Ukraynanın baş prokuroru Andrey Kostin Braziliya hakimiyyətinə müraciət edib ki, Rusiya prezidenti Vladimir Putin Rio-de-Janeyroda keçiriləcək G20 sammitində iştirak edəcəyi təqdirdə onu həbs etsinlər.
B bu barədə “Reuters”in məlumatında bildirilib.
Andrey Kostin agentliyə müsahibəsində “Bir daha qeyd etmək istərdim ki, Braziliya hakimiyyəti “Roma statutu”na üzv olan dövlət kimi, Putin ora gəlməyə cəsarət edərsə, onu həbs etməyə borcludur”.
Baş prokuror Putinin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq ictimaiyyətin birləşməsinin vacibliyini vurğulayıb.
Putinin G20 sammitində mümkün iştirakı ilə bağlı məlumat Ukrayna baş prokurorunun reaksiyasına səbəb olub. O, hesab edir ki, Braziliya “Roma statute” və Beynəlxalq Cinayət Məhkəməsi üzrə öhdəliklərini yerinə yetirməlidir.
Ukrayna daha əvvəl Monqolustan və Türkmənistana da Vladimir Putinin həbsi tələbi ilə müraciət edib. Amma həmin müraciətlərə məhəl qoyulmayıb və Putin həmin ölkələrə səfər edib.
Kreml dəfələrlə bəyan edib ki, Moskva Rusiya prezidentinin həbsi ilə bağlı Beynəlxalq Məhkəmənin qərarını heç nə hesab edir.
Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək G20 sammiti 18-19 noyabr tarixlərinə planlaşdırılıb.