Dünyanın müxtəlif ölkələrindən katolik kilsələrini təmsil edən kardinallar yeni papa seçmək üçün Vatikanda toplaşıblar. Kardinallar bu məqsədlə tikilmiş xüsusi qonaq evində qalırlar. Kardinallara içdikləri stəkandan atdıqları zibillərə qədər nəzarət edilir, hətta bəzi yeməkləri yemək də qadağan edilir.
Dünyanın müxtəlif ölkələrindən katolik kilsələrini təmsil edən 133 kardinal Sikstin kapellasında səsvermə yolu ilə yeni papa seçməyə çalışır.
Son illərdə keçirilən konklavlar (kardinal yığıncağı) orta hesabla 3 gün davam edir.
Müasir dövrdə keçirilən ən uzun konklav 5 gün davam edib. Papa Fransiskin seçildiyi 2013-cü ildəki sonuncu konklav 2 günə tamamlanmışdı.
Seçki üçün belə möhtəşəm bir yerin seçilməsinin səbəbi burada hər şeyin “bir gün hər kəsi mühakimə edəcək tanrının varlığını xatırlatması” ilə izah edilir.
Dünən axşam və bu səhər Vatikanda keçirilən səsvermə qara tüstü ilə nəticələnib. Papa seçkilərinin Sikstin kapellasında keçirilməsi qaydası 1878-ci ildən qüvvədədir. Papanın seçkisinin hələ nəticələnmədiyini qara, seçildiyini isə ağ tüstü ilə xarici dünyaya elan etmək ənənəsi də bu tarixdə yaranıb.
“The New York Post”un yazdığına görə, “Müqəddəs Marta”nın evindəki bufetdə din xadimləri üçün sadə yeməklər, o cümlədən sadə spaqetti, qaynadılmış tərəvəzlər, lobya, soğan, kərəviz və yerkökü ilə hazırlanmış minestron şorbası, quzu şiş kabab kimi sadə yeməklər təqdim edilir.
Kardinal Mauro Piacenza “The New York Times”a danışarkən qonaq evinin yeməklərindən narazılığını ifadə edib. O, yeməkləri “bir qatar stansiyasında ala biləcəyiniz yemək” kimi təsvir edib.
Digər italyan kardinalı Qianfranko Ravasi də çox yaxşı şeylər yemədiklərini bildirib.
Mətbuata açıqlama verən bəzi din xadimləri isə o qədər də açıq danışmasalar da, bufetdəki yeməkləri “dadsız, duzsuz makaron” və “sulu souslar” kimi qələmə veriblər.
Təvazökarlığı ilə tanınan Papa Fransisk papalıq dövründə dəbdəbəli papalıq mənzilləri əvəzinə Müqəddəs Marta evində yaşayırdı. Ona görə də ola bilsin ki, bufetdə verilən yeməklərin sadəliyi Frensiskin təvazökarlığa önəm verməsinin nəticəsidir.
Konklav zamanı mütləq məxfilik var ki, bu da latınca “açarla” mənasını verən “cum clave” ifadəsindən yaranıb. Bu müddət ərzində kardinallar Vatikanı tərk edə bilmirlər, heç bir kütləvi kommunikasiya vasitələrindən istifadə edə bilmirlər, hətta Vatikanın ətrafında quraşdırılmış siqnal qarışdırıcılara görə onların mobil telefonları belə işləmir.
Bu qaydaları pozanlar kilsədən xaric edilmə cəzası ilə üzləşirlər.
Kardinallara verilən yeməklər də xarici dünyadan heç bir mesajın keçməməsi üçün diqqətlə nəzarət edilir.
Bu səbəbdən, konklav zamanı bəzi qidalar qadağandır, məsələn, bütöv toyuqlar, doldurulmuş ravioli, örtülmüş piroqlar və riqatoni ilə kəsilmiş makaronları yemək olmaz. Bu qidaların içərisinə xarici dünya ilə ünsiyyəti təmin edəcək bir cihazın yerləşdirilə biləcəyi düşünülür.
Kardinalların yediyi bütün yeməkləri Müqəddəs Marta Evində rahibələr bişirirlər. Sözügedən rahibələr xüsusi olaraq konklav üçün Vatikana gələrək məxfilik andı altında heyətə qatılıblar.
Qidaya olan bu həssaslığın kökləri papalığın bugünkündən qat-qat daha siyasi mövqedə olduğu dövrə gedib çıxır. Çünki həmin illərdə kardinalların seçkilər zamanı xarici aləmlə əlaqə saxlamasının çox ağır nəticələri oldu.
O zamanlar papanın seçilməsinin kilsənin ixtiyarına buraxılmayacaq qədər vacib olduğunu düşünən Avropa hökmdarları kardinalların qapalı qaldığı günlərdə baş verənlərdən çox vaxt xəbərdar idilər. Məsələn, amerikalı tarixçi Frederik J. Baumqartnerin “Bağlı qapılar arxasında: Papa seçkilərinin tarixi” kitabında yazdığına görə, kardinallar 1549-cu ildə görüşəndə Müqəddəs Roma İmperatoru V Karl ruhanilərə “Avropanın ən qüdrətli adamı tualetə gedəndə də xəbər tutacağaı barədə xəbər göndərmişdi.
5 ildən çox davam edən (1006 gün) konklavda seçilən X Papa Qriqori 1274-cü ildə verdiyi qərarla kardinalların konklav zamanı yeyəcəkləri yeməklər və məxfiliklə bağlı qaydaları müəyyən edib.
Bu qaydalara yalnız şəffaf fincan və stəkanlardan istifadə etmək, bütün salfetləri və zibilləri diqqətlə yoxlamaq kimi detallar daxildir.
BBC-nin məlumatına görə, qaydaların əsas səbəbi siyasi gərginliyin yüksək olduğu bir vaxtda kardinalların zəhərlənmə qorxusunun qarşısını almaq olub.
Digər tərəfdən, yemək də konklav prosesini sürətləndirmək üçün bir yol idi. Konklavların həftələrlə, hətta aylarla davam etməsinin qarşısını almaq istəyən papa kardinalların qərar qəbul etmələrini asanlaşdırmaq üçün kardinalların konfortsuz şəraitdə olmasını uyğun görmüşdü.
Hazırlanmış bütün yeməklər Vatikan mühafizəçiləri tərəfindən iki dəfə yoxlanılır və sonra divara quraşdırılmış fırlanan şkaf vasitəsilə konklavın keçirildiyi zala göndərilidi.
Sikstin kapellası konklavın keçiriləcəyi yer kimi müəyyən edildikdən sonra kardinallar Vatikanda freskalarla bəzədilmiş binada qalmağa başlayıblar. Bura çox rahat yer deyildi. Kardinallar otaqları beş və ya altı nəfərlik qruplarla bölüşür və şəxsi məkanlarını pərdələrlə ayırmalı olurdular. Hamamların sayı da məhdud idi.
Sonradan polşalı papa dövründə kardinallar üçün qonaq evi inşa edilib.