Sayman Aruz: “İran regionu çox ciddi bir müharibəyə sürükləyir və…”
Xəbər verdiyimiz kimi, oktyabrın 26-na keçən gecə İsrail İrana hücum edib.
İsrail Ordusu (IDF) İranın aylardır davam etdirdiyi hücumlara cavab olaraq “İrandakı hərbi hədəflərə dəqiq zərbələr endirdiyini” bildirərək bəyanat yayıb.
“Axios” İsrail Müdafiə Qüvvələrinin nümayəndələrinin keçirdiyi brifinqdə bildirib ki, bu, İsrailin İran ərazisində ilk hərbi əməliyyatıdır və bunun üçün Təl-Əviv rəsmi olaraq məsuliyyəti öz üzərinə götürüb. Əməliyyatın kod adı “Tövbə günləri” olub. Hücum İsrailin Qəzza zolağında və Livanda artan əməliyyatları ilə eyni vaxta düşüb.
Bəs hücumlar İranın əsasən hansı şəhərlərində baş verib? Azərbaycanlılar yaşayan şəhərlər də hücumlara məruz qalıbmı?
İran mediasının xəbərinə görə, paytaxt Tehran və Kərəc şəhərləri yaxınlığında bir neçə partlayış baş verib.
“Jerusalem Post” iddia edir ki, IDF İranın hava hücumundan müdafiə sistemlərini “kor” etmək üçün Suriyadakı radarlara ilkin zərbələr endirib. Onların ardınca tez bir zamanda Tehran və Kərəcə hücumlar başlayıb. İki yüksək rütbəli ərəb məmuru “NBC News”a bildiriblər ki, Tehrana ilkin zərbələr kazarma və silah anbarına düşüb. Hücumların ikinci dalğası isə İranın Şiraz şəhərində baş verib.
Digər mənbələrdə bir anda 3 əyalətdə – Tehran, Xuzistan və İlamda obyektlərə hücum edildiyi, o cümlədən İranın paytaxtında partlayış səslərinin eşidildiyi bildirilir.
Qeyd edək ki, Tehranda 6-7 milyon Azərbaycan türkünün yaşadığı bildirilir. Tehran dünya üzrə azərbaycanlıların ən sıx yaşadığı 1-ci şəhərdir.
Vikipediya mənbələrinə görə, Kərəcdə 1 milyona yaxın Azərbaycan türkü yaşayır. Şiraz şəhərinin ətrafı isə qaşqay türklərinin vətəni sayılır.
Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz fikirlərini Musavat.com-la bölüşüb:
“Məndə olan məlumata görə, Azərbaycan şəhərlərinə hücum olmayıb. İran dövlət rəsmiləri də deyir ki, ancaq Xuzistan, Tehrana hücumlar olub. Mən Cənubi Azərbaycanın müxtəlif şəhərləri ilə əlaqədəyəm, doğrudan da azərbaycanlıların yaşadığı ərazilərə hücum olmayıb. Düzdür, Tehran və Xuzistan dəfələrlə vurulub, ölənlər var. İran hakimiyyəti bu dəqiqəyə qədər doğru məlumatların qarşısını kəsir. Orada internet, sosial media nəzarətdədir, həm də zəifdir. Ona görə də məlumatlar çox gec-gec gəlib çatır. Gün keçdikcə məlumatlar əlimizə çatacaq. Tehranda İranın inqilab edən dini rəhbəri Xomeyninin məzarı ətrafındakı hərbi baza kifayət qədər ciddi baza idi. Orada həm hava hücumundan müdafiə, həm də raket bazaları yerləşirdi. Əlimdə olan məlumata görə, onlar vurulub. Hələ də Tehranın hər tərəfindən alovun tüstüsü görünür”.
S. Aruz bildirib ki, İran regionu çox ciddi bir müharibəyə sürükləyir:
“Onun proksi qüvvələri dünyanın hər yerində müharibənin alovlanmasına xidmət göstərirlər. Təbii ki, İranda belə bir müharibə baş verərsə, Cənubi Azərbaycanda, hətta müstəqil Azərbaycanda da müəyyən təhlükələr ola bilər”.
Afaq MİRAYİQ,
Musavat.com