Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Bu barədə  Yasamal MKS-dən məlumat verilib.

Tədbiri açan Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova Ümummilli Lider Heydər Əliyevin dövlət və siyasi fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində tarixi xidmətlərindən danışıb. Görkəmli dövlət xadiminin respublikaya rəhbərliyi dövründə təhsil və mədəniyyət müəssisələrinin zəngin şəbəkəsinin yaradıldığını, respublikadan kənarda Azərbaycan üçün yüksəkixtisaslı mütəxəssislərin, xüsusən milli hərbi kadrların hazırlanması, Azərbaycanın milli təhsil sisteminin əsasının qoyulması üçün mühüm işlər görüldüyünü vurğulayıb.

Yasamal rayon MKS-nin direktoru müstəqillik dövründə Heydər Əliyevin xilaskarlıq fəaliyyətini, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edildiyini, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

AMEA-nın müxbir üzvü və ictimai xadim Sevda Məmmədəliyeva söylədiyi nitqində Ulu Öndərin ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini, Qarabağın əbədi azadlığına qovuşduğunu, antiterror tədbirləri ilə başlayan və sonda Xankəndidə Azərbaycan Bayrağının qaldırılması ilə ölkəmizin tam və qətiyyətli Zəfərə nail olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, bu gün Azərbaycan dünya miqyasında rəğbət olunan, geosiyasi məsələlərlə bağlı mövqeyi böyük güc mərkəzləri tərəfindən nəzərə alınan müstəqil, güclü bir dövlətdir. Bütün istiqamətlərdə qaliblər sırasında yer alan Azərbaycanın tarixi qələbələrinin əsası keçən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Cavanşir Feyziyev görkəmli dövlət xadimi Heydər Əliyevin sovet hökumətinin ən sərt dövründə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəb yaratdığını xatırladıb. O, sovet rejiminin hökmran olduğu bir vaxtda milli zabit kadrların hazırlanmasına yönəldilmiş bu təşəbbüsün böyük hünər tələb etdiyini vurğulayıb.

Respublika “Xatirə” kitabının baş redaktoru Nəzakət Məmmədova çıxışında Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən birinin azərbaycançılıq məfkurəsinin, milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrildiyini qeyd edib.

Uşaq yazıçısı, professor Solmaz Amanova Azərbaycanın dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr vermiş Ulu Öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən danışıb.

Yazıçı-publisist, politoloq Reyhan Mirzəzadə çıxışında qeyd edib ki, dünya miqyasında tanınmış siyasi xadim Heydər Əliyev fenomenal şəxsiyyət idi və o, müstəqil Azərbaycanın memarı olub. Heydər Əliyevin xidmətləri misilsizdir, bu fenomeni böyük alimlər və siyasi xadimlər öyrənməlidir.

Uşaq yazıçısı, şair Gülzar İbrahimova Ulu Öndərin adını daşıyan respublika miqyaslı muzey və mərkəzlər, olimpiya mərkəzləri, Heydər Əliyevin adının verildiyi orden, mükafat, fond, medallar və bir çox müxtəlif istiqamətlərə aid ensiklopedik kitabların əhəmiyyətindən və onların gələcək nəsillərə mənəvi miras əhatə etdiyini qeyd etdi.

Tədbir iştirakçıları Ümummilli Liderlə bağlı xatirələrini bölüşüblər.

Sonda kitabxana əməkdaşlarının hazırladığı “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” adlı kitab sərgisi və Ulu Öndər haqqında videoçarx nümayiş olunub.

Related posts

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Ruh-ül-ərvah” bədii konsert proqramı təqdim olunub VİDEO

Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir təşkil edilib

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı konfrans keçirilib VİDEO