Rio-de-Janeyroda G20 ölkələri liderlərinin sammitində COP29 gündəm mövzusu idi.
Bbu sözləri BMT-nin Baş katibi Antonio Quterreş Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, sammit zamanı G20 liderlərini öz nazirlərinə və danışıqlar aparan şəxslərə COP29-da yeni iddialı iqlim maliyyəsi məqsədini təmin etmək üçün göstəriş verməyə çağırıb.
“Liderlər konkret nailiyyətin vacibliyini vurğulayıblar. Nümayəndə heyətləri və COP Sədrliyi ortaq dil tapmaq üçün çox çalışır. Lakin saat işləyir (vaxt gedir – red.). Razılaşma üçün niyyət hiss edirəm. Artıq uyğunlaşma sahələri açıq görünür. Əsasını maliyyə təşkil edən bütün razılaşdırılmamış məsələlərlə bağlı ambisiyalı və balanslaşdırılmış paket təqdim etmək məqsədilə son mərhələyə çatması üçün böyük təkan lazımdır. Uğursuzluq bir seçim deyil”, – deyə Baş katib əlavə edib.
Quterreş qeyd edib ki, indi ilkin mövqedən çıxmağın və mümkün kompromis sahələrini tanımağın vaxtıdır:
“Mən COP29-da danışıqlar aparan şəxs deyiləm. Ancaq nümayəndə heyətlərini dinləmişəm. İndi ilkin mövqedən çıxmağın və mümkün kompromis sahələrini tanımağın vaxtıdır. Hələ də vaxtımız var. Düşünürəm ki, bu mümkündür. Əminəm ki, razılaşmaya nail olunacaq. Əsas məsələ tərəflərin ilkin mövqeyinin nə olması deyil. Əsas məsələ ambisiyalı nəticələrə gətirib çıxaracaq kompromis yollarını tapmaqdır”, – deyə Quterreş bildirib.
Maliyyə artımının vacibliyini vurğulayan Baş katib bildirib: “Bütün tərəflərin 1,5 dərəcə ilə uyğunlaşdırılmış yeni milli planlar təqdim etmələrini təmin etmək də vacibdir. Hər bir hökumətə, eyni zamanda, emissiyaların azaldılmasını sürətləndirərək təmiz, ucuz bərpaolunan mənbələrdən və ədalətli enerji keçidindən faydalanmaq şansı vermək lazımdır”.
A.Quterreş diqqətə çatdırıb ki, maliyyə nəzarətsiz iqlim xaosunun hamımıza vuracağı dağıntılara qarşı sərmayədir. “Keçən həftə çoxtərəfli inkişaf bankları aşağı və ortagəlirli ölkələr üçün iqlim maliyyəsi ilə bağlı əhəmiyyətli maliyyə elan etdilər. Bu maliyyə 2030-cu ilə qədər ildə 120 milyard dollara çatacaq, daha 65 milyard dollar özəl sektordan səfərbər ediləcək. Mən hər bir tərəfi addımlar atmağa, sürəti artırmağa çağırıram, vaxt azdır”, – deyə o əlavə edib.