Dünyanın bir çox ölkəsi turist cəlb etmək üçün böyük səylər göstərdiyi bir vaxtda İtaliyanın Venesiya bölgəsi həddindən artıq turistlərə qarşı tədbir görməyə başlayıb.
Bu çərçivədə sıxlığı azaltmaq istəyən şəhər rəhbərliyi şəhərə gəlmək istəyən ziyarətçilərdən pul yığmağı düşünür.
Hazırda şəhərə gələn turistlərdən 5 avro ödəniş tələb edilməsi gündəmdədir.
Venesiya hökuməti şəhərin tarixi və mədəni irsini qorumaq üçün 2024-cü ilin aprel-iyul aylarında tətbiq etidiyi “giriş haqqı”nı yenidən alacaq.
Məlumata görə, sabahdan etibarən (18 aprel) şəhərə girişdə turistlərdən 5 avro tələb ediləcək.
Builki tətbiqin ən mühüm yeniliyi isə son anda bir günlük səfər etmək istəyənlərdən ikiqat haqq alınacağıdır.
Bu təcrübə şəhərə gələnlərin sayına o qədər də təsir etməsə də, gözlənildiyindən çox pul qazandırıb. Keçən il şəhər mərkəzinə giriş haqqı ödəmək məcburiyyətində qalan turistlər sayəsində 2,4 milyon avro gəlir əldə edilib.
Bu il onlayn da ödənilə bilən rüsum 5 avro olaraq qalacaq, lakin səyahətə üç gün qalmış alınan biletlər ikiqat bahalaşacaq. 14 yaşdan kiçik uşaqlar üçün ödəniş tələb olunmayacaq.
Qeyd edək ki, hər il təxminən 30 milyon insan Venesiyanı ziyarət edir və hazırda dünyada giriş haqqı alan ilk böyük turizm şəhəridir.