Əli Əsədov parlamentə hökumətin hesabatını təqdim edir

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında geniş hesabatla Milli Məclis qarşısında çıxış edir.

Baş nazir bildirib ki, 2024-cü il Azərbaycanın müasir tarixinə əlamətdar siyasi hadisələrin baş verdiyi, möhtəşəm nailiyyətlərin əldə edildiyi il kimi yazıldı:

“Ötən il Vətənimizin müstəqillik tarixində ilk dəfə olaraq bütün suveren ərazimizdə növbədənkənar prezident seçkiləri və növbədənkənar parlament seçkiləri keçirildi.

Prezident seçkilərinin nəticələri Ulu Öndərin layiqli davamçısı olan cənab İlham Əliyevin Prezident kimi Vətənə, xalqa və dövlətçiliyə həsr edilmiş 20-illik misilsiz xidmətlərinə xalq tərəfindən verilən yüksək qiymətin bariz nümunəsinə çevrildi.

Tam suveren Azərbaycanın ilk parlament seçkiləri də çox uğurla keçdi və sədri Prezident İlham Əliyev olan Yeni Azərbaycan Partiyasına xalqımızın inamını növbəti dəfə nümayiş etdirdi. Dövlət başçısının rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən uğurlu siyasət 2024-cü ildə də müasir Azərbaycanın hərtərəfli tərəqqisinə və güclənməsinə, sosial-iqtisadi sahədə davamlı inkişafın təmin olunmasına, ölkəmizin regional mövqeyinin möhkəmləndirilməsinə, beynəlxalq münasibətlər sistemindəki rolunun artmasına xidmət edib.

“Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü ildə ölkəmizin həyatında mühüm hadisələrdən biri dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən olan COP29-un keçirilməsi oldu. 80 ölkənin dövlət və hökumət başçılarının bu beynəlxalq tədbirdə iştirakı və müstəsna önəm daşıyan qərarların qəbul edilməsi Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha bütün dünyaya nümayiş etdirdi”.

Əli Əsədov əlavə edib ki, 2024-cü il həm də müstəqillik tariximizdə növbəti əlamətdar diplomatik hadisə ilə yadda qaldı:

“Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçildi. Təbii ki, bu, beynəlxalq aləmdə ölkəmizin artan nüfuzundan xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində söylədiyi kimi: 2024-cü il iqtisadi inkişaf baxımından uğurlu il olub və Azərbaycanın iqtisadiyyatı inkişaf edib.

Əlbəttə ki, bütün bunların təməlində cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə aparılan düşünülmüş siyasət dayanır”.

Related posts

Azərbaycan bu ərazidə yeni bir ölkə qurur – vitse-spiker

Uğurumuz Ağ Evin diqtəsi ilə sülh müqaviləsini imzalamamağımızdır – Zahid Oruc

Paşinyanın bu danışıqlarının arxasında İlham Əliyevin diktəsi durur – Deputat