Dünya üçün “X günü”- sosial şəbəkənin sonu?

İlon Maskı hüquqi aspektdə cəzalandırmaq asan olmaya bilər, amma texniki baxımdan bu mümkündür

“Megaupload” və “Mega fayl” hostinq xidmətlərinin təsisçisi, alman əsilli fin sahibkar Kim Şmits hesab edir ki, amerikalı milyarder İlon Maska məxsus X sosial şəbəkəsi Kamala Harrisin prezident seçkilərində qalib gələcəyi təqdirdə fəaliyyətini dayandıracaq.

O, sosial media səhifəsində yazıb: “Harris qalib gəlsə, X öləcək”.

Qeyd edək ki, İlon Mask ölkədə davam edən seçki kampaniyasının qızğın dövründə gözlənilməz bəyanat verib. Sahibkar Donald Trampa dəstəyin hələ təmin edilmədiyi ştatlardan Respublikaçılar Partiyasının namizədinə səs verən hər kəsə 100 dollar ödəməyə hazırdır.

Maskdan pul mükafatı almaq üçün seçicilər respublikaçıların seçki proqramının əsas bəndlərini əks etdirən “Söz azadlığı və silah daşıma hüququ haqqında” petisiyaya imza atmalıdırlar. Tramp kampaniyasının məqsədi bu sənəd altında potensial tərəfdarların 1 milyon imzasını toplamaqdır.

İlon Maskın qurulmasına yardım etdiyi siyasi fəaliyyət komitəsi də son həftələrdə Donald Trampı dəstəkləmək üçün xərcləri artıraraq, ilk növbədə tərəddüd edən ştatlara milyonlarla dollar xərcləyib. Bunun üçün komitə ABŞ-ın əsasən tərəddüd edən ştatlarına milyonlarla dollar xərcləyib.

Daha əvvəl Mask bildirmişdi ki, o, meritokratiyanı (sosial mənşəyindən və maliyyə sərvətindən asılı olmayaraq rəhbər vəzifələrdə ən bacarıqlı şəxslərin tutduğu idarəetmə prinsipi) və şəxsi azadlığı müdafiə edən namizədləri dəstəkləmək məqsədi daşıyan siyasi fəaliyyət komitəsi yaradıb. Bununla yanaşı, sahibkar ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyasına dəstək məqsədilə ayda 45 milyon dollar ayırmağı planlaşdırdığı barədə məlumatları təkzib edib. Siyasi fəaliyyət komitəsi avqustun ortalarında, yay aylarındakı sükut dövrü bitəndən bəri təxminən 33 milyon dollar xərcləyib. Komitə Demokrat namizəd Kamala Harrisi “radikal” adlandıran və Trampı sərhədi qoruyacaq namizəd kimi təsvir edən məktublar göndərib. Komitə son günlər tərəddüd edən ştatları hədəf alaraq onlayn reklam xərclərini də artırıb. Mask daha əvvəl bildirib ki, onun əsas məqsədi sözügedən ştatlarda Trampa səs verməyə daha çox seçici cəlb etməkdir.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Demokratlar Partiyasını hazırkı vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edəcək. Harris hakimiyyətə gəlsə, bu iddialar nə qədər doğrudur?

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu deyir ki, Kamala Harris hakimiyyətə gələrsə, İlon Maska problem yaratmayacaq:  “İlon Mask sıradan bir iş adamı deyil, iri layihələri var.  Amerika üçün böyük vergi ödəyicisidir. Eyni zamanda ABŞ-da prezident bütün məsələləri həll edə bilməz. Kiminsə fəaliyyətini məhdudlaşdırmaq təkcə prezidentin verə biləcəyi qərar deyil. Ən azından ABŞ-ın məhkəmə sistemi buna imkan verməz. Ona görə də hesab edirəm ki, Kamala Harrisin İlon Maskdan xoşu gəlməsə də, prezident seçilsə, onun biznes layihələrinə mane ola bilməyəcək.

İlon Maskın layihələri başqa ölkələrdə problemlərlə üzləşə bilər. Bunların bir çoxu ABŞ-da mərkəzləşib. Amerikanın özündə də bəzən belə problemlər yaşanır. Məsələn, Facebookla bağlı belə bir hal yaşanmışdı.  Hətta Mark Zukerberqi konqresdə dinləmələrə dəvət etmişdilər.  O bəzi məsələlərə görə üzrxahlıq da etmişdi. Bu, İlon Maskın da başına gələr. Konqresdə demokrat çoxluğu Maska problem yaratmaq istəsə, o istiqamətdə nəsə edə bilərlər.  Dinləmələr olar, ona çətin suallar verilə bilər.  Amma yenə də İlon Maskın fəaliyyətinə mane ola bilməzlər. ABŞ-da balans sistemi var. Bu sistem imkan vermir ki, hakimiyyətdə olana istədiyi qərarı versin. Müstəqil məhkəmə sistemi də prezidentin səlahiyyətlərini artırır.

ABŞ-ın xarici siyasətində Azərbaycan və digər ölkələrə qarşı ikili standart ola bilər. Məsələn, işğal dövründə heç zaman işğalçını pisləmədilər, Azərbaycana dəstək vermədilər.  Torpaqlarımız azad ediləndən sonra isə Azərbaycan əleyhinə əhval-ruhiyyə formalaşdı. Halbuki Ukrayna mövzusunda həssaslıq göstərirlər, onun ərazi bütövlüyünü dəstəkləyirlər. Biz bunu bilirik. Amma ABŞdaxili siyasətdə ikili standartdan çıxış edə bilmirlər. Çünki sistem elə qurulub ki, balansı pozmaq olmaz. Tramp prezident olanda istədi ki, təkbaşına qərarlar versin, nəyisə məhdudlaşdırsın və s. Onda dərin dövlət siyasəti işə düşdü və Dövlət Departamentində kütləvi istefalar başladı. Bu, Trampa təzyiq vasitəsi idi ki, təkbaşına qərarlar verməsin. İlon Mask zəkası olan bir insandır. Sıfırdan görün nələr yaradıb.  Sıradan bir Amerika vətəndaşı üçün bu böyük şeydir. Bu yerə zəkası hesabına gəlib.  Bir telefon icad edib ki, onu günəşin altına qoyursan enerji yığır. Elektromobilləri dünya bazarına ilk dəfə o çıxardı. Belə bir insana qarşı təzyiq mexanizmini hərəkətə gətirmək mümkün olmayacaq. Bir şərtlə ki, Mask qanunları pozmasın, vergisini vaxtında ödəsin”.    

Mehman Xəlilov

İKT sahəsində 20 ildən çox təcrübəsi olan iş adamı Mehman Xəlilov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, X sosial şəbəkəsi hüquqi şəxsdir və onun fəaliyyətinə qadağa qoyula bilər: “Məhdudiyyətlərin tətbiq olunması mümkündür. Amerikada qadağa qoyulsa, fəaliyyətini sonlandıra bilər. Burada hər şey siyasi gedişatdan asılıdır. Texniki baxımdan hər şey mümkündür”.

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Kreml: Vəziyyət çox gərgindir

Ağ Evdən Harrislə bağlı AÇIQLAMA