Vaşinqton Azərbaycanın İranla qonşu olması faktını nəzərə alır, həm Avropanın qaz təminatında rolunu dəyərləndirir, həm də yerləşdiyi coğrafiyanın siyasi mürəkkəbliyini qəbul edir
Bir qrup ABŞ qanunvericisinin Azərbaycandakı insan haqlarının vəziyyətini tənqid edən və dövlət katibi Entoni Blinkenə “bütün siyasi məhbusların, etnik ermənilər də daxil olmaqla, girovların və hərbi əsirlərin, dərhal və qeyd-şərtsiz azad edilməsi üçün təzyiq göstərməyə” çağıran məktubundan sonra Bakı ilə Vaşinqton arasında gərginlik daha da artıb.
Prezident İlham Əliyev Cəbrayılda bu barədə danışandan sonra oktyabrın 8-də Moskvada “Rossiya-1″ televiziya kanalına müsahibəsində də bu mövzuya toxundu, Amerikanın Azərbaycana qarşı sanksiyaları siyasətinə münasibət bildirib. Dövlət başçısı deyib ki, bu cür siyasətin heç bir perspektivi yoxdur, Azərbaycan istənilən sanksiyalara qarşıdır: “Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil”.
“Yeni Müsavat” yada salır ki, Milli Məclisin 43 deputatı da xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək, Amerika Birləşmiş Ştatları ilə münasibətlərə yenidən baxılması və müdafiə sahəsində əməkdaşlığa dair sazişlərə xitam verilməsini istəyiblər. Bir neçə günlük susqunluqdan sonra Dövlət Departamentinin sözçüsü “Turan”ın Vaşinqton müxbirinin bu barədə sualını cavablandırıb. “Birləşmiş Ştatlar Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirir. COP29-un uğurlu olmasına və ortaq iqlim və enerji məqsədlərinə nail olunmasına kömək etmək üçün Azərbaycanla əməkdaşlığımız bir nümunədir”, – sözçüsü deyib. “Birləşmiş Ştatlar həmçinin Cənubi Qafqaz xalqları üçün sülh və firavan gələcək həyat üçün Ermənistan və Azərbaycan arasında ləyaqətli və davamlı sülhün əldə edilməsi səylərini dəstəkləməyə sadiqdir”, – sözçü yekunlaşdırıb.
Bu gərginlik fonunda ABŞ prezidenti Cozef Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestan Bakıya səfərə gəlib. Məqsəd iqlim dəyişikliyi ilə mübarizədə Bakıdakı tədbirdə iştirak etməkdir. Dövlət Departamentinin mövqeyi isə onu göstərir ki, Bakının ABŞ-la bağlı haqlı etirazlarına deməyə sözləri yoxdur. Azərbaycan Vaşinqtona müxtəlif kanallarla çatdırmağa çalışıb ki, ABŞ-dan olan davranışlar adekvat reaksiya ilə qarşılanacaq, təzyiq dili ilə Azərbaycanla danışıb nəticəyə nail olmaq mümkün deyil. İndiki geosiyasi vəziyyəti nəzərə alsaq, bəllidir ki, Azərbaycan, onun geopolitik yeri ABŞ üçün böyük rol oynayır. Diplomatik kanallara yaxın mənbə istisna etməyib ki, yaxın günlərdə ABŞ-dan Bakıya daha mötəbər heyət gələ bilər. Bəzi ekspertlərə görə, Vaşinqtonun Cənubi Qafqaz siyasəti ABŞ-da keçiriləcək prezident seçkisindən sonra daha aydın olacaq.
Qabil Hüseynli
Bu mövzuda son hadisələri “Yeni Müsavat”a şərh edən professor Qabil Hüseynlinin bildirdiyinə görə, zaman-zaman münasibətlərdə gərginlik də, soyuqluq da olub. Onun proqnozu ondan ibarətdir ki, noyabrdan sonra əlaqələr yenidən normallaşacaq: “Bunun bir səbəbi yeni administrasiya olacaqsa, digər səbəbi noyabrın 25-də COP29 konfrasının baş çatmasıdır. Qətərdə də bu konfrans keçiriləndə bu ölkəyə qarşı ittihamlar səslənirdi, kampaniya aparılırdı. O baxımdan ABŞ-ın Cənubi Qafqazda strateji tərəfdaşı olan Azərbaycanla münasibətləri pisləşdirmək istəyi yoxdur, sadəcə, mövsümi təzyiqlərdir. Birləşmiş Ştatlar xüsusən də xunta rejiminin həbsdə olan liderləri ilə bağlı Azərbaycanın üzərinə gələ bilməz. Bu, absurd bir tələbdir. ABŞ Quantanamo həbsxanasında olan terrorçularla bağlı məsələ qaldırsaq, buna necə qiymət verər? Biz də Qarabağda 30 il mövcud olmuş və mərkəzə qarşı çıxmış silahlı, terrorçu rejimi məhv etmişik, liderlərini tutmuşuq. Fikrimcə, ABŞ Azərbaycanı itirmək istəməz və bu, Rusiya ilə yaxınlaşmanı daha da sürətləndirər”.
Q.Hüseynli güman edir ki, Vaşinqton Bakının həm İranla qonşu olması faktını nəzərə alır, həm Avropanın qaz təminatında rolunu dəyərləndirir, həm də yerləşdiyi coğrafiyanın siyasi mürəkkəbliyini qəbul edir: “O nöqteyi-nəzərdən noyabrdan sonra əlaqələrin indikindən yaxşı olacağını gözləyirəm. ABŞ COP29 konfransını da diqqətdən qaçıra bilməz və səslənən tənqidləri mövsümi siyasi bazarlığa çevirməməlidir. Bu, qarayaxmaya və çirkin böhtana oxşayır. Hər halda, Vaşinqton Bakı ilə münasibətlərə yenidən baxmalıdır. İstər Harris, istərsə Tramp qalib olsun, Azərbaycanla işləməyə məcburdur”.
Aqşin Kərimov
Siyasi icmalçı Aqşin Kərimovun müşahidələrinə görə, Konqresin Ermənistan üzrə qrupu Azərbaycan-ABŞ arasında əlaqələri zədələmək üçün çalışır və rəsmi Vaşinqtonda bu mövqeni Bakıya qarşı istifadə etmək cəhdləri aşkar şəkildə görünür: “ABŞ-ın Azərbaycana təzyiqləri onun Bakı-İrəvan sülh proqramında uyğun nöqtələr taparaq Rusiyaya qarşı strateji imkanları genişlətmək məqsədlərinin bir hissəsidir. Bu baxımdan Konqresin Erməni Problemləri Qrupu Vaşinqtonun əlində Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsinə təzyiq rıçaqına çevrilib. Konqresmenlərin erməni qrupuna dəstək məqsədilə fəaliyyətlərinin isə iki əsas hədəfi var: Birincisi, Konqresin Ermənistan Qrupu ABŞ-Ermənistan münasibətlərinin saxlanması və möhkəmləndirilməsinə həsr olunmuş qeyri-rəsmi qrupdur. Bu qrup indi öz fəaliyyətini davamlı etmək üçün müxtəlif vasitələr axtarır, çünki Azərbaycanın İrəvan üzərində hərtərəfli qələbəsindən sonra həmin qrupun da statusu kölgə altına düşür”.
Təhlilçi hesab edir ki, ikincisi, ABŞ Dövlət Departamenti hakimiyyətin icraedici qanadını təmsil etsə də, o, Azərbaycan-ABŞ münasibətlərinin normalarının Konqres tərəfindən müəyyən edilə biləcəyi görüntülərini yaradır: “Bu mənada konqresmenlərlə Dövlət Departamentinin koordinasiyalı fəaliyyət göstərdiyi şübhə doğurmamalıdır. Yəni nəticə olaraq Vaşinqton erməni qrupu üzərindən xarici siyasət üzrə fəaliyyətinin Azərbaycan vektorunu kritik bir məqam kimi istifadəyə çalışır. Lakin ABŞ Administrasiyasında Azərbaycanın Mərkəzi Asiyaya keçiddə mühüm rol oynadığını başa düşən beyinlər də mövcuddur. Bu, ABŞ-ın Azərbaycanla münasibətlərdə nəyin işlədiyini düşünmək və əlaqələri Bakının irəli sürdüyü strateji təşəbbüslərə uyğunlaşdırmaq şansları verir. Vaşinqton bundan sonra Azərbaycanla əlaqələrdəki strateji tərəfdaşlıq və energetika sahəsindəki dərinlikləri və genişliyi vurğulayan siyasi xətti yürütməlidir. Əks təqdirdə, Azərbaycan ABŞ-la münasibətlərin rəsmi şəkildə yenidən nəzərdən keçirilməsini özündə birləşdirən addımlar atmaq hüququndan istifadə edəcək”.