İsrailin hücumları İran rejimi məhv olana qədər davam edəcək – Sayman Aruz

İsrail oktyabrın 26-na keçən gecə İran hədəflərinə hücum edib. Tehranda hava hücumundan müdafiə sistemləri işə düşüb. Yerli media bir neçə partlayış dalğasının olduğunu bildirib. Hücumların nəticələri məlum deyil. Mətbuatın məlumatına görə, hücumda İsrail Hərbi Hava Qüvvələrinə məxsus 100-dən çox təyyarə iştirak edib.

İsrail Müdafiə Qüvvələri İranın hərbi obyektlərinə hücumun başa çatdığını elan edib.

“Zərbə son aylarda İran rejiminin İsrail dövlətinə və onun vətəndaşlarına qarşı hücumlarına cavab olaraq həyata keçirilib. Cavab zərbəsi başa çatıb və missiya yerinə yetirilib”, – İsrail ordusunun açıqlamasında deyilir.

İsrail Müdafiə Nazirliyinin məlumatına görə, vurulan zavodlar İsrailə hücum etmək üçün raketlər istehsal edib. “Yer-hava” raket sistemləri və “İranda İsrail aviasiyasının fəaliyyət azadlığını məhdudlaşdıra bilən” digər obyektlər də hücuma məruz qalıb.

Məsələ ilə bağlı Modern.az-a danışan Güney Azərbaycan İcmasının sədri Sayman Aruz bildirib ki, İsrailin budəfəki hücumu test xarakterli də ola bilər:

“Müharibədə emosiyalara qapılıb, məntiqdən uzaq hücumlar edilə bilir. Lakin məntiqi müharibə də aparmaq mümkündür. Qarşı tərəfin məğlubiyyətini istəyirsənsə, tam məntiqli və ağlın hökm etdiyi formada müharibə aparmalısan. İsrail də bu yolu tutub. İsrailin hücumları nə dayanıb, nə də onun ardı kəsilib. Çünki davamlı olaraq İsrailin İranda həyata keçirdiyi gizli və aşkar hücumların şahidi oluruq. İsrail İrandan fərqli olaraq əməliyyatları barədə informasiya vermir, pafoslu şəkildə onun təbliğatını aparmır. Sadəcə qarşıya qoyduğu hədəflərini həyata keçirir. İranmərkəzli mediaların hücumun miqyasının kiçik və təsirsiz olduğu ilə bağlı təbliğatına aldanmayaq. Düşünürəm ki, İsrail istədiyi əməliyyatı həyata keçirib və bunun ardı da gələcək. İndiki hücum, bəlkə də, test idi. Hücum Tehran və Tehran ətrafına olub. İran İslam İnqilabın həyata keçirən Xumeyninin yanında yerləşən müdafiə sistemləri, dron istehsal edən zavodlar məhv edilib. Nə qədər də əsgələri ölüb. Faktiki olaraq ölənlərin sayı çox olsa da, gizlədilir”.

S.Aruz deyib ki, İran,artıq Yaxın Şərqdə buraxdığı səhvlərin cavabını alır:

“Çünki İran rejimi xalqın yerüstü və yeraltı sərvətlərini talayıb, Yaxın Şərqdə terrorizmə, silaha yatırıb. Bütün dünyada harada teroristlər varsa, gedib onlarla razılaşıb cibinə pul, əlinə də silah veriblər. Bu isə beynəlxalq dairələrdə də, ilahi ədalət məhkəməsində də qəbul olunmur axı. Əvvəl-axır İran cavabını almalıydı, alır da. Hesab edirəm ki, İsrailin hücumları dayanmayacaq. Bu əməliyyatlar İrandakı fars hakimiyyəti məhv oluna qədər davam edəcək. İran mediası səhərdən başlayıb ki, ciddi cavab verilməlidir.Əvvəl-axır İran da, məncə,bu məsələyə cavab verməli olacaq. Çünki xalqının yanında kifayət qədər etibarsız olub. Fars molla rejimi xalqın etibarını qazanmaq, öz ömrünü biraz uzatmaqdan ötrü müharibəyə ehtiyacı var. Yalnız müharibə şəraitində olanda “leqqallıq” qazana bilər. İran rejiminin ömrünün uzanması “səs etməyin ölkə müharibədədir” deməklə cavanların hamısını müharibəyə sövq edib, ölkə iqtisadiyyatını yenə də məhvə sürükləyib, xalqın əlində nəyi varsa almaqla mümkündür”.

Güney Azərbaycan İcmasının sədri onu da vurğulayıb ki, İran rejimi İsrailə cavab verib müharibəyə getməsə, çox qısa vaxtda hakimiyyətdən sağollaşıb getməlidir:

” Müharibəyə getsələr də, hakimiyyətdən məhv olub getməli olacaqlar. Sadəcə müharibə olarsa, rejim ömrünü uzada bilər. Onlar da bunu bilirlər. Çalışırlar ki, özlərindən məzlum siması yaradaraq, beynəlxalq cəmiyyətdə bu pərdənin arxasında gizlənib ömürlərini uzatsınlar. Amma səhərdən mən axtarıram İraqdan, Həmasdan və Yəməndən başqa bu hücumu pisləyən yoxdur. Çünki beynəlxalq hüquq var. Hamı bilir ki, İsrailə 200 raket, 300 dron atırsansa, onun sənə cavab vermək haqqı var”.

Related posts

Əminə Ərdoğan Bakı səfərindən maraqlı paylaşım etdi – VİDEO

Britaniyanın Baş naziri Bakı səfərindən PAYLAŞIM ETDİ

Prezidentlərin iştirakı ilə Xankəndidə fabrik AÇILDI