Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə dekabrın 9-da 2023-cü ilin yekunlarına dair nazirliyin Kollegiya iclası keçirilib.
İclasda nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər.
İclasda Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən 2023-cü il ərzində ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən, həmçinin şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsi və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Azərbaycan Ordusunun cari il ərzində xidməti-döyüş fəaliyyətinin təhlili zamanı təlimlərin qoşunların döyüş qabiliyyətinin, eyni zamanda şəxsi heyətin peşəkarlığının artırılmasına müsbət təsir göstərdiyi bildirilib.
Qoşunların imkan və qabiliyyətlərinin yüksəldilməsi, əməliyyat və döyüş hazırlığı, kəşfiyyat xidməti, peşəkar kadrlarla komplektləşdirilməsi və digər sahələrdə əldə edilən nailiyyətlər diqqətə çatdırılıb.
Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində Azərbaycan Ordusunda aparılan islahatlar nəticəsində 2023-cü il ərzində hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə qazanılan uğurlar, həmçinin növbəti ildə planlaşdırılan tədbirlər iştirakçıların diqqətinə çatdırılıb.
Kollegiya iclasında, həmçinin Ordumuzun müasir tələblərə cavab verən silah və texnika ilə təchizatı, azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə aparılan quruculuq işləri, yeni istifadəyə verilən hərbi infrastruktur obyektləri, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində cari ildə icra edilən fəaliyyətlər barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, digər illərdə olduğu kimi 2023-cü il ərzində də qoşunların, o cümlədən dağlıq ərazilərdə, sərt iqlim şəraitində xidmət aparan bölmələrin bütün növ təminatı müvafiq normalara uyğun həyata keçirilib, zəruri ehtiyatlar yaradılıb.
İclasda postmüharibə dövründə olan Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğu bildirilib, hərbi intizam pozuntusu, eləcə də digər neqativ halların əvvəlki illərə nisbətən xeyli azaldığı xüsusi vurğulanıb. Ordumuzda mövcud nizam-intizam göstəricilərinin bir çox qabaqcıl xarici ölkələrin silahlı qüvvələrindən də yüksək olduğu qeyd edilib.
Aylıq vəzifə maaşlarının artırılması və digər islahatları əhatə edən yeni qanun layihələrinin hərbi qulluqçuların peşəkarlığının, həmçinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edəcəyi əminliklə ifadə olunub.
İclasın yekununda çıxış edən general-polkovnik Z.Həsənov Ali Baş Komandan tərəfindən 2024-cü il üzrə Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqları kollegiya iştirakçılarına çatdırıb.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında Ordumuzun fəaliyyətini yüksək qiymətləndirməsinin gələcək xidmətimiz üçün böyük stimul olduğunu bildirib.
Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun regionda sülhün bərqərar olmasına zəmin yaratdığını vurğulayan nazir Ordumuzun bundan sonra da qarşıya qoyulan istənilən tapşırıqların dəqiq icrasına hazır olduğunu qeyd edib.
Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, qoşunların döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərin intensivliyinin artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Döyüş növbətçiliyinin aparılması, eləcə də gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması barədə müvafiq göstərişlər verilib.
General-polkovnik Z.Həsənov qış mövsümündə əsas diqqətin dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminatına yönəldilməsi, yaradılan bütün növ ehtiyatın ciddi nəzarətdə saxlanılması ilə əlaqədar aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Sonda müdafiə naziri bölmələrin döyüş hazırlığı və şəxsi heyətin fərdi peşəkarlığına xüsusi diqqətin yetirilməsi, eləcə də 2024-cü ildə qarşıda duran vəzifələrin icrası ilə bağlı tələblərini iştirakçılara çatdırıb.