdan imtina edib.

Onun sözlərinə görə, çəkdiyi fiziki-mənəvi ağrıları heç nə ilə kompensasiya etmək olmaz.

Müsahibələrin birində Stek deyib ki, “Çox adam başımıza gətirilənləri bilirdi, amma bu, heç kimə maraqlı deyildi. Heç kim dediklərimizə inanmırdı”.

 

 

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Kreml: Vəziyyət çox gərgindir

Ağ Evdən Harrislə bağlı AÇIQLAMA