Ana səhifə XəbərlərCəmiyyət “Dağıstan və Azərbaycan veteranlarının birgə Forumu xalqlarımızın tarixi qardaşlıq əlaqələrinin təntənəsidir”

“Dağıstan və Azərbaycan veteranlarının birgə Forumu xalqlarımızın tarixi qardaşlıq əlaqələrinin təntənəsidir”

admin

“Dağıstan və Azərbaycan veteranlarının birgə Forumu xalqlarımızın tarixi qardaşlıq əlaqələrinin təntənəsidir”

 Aprelin 16-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasına səfər edib,  səfər əsnasında bir sıra görüşlər keçirib. Polkovnik Cəlil Xəlilovla söhbətimizdə səfər əsnasında keçirilən tədbirlər və bu tədbirlərin önəmindən bəhs etdik:

-Cəlil müəllim, öncə Dağıstan səfəri ilə bağlı fikir və təəssüratlarınızı bilmək istərdik. Bu səfəri hansı aspektlərdən daha faydalı hesab edirsiniz?

-Mən Dağıstan səfərini, bu səfər əsnasında keçirdiyimiz görüşləri həm Azərbaycan-Dağıstan veteranları arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, həm xalqlarımızım tarixi-mədəni birliyinin inkişafı, həm də tarixi həqiqətlərimizin təbliği baxımından olduqca faydalı hesab edirəm.

Məlumat üçün qeyd edək ki, biz Dağıstana Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və  Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədri Alicanov Maharam Ramaldanoviçin dəvəti əsasında səfər etmişdik. 17 aprel tarixində Dərbənd şəhərində faşizm üzərində qələbənin 80 illiyinə həsr olunan Dağıstan və Azərbaycan veteranlarının birgə forumunda iştirak etdik. Forum olduqca yüksək səviyyədə təşkil edilmişdi. Biz Forumda xalqlarımızın birgə mübarizəsi nəticəsində faşizm üzərində əldə edilən tarixi zəfərə diqqət çəkdik, bu zəfərin necə böyük qurbanlar və qəhrəmanlıqlar bahasına əldə edildiyindən danışdıq. Həmçinin, Forumda Azərbaycan və Dağıstan xalqının igid övladlarının müharibədə göstərdiyi qəhrəmanlıq salnamələrini qürur və iftixar hissi ilə xatırladıq. Bakı nefti, bu faktorun faşizm üzərindəki qələbədəki rolu da dönə-dönə qeyd edildi.

Forumun bədii hissələrində Dağıstan və Azərbaycan  xalqlarının dilində mahnılar səsləndirildi, milli mədəniyyətlərimizə məxsus rəqs nümunələri təqdim edildi. Bu Forum bir daha göstərdi ki, Dağıstan və Azərbaycan xalqları arasındakı tarixi dostluq əlaqələri əzəli olduğu qədər əbədi və qırılmazdır.

Forumda Dağıstan Respublikasının tanınmış dövlət xadimləri, ictimai-siyasi xadimlər, eləcə də çoxsaylı veteranlar iştirak edirdi. Dağıstan Respublikasının Milli Siyasət və Dini İşlər üzrə naziri Müslümov Enrik Selimoviç, “Dərbənd Şəhər” Şəhər Dairəsinin başçısı Əhməd Quliyev, Maxaçqala Şəhər Veteranlar Şurasının sədri Qahrimanov Ferezulla Aqakerimoviç, Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və  Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədrinin I müavini Barkuyev Barku Maqomedoviç, Dərbənd Şəhər Veteranlar Şurasının sədri Hacımurad Yacımurad İbramoviç, hüquq-mühafizə orqanlarının veteranı Ağagülov Əmirbəy Xıdıroviç, əmək veteranı Hüseynov Hüseynbala Yəhyayeviç və digərləri iştirak edirdi. Mən bütün bu şəxslərə, xüsusilə də Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimova, Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəsi general-mayor Əliyar Abdullayevə təşəkkür edirəm.

Eyni zamanda, səfərdə iştirakımıza verdiyi dəstəyə, göstərdiyi köməkliyə görə Azərbaycan Respublikasının Prezident Administrasiyasına, bütün əlaqədar dövlət qurumlarımıza minnətdaram.

-Səfər çərçivəsində daha hansı görüşlər keçirdiniz?

-Biz Forumdan sonra Dərbənd şəhərində Mirzə Kazım bəy adına olan mərkəzi kitabxanaya da səfər etdik, kitabxana rəhbərliyinə mərhum dövlət xadimləri Əziz Əliyev, Ümummilli lider Heydər Əliyevlə bağlı kitablar hədiyyə etdik.

Bizim üçün olduqca xoş oldu ki, Dərbənddəki mərkəzi kitabxanada Azərbaycan tarixinə aid qiymətli kitablar mövcuddur və bu kitablar böyük qayğı ilə qorunmaqdadır. Mərkəzi kitabxanada yaradılan şərait, xalqlarımızın minillik keçmişinə aid məlumatların böyük qayğı və sevgi ilə qorunması dost Dağıstan xalqının özünün və Azərbaycanın tarixinə, mədəniyyətinə, keçdiyi tarixi yola verdiyi yüksək qiyməti göstərir.

18 aprel tarixində biz Mahaçqala şəhərinə də səfər etdik, mərhum dövlət xadimi Əziz Əliyevin heykəl-kompleksini ziyarət etdik, gül dəstələri qoyduq. Həm mən, həm də Alicanov Maharam Ramaldanoviç veteranlar, məktəblilər, ictimai-siyasi fəallar qarşısında çıxış edərək Əziz Əliyevin Dağıstan və Azərbaycan xalqları arasındakı dostluq əlaqələrinin inkişafındakı tarixi rolundan danışdıq.

Mahaçqala səfəri zamanı biz bu şəhərdəki gimnaziyada da olduq. Burada təhsil alan şagirdlərin bilik səviyyəsi ilə yanaşı, yüksək vətənprəvərlik ruhu bizi sözün əsl mənasında heyran qoydu. Bir sözlə, bu səfər Dağıstan haqqında bizi yeni məlumatlar və dostlar qazandırdı, yeni əməkdaşlıqlar üçün geniş perspektivlər açdı.

-Cəlil müəllim, Dağıstan-Azərbaycan veteranları arasındakı əməkdaşlığın inkişafı üçün yaxın gələcəkdə hansı addımlar atmağı planlaşdırırsınız?

-Hesab edirəm ki, Dağıstan-Azərbaycan veteranları arasındakı əməkdaşlığın genişlənməsi sadəcə veteran təşkilatlarının deyil, ümumilikdə xalqlarımızın mənafeyi baxımından mühüm əhəmiyyətə malikdir. Heç kimə sirr deyil ki, zaman-zaman iki dost xalq arasında etimadsızlıq toxumları səpməyə çalışan, bu xalqları üz-üzə qoymağa çalışan məkirli qüvvələr olub. Lakin həm Dağıstan, həm də Azərbaycan xalqı bu qüvvələrə qətiyətlə “yox” deyib, onları ifşa edib. Xalqlarımız öz sayıqlığını, həmrəyliyini, birliyini qoruyub saxlayıb. Bu cür səfərlər xalqın bir hissəsi olan veteranlar arasında birliyin daha da güclənməsinə səbəb olur ki, bu da təxribatçı qüvvələr, kənar müdaxiləlr üçün meydanı daraldır.

Bundan başqa, bu səfər əsnasında səsləndirilən faktlar, müzakirə edilən tarixi həqiqətlər gənc nəsillərə də göstərir ki, Dağıstan və Azərbaycan xalqlarının dostluğu, qardaşlığı uzun əsrlərə, mən deyərdim ki, minilliklərə söykənir. Bizim borcumuz bu dostluq, qardaşlıq əlaqələrini qorumaq, inkişaf və təbliğ etməkdir.

Bu mənada yaxın gələcəkdə Dağıstanla Azərbaycan veteranları arasında qarşılıqlı əlaqələrin daha da inkişafı üçün bir sıra addımların atılması nəzərdə tutulub. Ümid edirəm ki, biz cari ildə Dağıstanlı veteranların ölkəmizə səfərinə nail olacaq, Dərbənd və Mahaçqala müzakirələrini Bakı və respublikalarımızın digər bölgələrində davam etdirəcəyik. Nümayəndə heyətinin işğaldan azad edilən ərazilərə səfərinin təşkili, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın bu ərzilərdə həyata keçirdiyi böyük abadlıq işlərinin dostlarımıza təqdim etmək də əsas istəklərimiz sırasındadır.

Dağıstan və Azərbaycan veteranları arasındakı əlaqələrin inkiaşfı üçün daha bir sıra addımlar nəzərdə tutulur ki, bu haqda mütəmadi şəkildə ictimaiyyətə məlumatlar verəcəyik.

Əminəm ki, atdığımız addımlar Azərbaycan-Dağıstan dostluğunu daha da möhkəmkəndirəcək, gələcək nəsillərə bu dostluğu inkiaşf etdirmək üçün daha böyük imkanlar yaradacaq.

Seymur ƏLİYEV

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00