“Bu gün Azərbaycanın enerji sahəsində yürütdüyü siyasətin əsas prioriteti enerji sahəsinin şaxələndirilməsidir. Yəni Azərbaycan təkcə neft-qaz ölkəsi kimi deyil, eyni zamanda mövcud potensial və resurslarından istifadə etməklə alternativ enerji sahəsində ciddi oyunçuya çevrilməyi qarşısına hədəf qoyub. Cənab prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycan qısa zaman kəsiyində də bu sahədə ciddi uğurlar əldə etməkdədir. İkinci Qarabağ savaşından sonra Azərbaycan Cənubi Qafqazda yaratadığı reallığa uyğun olaraq daha çox alternativ enerjiyə keçid istiqamətində ciddi layihələr həyata keçirməkdədir”.
Bunu açıqlamasında deputat Əliabbas Salahzadə deyib.
Əlavə edib ki, bu, Azərbaycanın məqsədli seçimidir: “Bu, təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfə verməsidir.
Bu sahədə Azərbaycanın böyük potensialı olduğundan ölkəmiz alternativ enerji sahəsində də beynəlxalq enerji bazarında ciddi oyunçuya çevriləcək. Yaxın illərdə biz bunun da şahidi olacağıq.
Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasiminin keçirilməsi də bu istiqamətdə atılan ilkin addımlardan biridir. Bu layihənin reallaşması, Azərbaycanın dövrün hər bir çağırışını yüksək səviyyədə cavablandırmaq üçün böyük potensiala malik olmasını göstərir. Bu isə tərəfdaşlarının sayının artmasında, iqtisadi əlaqələrinin daha da genişləndirilməsində əhəmiyyətli rol oynayacaq. Qaradağ Günəş Elektrik Stansiyasının qısa müddətdə, ilyarım ərzində açılış mərasimi Azərbaycanın enerji sahəsinin şaxələndirilməsi və davamlı iqtisadi inkişaf baxımdan mühüm addımdır. Bununla 110 mindən çox ev elektrik enerjisi ilə təmin ediləcək və karbon dioksid emissiyalarını ildə 200 min ton azalacaq. Bu, həm də Azərbaycana yeni investisiyaların axını, iqtisadiyyatın inkişafı, güclənməsi, əlavə gəlirlərin əldə edilməsi, yeni iş yerlərinin açılması, əhalinin sosial və rifah halının yaxşılaşması baxımdan mühüm əhəmiyyət kəsb edən layihədir”.
Deputat əlavə edib ki, bu layihələrin davamı olaraq tez bir zamanda işğaldan azad olunmuş Qarabağ, Şərqi Zəngəzur, o cümlədən Naxçıvan Muxtar Respublikasının da yaşıl enerji zonasına çevriləcəyi gözlənilir.