Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan ədəbiyyatının xaricdə tanıdılması, Azərbaycan dilindən alman dilinə bədii tərcümələrin keyfiyyətinin yüksəldilməsi və tərcüməçilər arasında bu sahəyə marağın artırılması məqsədilə Əhməd Şmide adına ədəbi tərcümə müsabiqəsi elan edib.
Azərbaycan ədəbiyyatının alman dilinə ədəbi tərcüməsi üzrə elan edilən müsabiqə bu sahə üzrə ilk rəsmi müsabiqədir.
Müsabiqəyə Azərbaycan dilindən alman dilinə birbaşa tərcümə edilmiş nəsr və poeziya nümunələri qəbul edilir və tərcümələrin avqustun 31-dək təqdim edilməsi tələb olunur.
Peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirmədən sonra qaliblər sentyabr ayının sonunda elan ediləcəkdir.
Qeyd edilməlidir ki, Hanspeter Əhməd Şmide (1935-2010) Azərbaycan ədəbiyyatının alman dilinə tərcüməsi üzrə misilsiz xidmətlər göstərmişdir. “Kitabi Dədə Qorqud“ eposu, Azərbaycan nağılları, eləcə də müxtəlif müəlliflərin əsərləri, xüsusilə də uzun müddət dostluq etdiyi Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin şeir və publisistik yazılarının toplandığı kitablar, türk dilindən orta əsr dənizçilərinin (Piri Rəis və Muradi) səyahətnamələri H. A. Şmidenin tərcümə irsinin zənginliyini nümayiş etdirir.
Müsabiqə barədə ətraflı məlumat və iştirak şərtləri ilə bağlı təşkilatçı qurumun internet saytında tanış olmaq mümkündür: https://www.azculture.at/de/p/achmed-schmiede-preis