Şotlandiyanın Aberdin Universitetinin Azərbaycan Cəmiyyəti hər il bu ali təhsil ocağında keçirilən beynəlxalq sərgidə ölkəmizi təmsil edib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Dövlət Komitəsi Azərbaycan dövlətinin diaspor, gənclər və mədəniyyət siyasətinə, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na və “Azərbaycan Mədəniyyəti-2040” Milli Mədəniyyət Konsepsiyası və Konsepsiya çərçivəsində 2025-2030-cu illər üçün Birinci Milli Fəaliyyət Planına uyğun olaraq tələbələri müxtəlif təbliğat materialları, milli geyimlər və bayraqlarla təmin edib.
Sərgidə iştirak edən tələbələrə və ziyarətçilərə Azərbaycanın zəngin mədəniyyəti, milli adət-ənənələri, tarixi haqqında geniş məlumat verilib.
Ekspozisiyada milli kimliyimizə aid müxtəlif mədəni və tarixi elementlər sərgilənib, qonaqlara mətbəximizdən nümunələr, o cümlədən paxlava və şəkərbura təqdim edilib. Ziyarətçilər Azərbaycan Bayrağı, onun tarixi və rəmzi mənası barədə məlumatlandırılıb. Bununla yanaşı, onlar UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan kəlağayıları ilə tanış olublar.
Sərgidə qonaqlarda maraq doğuran məqamlardan biri də nərd oyunu olub. Onlara oyunun qaydaları izah edilib.
Tədbir mədəniyyətlərarası dialoqun inkişafına və Azərbaycanın zəngin irsi haqqında maarifləndirməni artırmağa imkan yaradıb.
Qeyd edək ki, Aberdin Azərbaycan Cəmiyyəti 2023-cü ildə Aberdin Universitetində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil alan tələbələr tərəfindən yaradılıb.