Astarada ötən həftə açılan piyada körpüsünü sel suları dağıdıb – FOTO

Son günlər cənub bölgəsində yağan aramsız intensiv yağışlar Astara rayonunun Şiyəkəran kəndində yeni salınan piyada körpüsünü dağıdıb.

Sakinlərin dediyinə görə, körpü illərdir qəzalı vəziyyətdə olub.

Qeyd edilib ki, son dəfə yağan yağışlar zamanı çayda suyun səviyyəsi artıb və qəzalı körpünü sel suları aparıb. Bundan sonra əraziyə ağır texnikalar cəlb olunub, köhnə körpü tamamilə sökülüb, yerində yeni piyada körpüsü salınıb. Lakin ötən həftə salınan yeni körpünün ömrü cəmi iki-üç gün çəkib.

Sakinlərin istifadə edə biləcəkləri alternativ yol isə təqribən 6 km məsafədə yerləşir. Bu yoldan da yalnız piyadalar və kiçik həcmli maşınlar istifadə edə bilərlər. Həmin körpü də qəza vəziyyətində olduğu üçün fermerlər əkdikləri sitrus meyvələrini bazara çıxarıb sata bilmirlər.

Şiyəkəran kənd inzibati dairəsi üzrə nümayəndə Elşad Məcidov bildirib ki, çoxtonnajlı maşınlar üçün nə davamlı körpü var, nə də əlverişli yol.

“Hazırda vətəndaşlar öz məhsullarını bazara ancaq alternativ yoldan istifadə etməklə minik maşınları ilə çıxara bilərlər. Piyada yolu salınana kimi, şagirdlər də alternativ yollardan istifadə edərək məktəbə gedə bilirlər”, – deyə o əlavə edib.

 

Related posts

Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur

AŞPA-nın keçmiş vəzifəlisi öldü

Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb