Azərbaycanlı rəqqaslar Bişkek tamaşaçısını coşdurdu – REPORTAJ

Qırğıstanda Azərbaycan mədəniyyət günləri çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər – Xalq artisti Rüfət Xəlilzadə) “Mənim Azərbaycanım” adlı konsert proqramı təşkil olunub.

Musavat.com-un Qırğızıstana ezam olunmuş müxbiri xəbər verir ki, konsert Abdılas Maldıbaev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında keçirilib.

Bədii rəhbər, xalq artisti Rüfət Xəlilzadə jurnalistlərə açıqlmasında bildirib ki, proqram kifayət qədər zəngin tərtib olunub:

“Milli mədəniyyətimizi, ən qədim rəqs nümunələrimizi qardaş xalqa nümayiş etdirdik. Ümid edirik ki, qırğız xalqı bizim rəqslərimizi, musiqimizi unutmayacaqlar”.

Ansambl ilk olaraq “Mənim Azərbaycanım” adlı nömrə təqdim edib.

Azərbaycan Dövlət Rəqs Ansamblının kollektivi ilk anlardan tamaşaçıları ələ almağı bacardı. Rəqqaslarımız hər dəfə atlandıqca, dizüstə fırlandıqca tamaşaçılar təəccüblərini gizlədə bilmədilər. Kişi rəqqasların dinamik, mürəkkəb quruluşlu rəqslərini xanım rəqqasların zərif rəqsləri əvəz edirdi.

Rəqqaslarımız təkcə, rəqs etmədilər, həm də milli musiqi alətimiz nağarada məharətlə ifa etdilər. Ardınca nağara ilə rəqs də etdilər. Bu isə tamaçıları həqiqətən heyrətləndirdi.

Ritm, plastika, quruluş… Bir sözlə, hər bir rəqs ən xırda elementə qədər diqqətlə düşünülmüşdü.

Səhnədəki monitorda Azərbaycanın bir çox tarixi məkanının görüntüsünün verilməsi isə səhnə quruluşunu daha da dolğunlaşdırıb.

Ansambl həm milli, Azərbaycanı, həm də Qafqazı tərənnüm edən rəqslər təqdim ediblər.

Beləliklə, rəqqaslarımız qırğız tamaşaçıların könlünü fəth etdilər.

“Qavalla rəqs”, “Qazaxı”, “Yaylıqlarla rəqs”, “Nağaraçılar”, “Şalı-şalı”, “Qaytağı”, “Toy”, “Qılıncdar”, “Ağ çiçəyim”, “Çayçı” rəqslərinin ifa olunduğu konsert “Vətən” rəqsi ilə bitib.

Tamaşaçılar isə unudulmaz emosiyalara görə təşkilatçılara, Mədəniyyət Nazirliyinə təşəkkür edərək, təəssüratlarını Musavat.com-la bölüşdülər:

“Möhtəşəm rəqslər ifa olundu. Özümüzü Azərbaycanda hiss etdik. Təkrarolunmaz emosiyalar yaşadım. Rəqqaslar qarşısında baş əyirəm. Azərbaycan və qırğız xalqlarının dostluğu daim olsun!”

“Konsert yüksək səviyyədə təşkil olunub. Bütün rəqsləri diqqətlə izlədim. Kişilər də, xanımlar səhnədə çox gözəl görünürdülər. Yaxşı ki, bizim Azərbaycan mədəniyyətini tanımaq şansımız oldu”.

“Bu ansamblı canlı izləmək mənim arzum idi. Pozitiv emosiyalar aldım. Kostyumlar da o qədər gözəldir ki?!”

Qeyd edək ki, Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. Ötən 55 ildə kollektiv ABŞ, Yaponiya, İtaliya, Fransa, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Norveç, İsrail, Tunis, Əlcəzair, Türkiyə, Hindistan, Nepal, İsveçrə, Çin, İraq, Vyetnam, Mərakeş, Meksika, Braziliya, Kuba, Cənubi Koreya, Belçika, Səudiyyə Ərəbistanı, habelə keçmiş SSRİ məkanında parlaq ifası ilə milli rəqs sənətimizi layiqincə təbliğ edib.

Nigar HƏSƏNLİ,
Qırğızıstan, Bişkek
Musavat.com

Related posts

“Dağıstan və Azərbaycan veteranlarının birgə Forumu xalqlarımızın tarixi qardaşlıq əlaqələrinin təntənəsidir”

Zurab Sereteli vəfat etdi

Azərbaycanda məscidlərə “Qədim türklər” kitabı paylanılacaq