Ana səhifə XəbərlərCəmiyyət İllərin sınağından çıxan ilk və yeganə dərslik – Qəzənfər Paşayev yazır

İllərin sınağından çıxan ilk və yeganə dərslik – Qəzənfər Paşayev yazır

admin

Görkəmli ədəbiyyatşünas alimimiz, professor Elman Quliyev uzun illər “Türk xalqları ədəbiyyatı” dərsliyi üzərində çalışır. Təhsil Nazirliyinin qrifi ilə 2011-ci ildə ilk dəfə çap olunan dərsliyin təkmilləşdirilmiş yeni çapı (Bakı, “Elm və təhsil”, 2025, 864 s.) təzəcə işıq üzü görmüşdür. Dərslik illərin sınağından çıxan və Azərbaycanın əlaqədar dövlət universitetlərinin tədris proqramlarına cavab verən ilk və yeganə dərslikdir. Dərsliyə tanınmış alim və ictimai xadim, millət vəkili, Beynəlxalq Mahmud Kaşqari Fondunun Prezidenti Cavanşir Feyziyev “Böyük türk ideallarına xidmət edən kitab” adlı son dərəcə maraqlı, dərsliyin məqsəd və amalını açıqlayan “Ön söz” yazmışdır. Cavanşir müəllim doğru olaraq xüsusi  vurğulayır ki, ümumtürk həmrəyliyi və birliyinin möhkəmlənməsi və inkişafında ədəbiyyatın rolu böyükdür. Məqalədə İbn Sina, Nizami, Nəsirəddin Tusi, Cəlaləddin Rumi, Nəsimi, Füzuli, Nəvai, Məxtumtuqulu, Abay, Çingiz Aytmatov, Şəhriyar, Səməd Vurğun kimi ədəbiyyat korifeylərinin bədii irsi mənəviyyatımızın zəngin xəzinəsi kimi dəyərləndirilir və bu çərçivədə mühüm vasitə hesab olunduğunu və ortaq mədəniyyət konsepti yaratdığını qeyd edir.

“Türk xalqları ədəbiyyatı” türk xalqları arasında yaranan mənəvi körpünün ən sağlam dayaqlarından biridir. Türkdilli xalqların milli ədəbiyyatlarının ümumtürk ədəbi dəyərləri kontekstində öyrənilməsi günün tələbidir.

Bu, dərsliyin orijinallığını və yeniliyini şərtləndirən amildir. Ona görə ki, Sovet dönəmində Sovet məkanında yaşayan türkdilli xalqların arasında ən çox güclü olan ədəbi-elmi əlaqələr sovetlər çökəndən sonra yox dərəcəsinə endi. “Türk xalqları ədəbiyyatı” öncəki ədəbi-elmi əlaqələrin bərpasında əhəmiyyətli rol oynayır. Mən professor Elman Quliyevin bu əvəzsiz dərsliyinə hər şeydən əvvəl bu müstəvidən baxır və yüksək qiymətləndirirəm.

2024-cü ildə ortaq türk əlifbası barədə qərar qəbul edildi. Ortaq əlifba, təbii ki, türk, Azərbaycan, qazax, qırğız, türkmən, özbək, tatar, başqırd, yakut, qaqauz, qaraqalpaq xalqlarının bir-birini daha yaxşı anlamasını, dillərin yaxınlaşmasını təmin edəcək. Elman Quliyevin dərsliyi bu amala xidmət etdiyinə görə, türkdili xalqların dilləri və ədəbiyyatlarının yaxınlaşmasının göstəricisidir. Ortaq türk əlifbasının yaradılması zamanın tələbi olduğu kimi ortaq türk ədəbiyyatımızı əhatə edən dərsliyin olması da günün ən aktual problemlərindəndir.

Təsadüfi deyil ki, alimin “Türk xalqları ədəbiyyatı” dərsliyi 2022-ci ildə özbək dilinə tərcümə olunaraq böyük tirajla Daşkənddə, 2024-cü ildə isə Türkiyədə çap olunub. Hər hansı bir dərsliyin başqa xalqlar arasında yayılması böyük hadisədir. Bu, birdən-birə baş verməmişdir. Professor Elman Quliyev türkdilli xalqlar arasında tanınan və etiraf edilən alimdir. Elman Quliyev neçə-neçə dəyərli əsərlər müəllifidir: “Türkiyə türk ədəbiyyatı”, “Müasir özbək ədəbiyyatı tarixi”, “Orta əsrlər türk xalqları ədəbiyyatı” və s. kitabları deyilənlərə dayaq olur. O, türkdilli dövlətlərdə keçirilən Beynəlxalq elmi konfranslarda ən arzuolunan iştirakçılardan birinə çevrilmişdir. Alimin konfranslardakı çıxışları və məqalələri elmi-nəzəri səviyyəsi və pedaqoji əhəmiyyəti baxımından fərqlənir.

Ona görə ki, o, bir an belə pedaqoji fəaliyyətdən ayrılmır, dərs vaxtı dərslikdə düzəlişlərin aparılmasını görür və dərsliyini həm pedaqoji-praktik cəhətdən, həm də elmi-nəzəri cəhətdən təkmilləşdirmək şansı əldə edir.

Professor Elman Quliyev “Türk xalqları ədəbiyyatı” dərsliyinə iki səhifədən ibarət yığcam “Giriş” yazmışdır. “Giriş”də türk xalqlarının tarixinə nəzər salınır, müasir dövrümüzdən fərəhlə söz açılır. “Türk xalqları ədəbiyyatı” dərsliyinin yaranma zərurətindən, məqsəd və vəzifələrindən bəhs edir.

“Giriş”dən sonra şərti olaraq dərsliyin 1-ci bölümü adlandırdığımız “Türk dastan yaradıcılığı”, “Türk dastanları”, “Mahmud Kaşqarlı”, “Təsəvvüf cərəyanı”, “Təsəvvüf cərəyanı və onun özəl xüsusiyyətləri”, “Ümumtürk yazılı ədəbiyyatı”, “Yusif Balasaqunlu” və “Əhməd Yəsəvi” bölmələri gəlir. Bundan sonra isə “Türkiyə Türk ədəbiyyatı”, “Azərbaycan ədəbiyyatı”, “Özbək ədəbiyyatı”, “Türkmən ədəbiyyatı”, “Qazax ədəbiyyatı”, “Tatar ədəbiyyatı”, “Qırğız ədəbiyyatı” və “İraq türkman ədəbiyyatı” fəsilləri gəlir.

Xalqımızın bir parçası olan iraqlı soydaşlarımıza, onların yazılı və şifahi ədəbiyyatına geniş yer verdiyinə görə iraqlı soydaşlarımız adından professor Elman Quliyevə minnətdarlığımı bildirirəm. Türkmaneli ədəbiyyatına epiqraf kimi Ulu öndər Heydər Əliyevin: “Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq Türkmanları bir bütövün parçalarıdır” tarixi sözləri müəllifin çox gərəkli işinə işıq tutur.

Professor Elman Quliyev bu fəslin giriş hissəsində Türkmaneli folkloruna, onların ədəbiyyat tarixinə və çağdaş durumuna nəzər salmış, İraq türkman ədəbiyyatını yaradıb-yaşadanlardan bəhs etmişdir. Görkəmli şairlərdən Əbdüllətif Bəndəroğlu, Nəsrin Ərbil və Salah Növrəsə geniş oçerklər həsr etmişdir.

Professor Elman Quliyevin gördüyü misilsiz işin dəyərinə kölgə salmadan, arzu, istək  formada qeydlərimizi müəllifin nəzərinə çatdırmaq istərdim. Dərslik yığcam olmalı, ədəbiyyatçılara daha geniş yer verilməlidir. 864 səhifəlik dərslik ola bilməz. Bu heç cür tədris proqramına sığmaz. Müəllif dərsliklə müntəxabat materiallarını bir yerdə verməklə dərsliyin qarşısında qoyulan tələbləri pozmuşdur. Elə yazıçı və şairlər var ki, yaradıcılığına 30 səhifədən artıq yer verilmişdir.

Nəticədə, qırğız ədəbiyyatından yalnız Çingiz Aytmatova yer verilmişdir.

Bəzi xalqların çağdaş ədəbiyyatı tədqiqata cəlb olunmayıb. Məsələn, Türkmən ədəbiyyatında Dövlət Məhəmməd Azadi və Məxtumqulu Fəraqidən sonra ədəbiyyata gələn qələm sahiblərinə yer verilməyib. Eləcə də tatar ədəbiyyatından İsmayıl Qaspiralı, Çengiz Dağçı və Musa Cəlildən başqa kimsə dərsliyə daxil edilməyib. Musa Cəlilin müharibədə həlak olmasından az qala bir əsr ötür. Bu yaxınlarda Tatarıstanın, eləcə də Qırğızıstanın xalq şairi Bakıya gəlmişdilər. Nəzərə almaq, əlaqə saxlamaq, ədəbiyyata cəlb etmək lazımdır.

Dərslikdə Azərbaycan ədəbi dilini hakim ərəb-fars dilləri səviyyəsinə qaldıran İmaməddin Nəsiminin adına rast gəlinməməsi ən azı təəssüf və təəccüb doğurur.

Azərbaycanda sərbəst şeir məktəbi yaradan Rəsul Rzanın dərsliyə daxil edilməməsi doğru deyil. Rəsul Rzasız sərbəst şeirdən necə danışmaq olar.

Qəribədir ki, dərslikdə sərbəst şeirdən söhbət getmir.

Mənə belə gəlir ki, dərslik tale məsələsidir. Dərsliyə kimlərin daxil edilməsi məsələsi Yazıçılar Birliyində və Akademiyanın Ədəbiyyat İnstitutunda müzakirə olunmalıdır. Doğrudur, “Türk xalqları ədəbiyyatı” dərsliyinə daxil edilən Nizami, Füzuli, Axundov, Sabir, Cavid, Şəhriyar, Səməd Vurğun, Mirzə İbrahimov doğru seçimdir.

Mənə belə gəlir ki, dərsliyin gələcək nəşrlərində Nəsimi, Rəsul Rza, Bəxtiyar Vahabzadəyə altmışıncılar nəslinin nümayəndəsi Məmməd Araza, Aşıq Ələsgərə də yer veriləcəkdir. Bu o vaxt mümkün olacaq ki, dərslikdən müntəxabat hissəsi çıxarılıb, ayrıca kitab kimi nəşr olunacaq.

Qənaətim budur ki, adını çəkdiyim görkəmli yazarlarımız dərsliyə daxil edilməsə, Azərbaycan ədəbiyyatı yarımçıq görünər.

Bir arzumu da bildirmək istərdim. Hər xalqın ədəbiyyat nümayəndələri haqqında yazmadan əvvəl icmal verilsə həmin xalqın ədəbiyyatı barədə fikir formalaşar, dərsliyin sanbalı və dəyəri artardı.

Professor Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” dərsliyi orijinallığı, yeniliyi, aktuallığı ilə seçilən, gərəkli bir abidədir. Zamanında ucaldılan bu abidəyə görə müəllifi ürəkdən təbrik edir, yeni-yeni uğurlar diləyirəm.

Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00