Ana səhifə XəbərlərMədəniyyət Əsrə bərabər ömür

Əsrə bərabər ömür

admin2

Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatov anadan olmasının 95-ci ildönümü tamam olur

 

Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatov müasir dünyanın ən qüdrətli söz ustalarındandır. O, adi bir həyat hadisəsini qlobal səviyyəyə qaldırmağı, ona yüksək fikir zirvəsindən baxmağı bacaran bir fikir adamı olub. O, təsvir etdiyi hadisələrin özünü deyil, fəlsəfəsini, mahiyyətini görür və göstərirdi. Onun əsərlərində ən adi məsələ ümumdünya məsələsi kimi göstərilib. Buna görə də o, yalnız öz ölkəsində deyil, bütün dünyada maraqla qarşılanıb. Əksər əsərlərini rus dilində yazmasına baxmayaraq, onun bütün obrazları təpədən-dırnağa qədər qırğızdır. Çünki onun əsərlərində ümumdünya problemləri qırğız həyatından və qırğız təbiətindən keçib ümumiləşir.

AZƏRTAC xəbər verir ki, bu gün Qırğızıstanın Xalq yazıçısı, çoxsaylı mükafatlar laureatı Çingiz Aytmatovun anadan olmasının 95-ci ildönümü tamam olur.

Çingiz Aytmatov Qırğızıstanın Şəkər kəndində anadan olub. O, əvvəlcə kənd məktəbində, sonra rayon mərkəzindəki məktəbdə təhsil alıb. İkinci Dünya müharibəsi dövründə -1943-cü ilin yayında adamların çoxunun cəbhəyə getməsi nəticəsində kənddə kişilərin sayı azalanda 15 yaşlı Çingiz Şəkər Kənd Sovetinin katibi təyin edilib. Sonralar o, Cambulda zoobaytarlıq texnikumunda, habelə Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb, 1953-cü ildə oranı bitirib.

Ali təhsil almış Çingiz Aytmatov Qırğızıstanın Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. O, 1952-ci ildə yerli qəzetlərdə dərc edilən bir neçə hekayəsi ilə ədəbi mühitə qədəm qoyub. Qırğız yazıçılarının əsərlərini rus dilinə tərcümə edib, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb.

1958-ci ilin avqust ayında “Yeni dünya” (“Novıy mir”) jurnalında Çingiz Aytmatovun “Cəmilə” povesti dərc edilib. Povest Avropada dərc ediləndə Qərb oxucuları bu əsərdə insan xarakterində həssaslığın bədii boyalarla ustalıqla verilməsinin şahidi olublar. “Cəmilə” romanı ədəbi ictimaiyyət və oxucular arasında geniş əks-səda yaradıb, “dünyanın ən gözəl eşq hekayəsi” adlandırılıb.

Sonralar Çingiz Aytmatov qırğız mövzusunu daha dərindən mənimsəyib. “Qırmızı yaylıqlı qovağım mənim”, “Köşək gözü” əsərlərini də məharətlə işləyib, obrazların daxili aləminə nüfuz etməyi bacarıb. 1963-cü ildə yazdığı “Ana tarla” povestində şərtilik və həyati reallıq üzvi şəkildə birləşib. Həmin il yazıçının “İlk müəllim” povesti də nəşr olunub. Lakin bütün bu əsərlər müəllifin böyük nəsrinin proloqu idi.

Çingiz Aytmatovun qəhrəmanları mənəvi cəhətdən güclü, mərhəmətli və aktiv insanlar idi. Buna görə yazıçını psixoloji portret ustası da adlandırırdılar.

“Ağ gəmi” (1970), “Dəniz kənarıyla qaçan Alabaş” (1977), “Gün var əsrə bərabər” (1980) romanlarında yazıçı dövrün kəskin fəlsəfi, etik və sosial problemlərinə toxunub.

Ötən əsrin 80-ci illərinin əvvəlində yazdığı “Ölüm kötüyü” əsəri insan və təbiət münasibətlərindən, həyatın mənasından, dinin insanları yaxşılığa doğru dəyişməsindən, müasir dövrün bəlası olan narkomaniya və digər məsələlərdən bəhs edir.

Əsərlərində dövrün mənəvi-əxlaqi problemlərini əhatə edən Çingiz Aytmatov adi bir həyat hadisəsini qlobal səviyyəyə qaldırmağı, ona yüksək fikir zirvəsindən baxmağı bacarıb. Təsvir etdiyi hadisələrin fəlsəfəsini, mahiyyətini görüb və göstərib. Buna görə də onun əsərləri təkcə öz ölkəsində deyil, bütün dünyada maraqla qarşılanıb.

Çingiz Aytmatov belə deyib: “Doğru nədir, nədir yalan? Doğru insanlara sevgidir, bu planetdə doğulanların hamısına xoşbəxtlik və azadlıq arzulamaqdır. Heç bir ideologiya və milli quruluş bunun qədər vacib ola bilməz. İnsanlar öldürəndə, öləndə yox, yalnız sevəndə əsl qəhrəman olur…”

Bu da bir həqiqətdir ki, Çingiz Aytmatov müasir ədəbiyyat təfəkkürü yaradan böyük mütəfəkkirdir. O, öz əsərlərində bəşəri düşüncənin ideal balansını tapıb, insanlığa şərəflə xidmət edib, siyasi şəxsiyyətliyindən ziyadə ədəbi və mədəni şəxsiyyətini öndə tutub. Qırğız türklərinin mədəniyyətini yenidən ortaya çıxaran bu dahi insan 10 iyun 2008-ci ildə müalicə olunduğu Almaniyanın Nürnberq şəhərindəki klinikada vəfat edib.

 

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00