Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir. Sonuncu köç ünvanı Xocalının Ballıca kəndi olub. Bu mərhələdə kəndə 24 ailə – 98 nəfər köçürülüb. Bununla da Ballıca kəndinə köçürülən ailələrin sayı 136-ya, insanların sayı isə 660 nəfərə çatıb.
Keçmiş məcburi köçkünləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb və onlara mənzillərin açarları təqdim edilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, köçürülən ailələrin işlə təmin edilməsi xüsusi diqqətdə saxlanılır. Kəndə köç edən sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcək, müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur, şərait – dövlət xidmətləri mərkəzi, məktəb, bağça, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.
Qeyd edək ki, Ballıca kəndinə köç bundan sonra da mərhələli şəkildə davam edəcək. Bunun üçün kənddə təmir və bərpa tikinti işləri davam etdirilir.
İşğaldan azad edilmiş ərazilərdə 8 şəhərin baş planı tam başa çatdırılıb.
Bu fikirləri ötən həftə paytaxtımızda keçirilən XII Qlobal Bakı Forumunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
“Biz dünyada və regionda ən yaxşı şəhərləri inşa edirik. 8 şəhərin baş planı, 90 kəndin planlaşdırılması tam başa çatdırılıb. O ərazilərdə artıq 40 min əhali yaşayır və işləyir”, – o qeyd edib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu il ilk dəfə olaraq, işğaldan azad edildikdən sonra Xankəndi şəhəri və Xocalı rayonunda Novruza hazırlıq işləri aparılır.
Şəhərin Zəfər meydanında Novruz bayramı öncəsi görülən hazırlıq işləri xüsusilə diqqət çəkir. Mərkəzi meydanda səməni qurulub. Burada müxtəlif bayram əhval-ruhiyyəli şənliklərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Həmçinin Zəfər meydanında iri bayram tonqalı, və konsert proqramı üçün xüsusi konstruksiyalar quraşdırılır.
Xocalı şəhəri və Ballıca kəndində də Novruza hazırlıq işləri görülüb. Şəhərdə Novruz bayramı atributları, milli ornamentlərlə bəzədilmiş səməni quraşdırılıb. Novruz bayramı ərəfəsində yazın gəlişi ilə əlaqədar Xocalı şəhəri ərazisində abadlıq və təmizlik işləri sürətləndirilib.
Görülən işlər onu deməyə əsas verir ki, qarşıdakı günlərdə Xankəndi və Xocalıda əsl Novruz abı-havası yaşanacaq.
Afət Telmanqızı
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı Novruz bayramı ilə bağlı çox təsirli bir status paylaşıb: “Builki Novruz bayramı ömrümə yazılan ən gözəl, unudulmaz tarix olacaq. İlk dəfədir ki, yazın gəlişi, ilin son çərşənbəsi, torpağın oyanmasını gözəl Qarabağımızda, Xanın kəndində qarşılayıram. Qürur verir, sevindirir, kövrəldir. Bu duyğuları illər sonra bizlərə yaşadanların qarşısında baş əyirəm. Qəhrəman oğullarımızın analarının əlindən öpürəm. Şəhidlərimizin ruhunu ehtiramla anıram. Sizin kimi igidləri olan VƏTƏN basılmaz deyirəm. Bu gün sizlərin sayəsində Xanın kəndində bir başqa hava var. Xankəndinin Bahar nəğməsini eşitmək üçün hamı Zəfər meydanına toplaşacaq. Xocalıda tonqallar qalanacaq. Yanar ocağımız sönməsin. Bu müqəddəs torpaqlar hər zaman doğma sakinlərinin nəfəsi ilə isinsin. Bayramımız mübarək olsun”.
Şuşa sakinləri də uzun illərdən sonra baharın gəlişini ilk dəfə doğma yurdlarında qarşılayırlar. Novruz bayramı münasibətilə Şuşa şəhərindəki “Güllü bağ”da bayram yarmarkası keçirilir. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən yarmarkaya müxtəlif şirkətlər və şuşalılar tərəfindən məhsullar çıxarılıb. Yarmarkada Şuşa sakinləri ilə yanaşı, qonaqlar da iştirak edirlər. Novruz yarmarkası bir həftə davam edəcək.
Bayramla əlaqədar Şuşa şəhərində silsilə tədbirlərin də keçirilməsi nəzərdə tutulur. Belə ki, Qala qapısında “Şuşa baharı” adlı bayram tədbiri, martın 19-da “Güllü bağ”da Şuşanın tarixi şəxsiyyətlərinin obrazları ilə görüş və musiqi proqramı, martın 20-də şəhər meydanında incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunacaq.
Hazırladı: Cavanşir ABBASLI