Türk və digər xarici dillərdə “I” hərfi ilə başlayan xüsusi isimlərin Azərbaycan dilində necə yazılması müzakirə olunan məsələlər arasındadır. Azərbaycan dilində “I” hərfi ilə başlayan söz olmadığı üçün “Irmak”, “Kim Çen In” kimi xüsusi isimlərin yazılması bəzən qarışıqlıq yaradır. Mətbuatda bu adlar bəzən “İ” hərfi ilə yazılır, digər hallarda olduğu kimi saxlanılır.
Mövzu ilə bağlı tanınçış dilçilər Möhsün Nağısoylu və Elçin İbrahimovla əlaqə saxlayıb.
Möhsün Nağısoylu bildirib ki, dilimizdə “I” hərfi ilə başlayan türk yaxud xarici mənşəyə malik sözlər “İ” ilə əvəz olunur: “Bu, bir qayda olaraq belədir. Müasir dilimizdə belə “I” hərfi ilə başlayan söz yoxdur. Mənim fikrimcə, xüsusi şəxs və yer adları olduğu kimi saxlanmalıdır. Çünki bu sözlərin çoxu qədimdən mövcud olan isimlərdir”.
Elçin İbrahimov isə qeyd edib ki, burada problem yalnız “I” və “İ” məsələsi ilə bağlı deyil:
“Dilimizdə türk mənşəli çox adlar dəyişdirilir. Buraya şəxs adları, yer adları və digərləri daxildir. Əgər digər adları dilimizə uyğunlaşdırırıqsa, niyə “I” hərfi ilə başlayanları da uyğunlaşdırmayaq?! Mənim şəxsi fikrimə qalsa, bütün xüsusi isimlər olduğu kimi saxlansa, yaxşı olar. Dövlət başçılarının, məmurların, ictimai şəxslərin, eləcə də yer adlarının dilimizə uyğun olması üçün orijinal formasından fərqli şəkildə yazılmasını doğru qəbul etmirəm”.