Avstraliyanın Viktoriya ştatında yerli hökumət yüzlərlə koalanın məhv edilməsini rəsmən sanksiyalaşdırıb.
Snayperlər vertolyotdan atəş açaraq 700-dən çox koalanı məhv ediblər.
Hadisə ictimaiyyətdə, xüsusən də heyvan hüquqlarını müdafiə edən təşkilatlar tərəfindən kəskin tənqid olunub.
Rəsmilərin açıqlamasına görə, bu qərara səbəb bölgədə baş verən meşə yanğınlarının yaratdığı acınacaqlı nəticələr olub. 2025-ci ilin martında baş vermiş yanğınlar 2000 hektardan çox kol bitkisini məhv edib. Nəticədə koalalar qida və su qıtlığı ilə üzləşərək aclıqdan ölmək təhlükəsi ilə qarşılaşıblar.
Viktoriya ştatının baş naziri Casinta Allan bildirib ki, bu ağır qərar “ətraflı qiymətləndirmələrdən” sonra qəbul edilib.
Lakin Koalaların Xilas Assosiasiyasının rəhbəri Cess Robertson vertolyotdakı snayperlərin heyvanların sağlamlıq vəziyyətini, balalı olub-olmadığını müəyyən edə bilməyəcəyini bildirib. Bu səbəbdən, onun sözlərinə görə, bu addım “yeganə və doğru seçim” sayıla bilməzdi.
Eyni zamanda, bu tədbirləri bəzi deputatlar da sərt şəkildə tənqid ediblər.
Xatırladaq ki, 2022-ci ildə koalalar nəsli kəsilməkdə olan heyvanlar siyahısına salınıb. Onların sayı sürətlə azalır. Əsas səbəb isə yaşayış mühitlərinin daralmasıdır. Koalaların əsas qida mənbəyi olan evkalipt yarpaqları, son illər təkrarlanan yanğınlar nəticəsində ciddi təhlükə altına düşüb.