İyun ayının 14-də ümumtəhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri keçiriləcək. 11 illik təhsilini başa vuran məzunlar üçün məktəbdəki son dərs günü kimi yadda qalan bu tarix münasibətilə təhsil ocaqlarında müxtəlif tədbirlər planlaşdırılır.
Lakin “Son zəng” günü ilə bağlı bəzi neqativ halların, xüsusilə, müəllimlərin şagirdlərdən və valideynlərdən hədiyyə tələb etməsi ilə bağlı faktların qarşısını almaq məqsədilə aidiyyəti qurumlardan xəbərdarlıq edilib.
Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyindən cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrinə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərilib.
Təlimatda qeyd edilən qaydalara əməl etməyən məktəb rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürülməsi nəzərdə tutulur.