Bu gün Azərbaycanın tanınmış şairi, istedadlı qələm sahibi Əlisəmid Kür 70 illik yubileyini qeyd edir.
“Qafqazinfo” bu münasibətlə məşhur şairin bir neçə şeirini təqdim edir:
Dözümünə afərin, Xudafərin!
Gün o gündü…
Novruzqabağı
Xudafərin körpüsünün ətəyində
Araz Elsəs söz deyirdi,
saz deyirdi
Bayatı qoşurdu,
ağı deyirdi
Arazın sularına ağır-ağrı
ağrı-ağrı
Araz axırdı ağır-ağır,
ağrı-ağrı
Gün o gündü…
O taylı, bu taylı
bir millət baxır axı
(Körpü də yoldu axı…)
Bu taydan baxanda
o tay da əl edir axı
Gün o gündü
Bu tayın söz azadlığı
O tayın göz azadlığına
qovuşub axırdı.
Ozan səsi
Azan səsinə qarışıb axırdı
Arazın sularında
ağır-ağır
fağır-fağır…
Araz Araza qovuşub axı
Araz xına qoyub Arazın səsinə,
Xudafərin körpüsünün
daşına, kərpicinə
Gün o gündü…
Gözün aydın, Xudafərin!
Hər kərpic xınasına
Hər daşın naxışlı mamırına
alqış düşür.
Göz yaşıyla yoğrulan
Təməlinin suvağına vurulan
Həsrətin yumurta sarısına
alqış düşür.
Yaddaşın mamır sarğısına
min şükür…
Dözümünə afərin, Xudafərin!
Biz üçrəngli bayrağı sancdıq.
Sərdik sinənə.
O taylı, bu taylı
gözaydınlığı.
Gün o gündü…
Araz oxuyurdu, Arazbarı
Araz qırağı
Araz axırdı ağır-ağır,
Ağrı-ağrı…
Mart, 2023
***
Yuxarı mərtəbədən gələn mahnı
Ürəyimi göynədən vaxtda
əllərim qoynumda
uzanmışam çarpayıda.
Tavandan,divarlardan
Kədərli üzlər,
Dilxor maskalar asılır
Səni düşündükcə, qızım!
Hər oxunan nəğmə
Bir doğma anı yada salar,
Hər tanış səs bir doğma üzü
Canlandırar gözlərimizdə…
Telefon zəngi.
-Alo, Bakıyla danışın.
-Al-lo! Qızım, sənsənmi?!
-…
-Al-lo!
…2400 kilometrlik həsrətin içində
Qatar keçdi deyəsən.
Bir zahı bulud
Silkələdi telefon xətlərini.
Yüz saniyəlik sükutun arxasına
Sığdı bir insan ömrü.
-Alo! Alo!!
-A-ta! A-ta!
…Üzün yadımdan çıxır,
İlğım axır dalğa-dalğa
Yaddaşımın dörd olmuş gözündən.
Yuxu da yalanmış, fotoşəkil də yalan…
-Alo! Alo!
-Ata, məni eşidirsən?
-Al-lo, mən səni görürəm, qızım…
***
Əqrəbləri itmiş saat kimiyəm,
Vaxt ölür, çökür içimdə.
Cin çapmış at kimiyəm, –
Qan-tər içindəyəm, anam,
qan-tər içində.
Zaman dolaşıq nər qovğasında,
Şeytan-mələk davasında
Ürəyim əlimdən gedir,
Çırpınır qollarım qoynumda, –
Gecəm qan-tər içində, anam,
Günüm qan-tər içində.
Bu əlim, bu da lal dilim,
Sözü xəmir kimi yoğuran dilim,
Cadar-cadar, dilim-dilim
Söz əkib becərən dilim, –
Sözüm qan-tər içində, anam,
Dilim qan-tər içində.
Alnımın qırış yerindən
Taleyin çaparı keçir.
Bu yurdun süyər yerindən
Bir ölüm qatarı keçir, –
Elim qan-tər içində, anam,
Obam qan-tər içində.
Toxtayıb, səbrimdən asıldım,
Buğlanıb, ruhumdan asıldım,
Can hanı, qəbrimə qısıldım –
Söndüm qan-tər içində, anam,
Öldüm qan-tər içində.
***
Adam cibindən üşüyər
Nə baxırsan yoxsul bəyə,
Nə gülürsən bu kişiyə?!.
Ağac içindən oyular
Adam cibindən üşüyər.
Pul əl çirkidi… Yalandı.
Malın verən canın verər.
Ağac içindən sıyrılar
Adam canından çürüyər.
Kasıb qəribdi Vətəndə
Qalıb yollarda tövşüyər
Ağac içindən can verər
Adam cibindən üşüyər.
***
Mövlud ağacı – Yasəmən
Mövlud Mövludun intihar xəbərinə
min şeir yazıldı
min birincini yazmadım
“Min bir gecə” nağılı açmadım
adına bir ağac əkdim həyətimdə.
Onda gördük
gecələr
qanadını qanadına vurub
uçur, uçur Ucalığa
gündüzlər qonur yerə.
Onu da gördük
günlərin birində
qanadları qırıldı
yandı…
qurudu…
intihar etdi Mövlud ağacı.
İllər yaman tez keçdi –
əksimiz şəhid gözlərində
dünyadan köçdü…
…Bir mövlud gecəsində
köklü-köməcli Yasəmən ağacını
bağından çıxarıb
bağıma gətirdi Aydın Uluxanlı.
– Bu da Yasəmən ağacı –
Mövlud yaşında…
…Buraların havası yaman
soyuğu Sibir, istisi Yəmən
ya Sən, ya Mən – fərqi yox
Sən güllər Şahzadəsisən,
Yasəmən!
Ətrindən, hənirindən
bu ağac dirilər,
hökmündən bu ağac çiçəkləyər
bağımda, bağrımda
Mövlud ağacı – Yasəmən.
***
KENTAVR
Bir gecə vağzalın yanından keçəndə şəhərdə qəfildən işıqlar söndü.
Kürəyində yük daşıyan adamlar mənə KENTAVRLARI xatırlatdı…
Bir də qulaqlarıma at kişnərtisi gəldi…
Dərdin arxasınca dördnala çapan
Bədəni at, başı adam,
Bu yarıat, yarıadam
Qaçmağa hallı adam
hara gedir, Yaradan?!
Sözünün dalında dağ kimi durub,
Hər gün bir sevdayla döyüşə gedir.
Dalına atdığı şələyə baxmır.
Xəndəyə yıxılmır, tələyə baxmır,
Özüylə söyüşə-söyüşə gedir.
At kimi yeriyir qəmin üstünə
Çapır, dördnala çapır,
Hara gedir qəm gətirir
Bir gün çörək tapır,
bir gün də tapmır…
«Mersedes» gözəllər keçir yanından
Vaxtı yox onlara gözucu baxa.
Faytona qoşulmuş ata boylanır,
Bu yarıat, yarıadama
ana boylanır
ata boylanır.
Kentavr şəhərdən baş aça bilmir.
Dəyənək qorxusu çıxmır canından.
Bu köçkün kentavr,
qaçqın kentavr
Polisin əlindən qaça da bilmir.
Bu qovur, o qovur,
Göydə Allah qovur, yerdə bəndəsi
Kəpənək yuxusu qaçıb gözündən
Hələ kütə gedir onun kündəsi.
– Hara gedirsən, KENTAVR?
– Kimdən qaçrsan, KENTAVR?
Başın bədənindən ayrı,
Bədənin başından ayrı,
Özün-özündən qaçırsan,
Gedirsən qəmin üstünə
söyüşə-söyüşə,
Yaşamaqçün, ölməməkçün
Atlar örüşə gedir,
Kentavrlar – döyüşə!