Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muğam sənəti” kafedrasının müdiri xanəndə Teyyub Aslanovun iştirakı ilə keçirilib.
Mərkəzdən bildirilib ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən görüşdə MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşı Tacir Qurbanov layihənin mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, regionlarda olan gənc istedadların aşkara çıxarılması, görkəmli mədəniyyət xadimləri ilə zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirildiyini vurğulayıblar.
Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən tədbirdə Teyyub Aslanov muğam ifaçılığı sənətinin tarixi və inkişaf istiqamətlərindən, muğam nümunələrinin əhəmiyyətindən, gənclər arasında sənətin təbliğindən və metodoloji əsaslı tədrisdən söhbət açıb.
Tədbirdə Gəncə, Goranboy, Samux rayonlarının uşaq musiqi məktəblərində təhsil alan şagirdlər – İlahə Mehdiyeva, Rəvan Ağayev, Elxan Babazadə və Hüseyn Qələndərlinin ifasında müxtəlif muğam parçaları səslənib.
Xalq artisti Teyyub Aslanov tələbəsi Ramil Hümbətli ilə birlikdə “Bayatı-şiraz” muğam dəstgahını ustad dərsi formatında təqdim ediblər. İfaçıları kamançada Əməkdar artist Toğrul Əsədullayev, tarda Ruslan Zərbalıyev müşayiət ediblər.
İnteraktiv formatlı görüşdə, həmçinin Gəncə, Goranboy, Samux, Göygöl, Naftalan və Daşkəsən musiqi və incəsənət məktəblərinin şagirdlərini və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, sözügedən tədbir MEMİM-in təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə aprelin 8-dən 12-dək Gəncədə “Mədəniyyət rüzgarı” tədbirlər proqramı çərçivəsində həyata keçirilib.