Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı 23-29 aprel tarixlərində keçiriləcək. Yeddi gün ərzində paytaxtın müxtəlif səhnələrində tanınmış xarici və yerli ifaçılarla yanaşı, gənc opera müğənniləri və 6 – 16 yaş arası istedadların iştirakı ilə konsertlər təşkil olunacaq. Festivalın təşkilatçısı Azərbaycanın Xalq artisti Fidan Hacıyeva AZƏRTAC-a opera musiqisi pərəstişkarlarını builki tədbirin proqramı ilə tanış edib.
-Fidan xanım, ikinci Beynəlxalq Opera Festivalına hazırlıq işləri necə gedir? Proqram çərçivəsində nələr nəzərdə tutulub?
-Hazırlıqlara çoxdan başlamışıq. Bu dəfə festivala yeni maraqlı layihə ilə başlayacağıq. 2025-ci ildə Azərbaycanda Üzeyir Hacıbəylinin yubileyi qeyd olunacaq. Buna görə də aprelin 23-də festivalı “Arşın mal alan” operettası ilə açacağıq. Bu, yeni tamaşadır. Burada tələbələrimiz, Gənc Opera Teatrının artistləri iştirak edəcək. Rolları gənc opera müğənniləri Aysu Əliyeva, Rauf Məmmədzadə, Vüqar Hacıyev, Röya Əliyeva və Nurlana Əsgərova ifa edəcəklər. Cahan xala rolunu özüm oynayacağam. Vəli rolunda Azərbaycanın Əməkdar artisti, Opera Teatrının solisti Tural Ağasıyev, Soltan bəy rolunda isə Azərbaycanın Əməkdar artisti, Opera Teatrının solisti və tamaşamızın quruluşçu rejissoru Fərid Əliyev çıxış edəcək. Premyera Azərbaycan dilində baş tutacaq, lakin paralel olaraq tamaşanı ingilis dilinə də çeviririk. Çünki may ayının sonunda Azərbaycan diasporunun dəvəti ilə Böyük Britaniyaya da səfər edəcəyik.
Tanınmış və gənc opera müğənnilərimizin solo konsertləri keçiriləcək. Vokal məktəbimin, Qara Qarayev adına Musiqi Məktəbinin tələbələrinin iştirakı ilə uşaq konsertləri də nəzərdə tutulub. Səhnəyə, həmçinin şəhid ailələrindən olan istedadlı uşaqlar da çıxacaqlar. Bundan başqa, Tibb və Xəzər universitetlərinin orkestrinin kollektivi də bizə qoşulacaq. Mezzo kamera qadın orkestri də festivalda iştirak edəcək.
Festival qala-konsertlə bitəcək. Burada tanınmış dirijor Boyan Videnovun rəhbərliyi altında bizim simfonik orkestrinin müşayiəti ilə Opera Teatrının solistləri oxuyacaq.
-Festivalda hansı ölkələrdən qonaqlar iştirak edəcək?
-Almaniyadan başqa, həm də Türkiyə, Gürcüstan, Rusiya və İspaniyadan qonaqları gözləyirik. İspan artistlərlə “Flamenko və opera” adlı maraqlı layihəmiz var.
-Festival çərçivəsində keçiriləcək konsert proqramları hansı məkanlarda baş tutacaq?
-Bir çox məkanlarda konsertlər keçiriləcək: Opera studiyası, filarmoniya, Rəşid Behbudov adına Mahnı Teatrı, Xəzər Universitetinin nəzdindəki “Rotunda” konsert zalı və bu yaxınlarda vokal məktəbimin nəzdində açdığım “Belkanto” konsert zalı.
Həm məktəbimə, həm də bu festivala dəstək verdiyinə görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkür edirəm. Ayrıca olaraq, bizim gözəl tenor, Xalq artisti, Opera Teatrının direktoru Yusif Eyvazova festivalımıza dəstək verdiyi üçün xüsusi təşəkkürümü bildirirəm. Həmçinin bütün tələbələrimə və bu işdə bizə kömək edən hər kəsə sonsuz minnətdaram. Bütün bunlar incəsənətimiz naminə edilir.
-2025-ci ildə daha hansı layihələr nəzərdə tutulub?
– Yeni il çox məhsuldar başlayıb və bu, mənim xoşuma gəlir. Çünki işləməyi, yeni layihələr yaratmağı sevirəm. Məsələn, hazırda mədəniyyətlə bağlı televiziya verilişi üzərində işləyirəm. Çoxdankı arzumdur ki, mədəniyyətimizi bütün dünyaya göstərmək üçün veriliş hazırlayım. “Mədəniyyət TV” kanalına bununla bağlı müraciət etmişəm. Rəhbərlik layihəmi dəstəkləyib. Verilişin qonaqları Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirləridir. Onlar böyük mədəni işlər aparırlar: sərgilər, konsertlər, tədbirlər təşkil edir, Azərbaycana öz ölkələrindən musiqiçilər dəvət edirlər. Bu veriliş çərçivəsində biz onlarla mədəniyyət, incəsənət və ənənələr barədə söhbət edirik.
“Belkanto” zalında təşkil edəcəyim çoxlu konsert ideyalarım var. İstəyirəm ki, yeni nəsil musiqiçilər orada tez-tez iştirak etsinlər. Bu günlərdə həmin zalda 10 yaşlı tələbəm Məryəm Bağırovanın konserti keçirildi. O, konsert proqramını gözəl ifa etdi. Əlbəttə ki, ən əsas və geniş layihəm opera festivalının keçirilməsidir ki, bu haqda sizə bəhs etmişəm.