Suriyada prezident Bəşər Əsədin ordusunu sıxışdıran “Heyət Təhrir əş-Şam” (HTŞ) müxalif silahlı qruplaşması hakimiyyət qüvvələrinə ciddi zərbə vurub.
Modern.az xəbər verir ki, xarici KİV-lərin məlumatına görə, Hama şəhərini tutan HTŞ Suriynın hökumət ordusunun 66-cı hava hücumundan müdafiə bazasını ələ keçirib.
Üsyançılar “Pantsir-С1” zenit-raket komplekslərinin batareyasına, eləcə də bir neçə digər hava hücumundan müdafiə sistemlərinə yiyələniblər.
Yerli mənbələrin və monitorinq qruplarının məlumatına görə, ələ keçirilən bazada 4 ədəd MiQ-21 qırıcısı da aşkar edilib.
Bu arada İram İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın İran mediası iddia edir ki, Suriya ordusunun 87-ci Xüsusi Təyinatlı Qüvvələri əks-hücumla Hama hərbi hava limanı və Cəbəl Zeyn əl-Abidin bölgəsinə nəzarəti ələ keçirib.
“Anadolu” isə xəbər verir ki, HTŞ qüvvələri Homs əyalətində hücum əməliyyatlarını uğurla inkişaf etdirir. Dekabrın 6-da üsyançılar ölkənin paytaxtı Dəməşqə yol açan strateji əhəmiyyətli Homs vilayətinin Rasten və Telbise rayonlarını ələ keçirib.
Rasten və Telbise rayonları Hələb, Həma, Homs şəhərlərini birləşdirən və Dəməşqə çatan M5 magistral yolunda yerləşir.
Suriyanın cənubunda müxalif qrupları dəstəkləyən “Cənub Cəbhəsi” adlı yeni qruplaşmanın aktivləşdiyi də qeyd edilir.
Ölkənin cənubundakı Dəra şəhərinin ələ keçirildiyi və Bəşər Əsəd qüvvələrinin oradan çıxarıldığı bildirilir.
Suriyanın cənubundakı Nəva şəhəri yaxınlığında Əsəd ordusunun rejim müxaliflərini artilleriya atəşinə tutması barədə də xəbərlər var.