ABŞ-da respublikaçılar prezident seçkilərində qalib gələrsə, Ukrayna Rusiyaya təslim ediləcək… Eyni zamanda, Ağ Evə sahiblənəcəyi təqdirdə, Donald Tramp NATO-dan çıxaraq, ABŞ-ı bu “yük”dən xilas etmək niyyətini də gizlətmir…
Beynəlxalq məkanda ciddi siyasi ajiotaj yaşanmağa başlayıb. Qərb siyasi dairələri ABŞ-da keçiriləcək növbəti prezident seçkilərindən narahatdır. Birincisi, ABŞ-ın seçki ilinə girməsi Ağ Evin xarici siyasət kursunda fərqli dəyişikliklər etməsinə yol açıb. Üstəlik, bu proses hər ötən gün daha da intensivləşir. Digər tərəfdənsə, ABŞ-da növbəti prezident seçkilərinin necə nəticələnə biləcəyi ətrafında müəmmalı sualların çoxluğu da Qərbdə narahatlığın bir başqa səbəbidir. Hər halda, ABŞ-ın yeni prezidenti dünyada cərəyan edən mövcud hərbi-siyasi proseslərin istiqamətlərini təməldən dəyişə bilər.
Onu da qeyd etmək lazımdır ki, səsvermənin keçirilməsinə hələ bir ilə yaxın bir müddət qalsa da, ABŞ-da seçki mübarizəsi artıq amansız xarakter almağa başlayıb. Belə ki, respublikaçılar hazırda Bayden administrasiyasına qarşı hücum taktikası tətbiq edirlər. Onlar ABŞ Konqresində çoxluğu ələ keçirmələrindən maksimum səviyyədə istifadə etməklə, Bayden administrasiyasının hərbi-siyasi layihələrini bloklamağa çalışırlar. Və hazırda Ağ Ev demək olar ki, “topal ördək” vəziyyətinə düşüb.
Maraqlıdır ki, respublikaçılar ABŞ-da prezident seçkilərinin vaxtından əvvəl keçirilməsi məqsədilə də müxtəlif ssenariləri işə salmış kimi görünürlər. Belə ki, respublikaçılar prezident Co Baydenə qarşı impiçment tətbiq olunmasına cəhd göstərirlər. Son məlumatlara görə, ABŞ Konqresinin aşağı palatasında Ağ Ev sahibinin fəaliyyətində ABŞ-ın dövlət maraqlarına zərbə vuran məqamların araşdırılmasına yönəlik qətnamənin qəbul edilməsinə hazırlaq başlayıb. Və bu, ABŞ demokratları üçün olduqca ciddi siyasi təhlükə sayılır.
Çünki əgər, respublikaçılar öz istəklərinə nail ola bilsələr, onda bu proses prezident Co Baydenə qarşı impiçmentin tətbiq olunmasına qədər inkişaf edə bilər. Bu haldasa, Ağ Ev sahibinin hakimiyyətdən kənarlaşdırılması qaçılmaz xarakter daşımış olacaq. Nəticədə, Bayden administrasiyası siyasi-hüquqi yolla devrilmiş olacaq və prezident seçkiləri nəzərdə tutulduöu kimi, gələn il noyabrın 5-də deyil, daha erkən tarixdə keçiriləcək. Və bu, vaxtilə demokratların keçmiş prezident Donald Trampa qarşı analoji davranışlarına verilmiş cavab, hətta müəyyən mənada, respublikaçıların siyasi intiqamı anlamı daşıyır.
Göründüyü kimi, ABŞ-da seçki ehtirasları artıq qızışıb. İndi Ağ Ev ABŞ-ın beynəlxalq maraqlarından daha çox, daxili siyasi hədəflər barədə düşünmək məcburiyyətində qalıb. Yəni, belə anlaşılır ki, hazırda Bayden administrasiyasının başı özünün siyasi hakimiyyət problemlərinə qarışmış kimi görünür. Bu isə ilk növbədə Avropa Birliyi ölkələrini, xüsusilə də, Rusiya ilə “savaş bataqlığı”nda çabalayan Ukraynanı ciddi şəkildə narahat edir. Çünki belə davam edərsə, ABŞ ümumiyyətlə, Avropa Birliyi və Ukraynanı Rusiya qarşısında təkbaşına buraxmış olacaq.
Məsələ ondadır ki, ABŞ respublikaçılarının sərt mövqeyi ucbatından Ukrayna ordusu bu superdövlətdən hərbi dəstək ala bilmir. Ağ Ev Ukraynaya dəstək üçün ayrılmış maliyyə vəsaitinin tükəndiyini açıq şəkildə bəyan edib. ABŞ Konqresindəsə, respublikaçıların bloklaması nəticəsində Ukraynaya dəstək üçün maliyyə yardımının ayrılmasını nəzərdə tutan qərarlar hüquqi qüvvə qazana bilməyib. Və bu isə o deməkdir ki, Ukrayna yaxın vaxtlarda, respublikaçılar seçkidə qalib gələcəkləri təqdirdəsə, ümumiyyətlə, heç vaxt ABŞ-dan hərbi dəstək ala bilməyəcək.
Maraqlıdır ki, respublikaçıların prezidentliyə əsas namizədi Donald Trampın seçki təbliğatında Ukraynaya hərbi dəstəyin tamamilə dayandırılması xüsusi yer tutur. O, hətta hakimiyyətə gələcəyi təqdirdə, ABŞ-ın maraqlarına cavab verməyən Ukrayna savaşını ən qısa zamanda sona çatdıracağını vəd edir. Üstəlik, Donald Tramp ABŞ-Rusiya münasibətlərini də normal məcraya qaytara biləcəyinə əmin olduğunu da qətiyyən gizlətmir.
Təbii ki, bütün bunlar Avropa Birliyi üçün gələcək real təhlükədən xəbər verir. Çünki əgər, Ukrayna hərbi dəstək göstərilmədən taleyin ümidinə buraxılarsa, Rusiyanın savaşda qələbəsi gözlənilməz xarakter daşımayacaq. Nəticədə Ukrayna savaşı dövründə Rusiyaya qarşı sanksiyalar tətbiq edərək, əks düşərgədə yer almış Avropa Birliyi ölkələri Kremlin açıq hədəfinə çevrilmiş olacaq. Və Avropa Birliyi Rusiyanın qarşısında tab gətirə bilməyəcəyinə elə indidən tam dəqiqliyi ilə əmindir.
Ona görə də, Qərb siyasi dairələri növbəti prezident seçkilərində ABŞ respublikaçılarının, xüsusilə də bütün mümkün vasitələrlə hakimiyyətə can atan Ağ Evin keçmiş sahibi Donald Trampın qalib gəlməsində qətiyyən maraqlı deyillər. Onların fikrincə, Donald Trampın Ağ Evə yenidən sahiblənməsi dünyada bir çox prosesləri əksinə dəyişdirə bilər. Ukrayna savaşda məğlub olar, Rusiya ilə tampon bölgə Kremlin nəzarətinə keçər və Avropa məkanı real hərbi təhlükə qarşısında qalar.
Ancaq Qərb siyasi dairələrinin narahatlığı yalnız bunlarla məhdudlaşmır. Belə ki, Donald Trampın prezident seçiləcəyi təqdirdə, ABŞ-ın NATO-dan çıxma ehtimalı da gündəmə gətirilə bilər. Belə ki, hələ ötən prezidentliyi dövründə D.Tramp NATO-nun ABŞ-ın çiynində ağır yük olduğunu iddia edirdi. O, hesab edirdi ki, ABŞ NATO-dan çıxmalıdır və hətta bu istiqamətdə müəyyən addımlar belə, atmağa çalışırdı. Və indi Donald Trampın ABŞ-ı NATO-dan çıxartmaqla, bu hərbi-siyasi alyansı ümumiyyətlə, dağıda biləcəyi qətiyyən istisna deyil.(musavat.com)