İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri planlaşdırılır. Səfər çərçivəsində İran-Azərbaycan əlaqələrinin genişləndirilməsi fonunda görüşlər nəzərdə tutulub.
İran Prezidentinin Azərbaycana planlaşdırılan səfəri iki ölkə arasındakı münasibətlərin gələcək istiqamətinə necə təsir göstərə bilər və bu səfərdən sonra regional əməkdaşlıq sahəsində hansı yeni təşəbbüslərin ortaya çıxması gözlənilir?
“İran-Azərbaycan münasibətləri, xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra, tamamilə fərqli bir müstəviyə keçdi. Təəssüflər olsun ki, İranda hakim olan Tehran rejiminin həm Azərbaycana, həm də ümumilikdə Türk dünyasına qarşı mənfi və düşməncəsinə olan münasibəti iki ölkə arasında diplomatik əlaqələrin xeyli zəifləməsinə səbəb oldu. Xüsusilə də Tehrandakı səfirliyimizə qarşı həyata keçirilən terror aktı və bu hadisəyə İran dövlətinin verdiyi reaksiyalar, mən deyərdim ki, Azərbaycan-İran münasibətlərini minimum səviyyəyə endirdi”.
Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri, Güney Azərbaycan İcmasının təsisçisi və sədri Sayman Aruz Olaylar.az-a açıqlamasında deyib:
“Cənab Prezidentimizin də söylədiyi kimi, bu günə qədər həmin terror aktını törədən şəxsə qarşı heç bir cəza tədbiri görülməyib. Bu isə onu göstərir ki, İranın ədalət sistemi Azərbaycanın xeyrinə qərar vermək niyyətində deyil. Bu səbəbdən, açığı desəm, İranın Azərbaycana qarşı hər hansı müsbət addım atacağına inanmaq bir qədər çətin görünür. Amma önəmli bir məqam da var: İranda keçirilən son prezident seçkilərində, Azərbaycan türklərinin fəal iştirakı ilə cənublu, türk kökənli namizəd – cənab Məsud Pezeşkian qalib gəldi. Mən onun soyadına “Həkimoğlu” deyirəm – çünki “Pezeşk” fars dilində həkim deməkdir, “yan” isə nisbət bildirir. Yəni, “Pezeşkiyan” – “Həkim oğlu” deməkdir. Onun prezident seçilməsi, İranda yaşayan 45 milyondan artıq azərbaycanlının və ümumilikdə 70 milyon türkün böyük sevincinə səbəb oldu. Səsləndirdiyi fikirlər, bəyanatlar, etdiyi jestlər və atdığı bəzi addımlar onu göstərdi ki, o, Türk dünyası və Azərbaycan üçün müsbət addımlar atmaq niyyətindədir. Təbii ki, İrandakı panfars, mollakratiya sistemi buna imkan vermir, amma Həkimoğlu nəyisə dəyişmək üçün çalışır. Onun ilk xarici səfərini Azərbaycana edəcəyi gözlənilirdi, lakin İranın siyasi sistemi buna icazə vermədi. Sonrakı çıxışlarında səfər etməsə də, Azərbaycanla bağlı verdiyi mesajlar bizə ümid verdi”.
Sayman Aruz qeyd edib ki, Cənubi Azərbaycan əyalətlərinin Azərbaycanla iqtisadi və siyasi yaxınlaşması tarixi bir inteqrasiyanın əsasını qoya bilər.
“Xatırlayıram ki, bir neçə ay əvvəl etdiyi çıxışlardan birində belə dedi: “İranda mövcud olan əyalətlər, sərhəddə yerləşdikləri ölkələrlə siyasi, ictimai, iqtisadi və mədəni əlaqələr qurub, müstəqil şəkildə müqavilələr bağlaya bilərlər.” Bu, əslində İranın siyasi sisteminə qarşı bir addım idi, lakin olduqca təqdirəlayiq bir mövqedir. Bu halda Cənubi Azərbaycandakı Urmiya əyaləti, Qərbi Azərbaycan, Şərqi Azərbaycan (Təbriz mərkəzli), Ərdəbil (Ərdəbil mərkəzli), Gilan (Astara mərkəzli) və Zəncan (Zəncan mərkəzli) kimi bölgələr birbaşa Azərbaycanla inteqrasiya etməyə və yaxınlaşmağa başlaya bilər. Sayın Həkimoğlunun Azərbaycana səfəri və həmin səfərdə bu əyalətlərin rəhbərlərinin və iş adamlarının iştirak etməsi göstərir ki, bu istiqamətdə siyasi addımlar atılacaq. Əgər bu baş verərsə və iqtisadi müqavilələr əyalət rəhbərləri və xalqın özü ilə bağlanarsa, mən deyərdim ki, 1945-1946-cı illərdə itirdiyimiz Firqə hökuməti və onun qurulduğu ərazilər iqtisadi, siyasi və ictimai baxımdan yenidən Azərbaycanla bağlanmış olacaq. Zamanla bu əlaqələr, xüsusilə də iqtisadi əlaqələr, qardaşlıq və həmrəylik münasibətlərinin daha da dərinləşməsinə yardım edəcək. Mən hesab edirəm ki, bu əlaqələrin genişlənməsi Arazın hər iki tərəfində yaşayan Azərbaycan türkləri üçün olduqca vacib və əhəmiyyətlidir. İnşallah, bu səfərin nəticələri də müsbət olar”.
Sədr vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, xalqımızın iqtisadi, mədəni və siyasi birliyə doğru yaxınlaşacağına inanıram.
“Əgər dediyim istiqamətdə inkişaf etsə, çox yaxşı olar. Təbii ki, bu prosesə əngəl olmaq istəyənlər, onun uğursuz olması üçün çalışanlar da kifayət qədərdir. İranın daxilindəki panfars dairələr bu münasibətlərin qarşısını almağa çalışacaq. Amma hər halda mən belə düşünürəm ki, bu proses baş tutacaq. Gec-tez, xalqımız iqtisadi və mədəni baxımdan bir-birinə yaxınlaşacaq. Və elə də uzaq olmayan bir gələcəkdə, əgər dünyada siyasi vəziyyət dəyişərsə, biz də bu fürsətdən istifadə edərək, xalqımızın siyasi birliyini təmin edə bilərik”.
Səidə Ramazanova