Düşmən ölkədə 3 aylıq qeyri-rəsmi “səfərbərlik” başlanır, hərbi texnikanın sərhədyanı rayonlara daşınması müşahidə edilir; erməni ordusu Naxçıvan istiqamətində də aktivləşib – növbəti müharibə?
Ermənistanın şərti sərhədlər boyunca təxribatçı addımları getdikcə miqyasını daha da genişləndirir. Davamlı şəkildə sülh bəyanatları verən Ermənistan rəhbərliyi özünü “mələk” libasında göstərməklə yanaşı, ölkəmizə qarşı məkrli addımlar atmaqdadır. Martın üçüncü ongünlüyündən, baş nazir Nikol Paşinyan sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edəndən sonra isə təxribatlar bütün şərti sərhədləri əhatə etməkdədir və hər gün atəşkəsin pozulması, düşmən hərbçilərin hərəkətlənməsi, hərbi texnika və artilleriya qurğularının yerdəyişməsi faktları qeydə alınır.
Ötən həftə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatiya Forumunda iddia etdi ki, Azərbaycanla sülh müqaviləsini 10 dəqiqə ərzində imzalamağa hazırdırlar, yetər ki, zaman və yer müəyyən olunsun. Amma onun bu saxta bəyanatından bir neçə saat sonra Ermənistan ordusu Qarakilsə istiqamətində təxribata əl atdı. Son məlumata görə, Ermənistan Naxçıvan istiqamətində əlavə canlı qüvvə və hərbi texnika cəmləyir. Əsgər dolu yük maşınlarının Naxçıvan istiqamətində hərəkət etməsi barədə kadrlar da sosial şəbəkələrdə yayılıb. Görünən budur ki, Ermənistan sülhdən başqa hər şeyə hazırlaşır.
Maraqlısı həm də budur ki, paralel olaraq Ermənistanın daxilində də revanşistlərə geniş meydan verilib. Belə ki, aprelin 14-də Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib. Ararat Mirzoyanın və hökumətin ifadə etdiyi fikirlərin əleyhinə keçirilən aksiyada daha çox revanşist meyillilər iştirak ediblər. Onlar “Qarabağ” məsələsinin bağlanmadığını vurğulayaraq hökumətin bununla bağlı siyasətinə etirazlarını bildiriblər. “Ermənistan hakimiyyətinin mövqeyi aydındır, lakin biz fikirlərimizə hörmət olunmasını tələb etməliyik. Hakimiyyət anlayışı müvəqqətidir, burada yaşayan bizik. Ararat Mirzoyan və hökumət birtərəfli qərarlar verir, biz isə buna qarşıyıq. Bir zaman fərqli qərarlar verən liderlər gələcək. Bu məsələni gündəmə gətirmək üçün çalışmalıyıq”, – etirazçılar qeyd ediblər. (konkret.az)
Göründüyü kimi, A.Mirzoyanın saxta sülh bəyanatlarına da daxildə “etirazlar” təşkil edilir və bununla da erməni ictimai rəyinin Azərbaycanın şərtlərinə qarşı olması şəraitində Paşinyanın sülhü imzalamasının “qeyri-mümkünlüyü” barədə şou təşkil edilir.
Bir neçə gün əvvəl Ermənistan ordusunun Azərbaycanla sərhədin Tavuş istiqamətindən geri çəkildiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, “Hayekve” vətəndaş assosiasiyasının üzvü, siyasi ekspert Avetik Kerobyan orduya Tovuzqala istiqamətindəki şərti sərhəddən geri çəkilmək əmrinin verildiyini iddia edib. Bununla da Tavuşda hərbçilərə mövqelərindən enmək tapşırığı verilib. “Onlara deyilib ki, “bu əraziləri tərk edin”. Çünki həmin istiqamətdə sərhədin delimitasiyası aparılacaq və müəyyən ərazilər Azərbaycana təhvil veriləcək. Yaxın gələcəkdə Azərbaycan Ordusunun Tavuş istiqamətində mövqelərinin irəliləyəcəyinin şahidi olacağıq”, – erməni ekspert bildirmişdi. Delimitasiya və demarkasiya ilə bağlı prosesin dalana dirənməsi şəraitində Ermənistanda etirazları alovlandıra biləcək belə dezinformasiyaların yayılması sözsüz ki, məqsədlidir. Bununla sülh prosesini pozmağa cəhd göstərilir və burada Paşinyan komandasının da gizli rolu var. Əgər hakimiyyət ordunu şərti sərhədə cəmləyirsə, o halda rəsmi qurumların qarşısında revanşistlərin yığışması təəccüblü görünmür. Üstəlik, Ermənistanda bu gündən, aprelin 15-dən iyulun 15-dək hərbi təlim məşqləri keçiriləcək. Hərbi təlimlərə sıravi hərbi qulluqçular, kiçik zabitlər və ehtiyatda olan zabitlər cəlb olunacaq. Bu, Ermənistanda son illərdə ən uzunmüddətli təlimlərdir. Ordusunun komplektləşdirilməsi ilə bağlı problemlər yaşayan Ermənistanın bu addımı sülhməramlı deyil, şübhəsiz.
9-10 aprel tarixlərində Ermənistan və İran xüsusi təyinatlılarının birgə təlimlərinin keçirilməsi də təxribatların intensivləşməsində xüsusi rol oynadı. Zəngəzur dəhlizi boyunca, Araz sahilində keçirilən birgə təlimlər İrəvan-Tehran işbirliyinin, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında quru əlaqənin təmin olunmasına qarşı növbəti təxribatçı hərəkətdir. Bunun ardınca Nikol Paşinyanın Zəngəzura gəlməsi, həmçinin erməni ordusunun Naxçıvan istiqamətində cəmlənməsi təxribatların məntiqi davamıdır.
Qeyd edək ki, bütün bu təxribatlar işğal altında olan 4 kəndimizin azad olunacağı ilə bağlı xəbərlərin yayılması, həmin ərazilərin minalardan təmizləndiyi barədə məlumatların dövriyyəyə buraxılması fonunda baş verir. Sanki hansısa qüvvələr hərarətin artmasında maraqlıdır. Burada Ermənistan hakimiyyətinin sifariş icra etdiyi də təxmin olunandır. Avropa İttifaqının Ermənistandakı kəşfiyyatçılarının indiyədək 5 min dəfə növbətçilik icra etdiyini açıqlaması, həmçinin bundan sonra gecə növbəsini də təşkil edəcəkləri barədə açıqlamaları təxribatların miqyasının genişlənəcəyinə şübhə yeri qoymur.
Azərbaycan ərazilərini davamlı atəşə tutan Ermənistan Azərbaycanı atəşkəsi pozduğuna görə ittiham edir, həyasızcasına. Amma maraqlıdır ki, bəzən Ermənistan Müdafiə Nazirliyini elə ermənilər özləri təkzib edirlər. Məsələn: “Tavuş bölgəsində atışma yoxdur”. Bunu aprelin 14-də parlamentdə jurnalistlərlə söhbətində hakim “Mülki müqavilə” partiyasının deputatı Vahe Qalumyan deyib və əlavə edib ki, o, Tavuş vilayətindən təzəcə qayıdıb. Qalumyan onların hansı hissədə atəş açdıqlarını soruşduqda belə cavab verdi: “Mən atəşlər barədə eşitməmişəm, bu günlərdə də olmayıb”. Aydınlıq istədikdə məlum olur ki, kənd camaatı yalan danışır, deputat cavab verməyərək kabinetinə daxil olub. Belə…
Ermənistanın Naxçıvan istiqamətində təxribatlara əl atması bu ölkənin başında çatlaya bilər. Çünki Naxçıvan təkcə Azərbaycan məsələsi deyil, Qars Müqaviləsini, daha sonra 2021-ci ilin Şuşa Bəyannaməsini xatırlasınlar!
Sahib Alıyev
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında rəsmi İrəvanın destruktiv fəaliyyətinə diqqət çəkdi: “Ermənistan birinci dəfə deyil ki, belə çoxüzlü hərəkətlər edir. Onun da səbəbi aydındır – cənab Prezidentin ADA-dakı beynəlxalq forumda da vurğuladığı kimi, orada müxalifətli-iqtidarlı hamısı revanşizm haqqında düşünür. Eyni zamanda nasist ideologiyasının daşıyıcıları olsalar da, paradoksal təsir bağışlayacaq, amma heç biri öz toplumlarının marağından çıxış etmir. Onlar böyük dövlət və güclərin diqtəsi ilə hərəkət edirlər”. S.Alıyev erməni havadarlarına da diqqət çəkdi: “Baxın, regiondan uzaqdakı bosslarının rəsmisi Mərkəzi Asiya dövlətləri ilə Səmərqənddə keçirdikləri sammitdə Orta dəhlizi “qlobal qapı” adlandırıb. “Açar”ını da Ermənistana vermək niyyətlərini dilə gətirər-gətirməz şərti sərhədin Qazax rayonundan keçən hissəsində atəşkəs pozuldu. Yəni Orta dəhlizin keçdiyi yerin yaxınlığında. Bununla nə göstərilirdi? Yəqin Ermənistanla sərhədin açılıb, bu dalan ölkənin haba çevrilməsinin zəruriliyi, Gürcüstan üzərindən keçən kommunikasiyaların elə də etibarlı olmadığı burada diqqətə çatdırılırdı”.
Deputat qeyd etdi ki, İranla keçirilən birgə hərbi təlimlərin ardından Naxçıvanla şərti sərhəddə atəşkəsin pozulduğunu görürük: “Amma nə “ya Fatimeyi-Zəhra” hayqıraraq məscidləri yerlə yeksan edən, içində donuz saxlayanlarla birgə təlim keçirən əqidə qardaşları, nə də Qərbdəki səlibçi zehniyyətlilər təhlükəsizliyimizə təhdid yaradan Ermənistanın yenidən başı əziləndə yanında olacaqlar. Haylar indiyədək bir neçə dəfə bu acı gerçəyi yaşasalar da, təəssüf ki, hələ də düzgün nəticə çıxarana oxşamırlar. Və əgər bu davamlı atəşkəs pozulmaları martın ortalarında mediaya sızdırılan xəbərlərdən də göründüyü kimi, “bliskriq”ə (ildırımsürətli müharibəyə-red.) hazırlıq məqsədi daşıyırsa, tam məsuliyyətlə deyə bilərəm ki, bu, qarşı tərəf üçün yaxşı heç nə vəd etmir”.
Azərbaycan Prezidenti ötən həftə bildirdi ki, sülh üçün top Ermənistan tərəfdədir. Amma görünür, Ermənistan növbəti eskalasiyaya təhrik edilir. Yazı çapa hazırlanarkən ermənilərin sərhədə hərbi texnika daşımasını əks etdirən növbəti kadrlar yayıldı. Belə ki, Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi maşın karvanının hərəkəti qeydə alınıb. Axar.az xəbər verir ki, bu barədə görüntülər “Bez Tormozov” Telegram kanalı tərəfindən yayımlanıb. “Ermənistan Silahlı Qüvvələrinin fəallığının artması, təlimlərin keçirilməsi, eləcə də hindistanlı “dostlarından” alınan hərbi texnikanın sərhədyanı rayonlara daşınması – bütün bunlar onu göstərir ki, rəsmi İrəvan guya sülh istəyir, lakin onlar sülhdə maraqlı deyillər. Ermənistan təcavüzkar niyyət nümayiş etdirir və Azərbaycana qarşı təxribatlara hazırlaşır, bununla da revanşist ideyaları dəstəkləyir”, – kanal yaydığı məlumatda qeyd edib. Rəsmi İrəvan çox təhlükəli oyunun içərisindədir.
Bir neçə gün əvvəl cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının taktiki raket bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib. Plana uyğun olaraq ərazidə açılma, start mövqelərinin tutulması və texnikaların döyüşə hazır vəziyyətə gətirilməsi üzrə fəaliyyətlər icra olunub. Bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən məşğələdə şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib. Azərbaycan Ordusu düşmənin hər bir təxribatına hazırdır!