Bütün ölkələrdə bəziləri danışmamalı olduqları sözləri danışır və çərçivələri sındırır, pozurlar. Bizim ölkəmizdə bəziləri hətta bizim özümüzü də qəbul eləmirlər.
Bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sonra iki ölkə arasında yaranan münasibətlərə dair sualı cavablandırarkən deyib.
“Biz – siyasi və ictimai elita çalışmalıyıq ki, bəzilərinin düşünülməmiş hərəkətləri yuxarılara təsir etməsin. Uşaqlıq illərimizdə bir-birimizlə dalaşar, sonra barışardıq. Ancaq böyükləri işə cəlb eləyəndə onlar küsülü qalırdı”, – İran Prezidenti qeyd edib.
Məsud Pezeşkian Azərbaycan vətəndaşlarına arzularını çatdırıb: “Biz böyüklər uşaqların davası ilə və əlaqələrimizə xələl gətirmək istəyən bəzilərinin təsiri altına düşməməliyik. Bütün vücudumuzla Azərbaycandakı bacı-qardaşlarımızı sevir, onları özümüzdən hesab edirik. Bütün əzizlərimizə başıucalıq, izzət və müvəffəqiyyət arzu edirik”.