Səlibçi zehniyyətlilər, hay məsələsini Yaxın Şərqdə və Qafqazada qarşıdurma yaratmaq üçün ortaya atanlar Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı elə də həzm etmək istəmirlər.
Bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, ancaq onların nə düşünmələrindən asılı olmayaraq bütün Qarabağ üzərində Pənahəli xandan üzü bəri heç zaman olmadığı qədər güclü, mütləq və şəriksiz suverenliyimizin daha da möhkəmləndirilməsi, onun əbədiliyinin təmini üçün nə lazımdır edilməlidir və ötən il bu yöndə xeyli işlər görülüb. “Fikrimcə, onların başında “Bakı sıçrayışı” adlandırılan konsensusun əldə edilməsi ilə yadda qalan COP 29-un uğurla keçməsi gəlir. Cənab Prezidentin də dünənki Qlobal Forumda vurğuladığı kimi Fransanın bu tədbiri boykot cəhdinin də, konfrans ərəfəsində ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı təşkil etdiyi media hücumlarının əsl səbəbi məhz az öncə dediyimiz o həzm etməmədən irəli gəlirdi. Amma hədəflərinə çata bilmədilər”, -deputat qeyd edib.
O əlavə edib ki, qlobal məsələlərdən söz düşmüşkən, ötən il Orta dəhilzin mərkəzi dəhlizə və türk dünyasının güc mərkəzlərindən birinə çevrilməsi yönündə atılan addımları da təqdirəlayiq sayır:
“Mənə görə isə bütün yırtıcı güclərin üzlərindəki maskanı da çıxarıb atdıqları belə bir mürəkkəb dövrdə çeşidli çağırışların öhdəsindən uğurla gəlməmizin əsas səbəbi düzgün seçim və lider faktoruyla bağlıdır.
Tam məsuliyyəti ilə bildirirəm ki, dövlət başçsının ailəsi ilə birgə Xankəndində qatıldığı ötənilki Prezident seçkisi özünün ədalətlilik dərəcəsinə görə ən azından çağdaş dövrdə dünyada keçirilənlərin hamısını kölgədə qoydu. Ədalətlilik sözünü mən ilk növbədə seçkinin bunu ana südü kimi haqq edənin zəfər çalmasıyla sonunclanmasını nəzərdə tutub işlədirəm.
Bəli, bax, bu doğrudan da, bütün dünyada həsəd doğuracaq əsl səsvermə bayramı idi.
Bu gün qarşı tərəfin Azərbaycanın irəli sürdüyü sülh planı ilə hələlik sözdə də olsa razılaşmasının, Paşinyanın röya Ermənistan axtarışına son qoyaraq real Ermənistandan danışmasının arxasında onun öz istəyi yox, dəmir yumruqlu liderimiz cənab İlham Əliyevin diktəsi durur. Bir tərəfdən hərbi potensialımızın getdikcə artması, digər tərəfdən Qarabağdakı quruculuq işləri, məsələn, Xankəndində çağdaş standartlara cavab verən, ali təhsil müəssisəsi olaraq böyük perspektiv vəd edən universitetin açılması, tikiş fabrikinin işə düşməsi, günü-gündən gözəlləşən bu şəhərimizdə artıq minlərlə azərbaycanlının yaşaması öz sözünü deyir və bütün bunlar hökumətin ötən ilki fəaliyyətinin qənaətbəxşliliyinin ən gözəl göstəriciləridir”.