Yaradıcılığımla, Azərbaycan və Türkiyədə teatr sənətinin inkişafına töhfəmlə iki ölkənin xalqları qarşısında sənət borcumu yerinə yetirirəm. Gələcəkdə də Türk dünyası naminə yaşayıb yaradacağam.
Bu sözləri Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) binasında 70 illik yubileyi qeyd edilən görkəmli teatr və kino aktyoru, Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq artisti, rejissor, professor Cahangir Novruzov deyib.
O xatırladıb ki, 1994-1995-ci illərdə həm Türkiyədən, həm də Almaniyadan iş təklifi alıb, amma qətiyyətlə qardaş ölkəni seçib.
“Bütün həyatımı və yaradıcılığımı millətimə həsr etmişəm. Ürəyi Azərbaycan və Türkiyə incəsənəti naminə döyünən hər kəsə minnətdaram”, -deyə son onilliklər ərzində Adanadakı Çukurova Universitetinin Dövlət Konservatoriyasında dərs deyən Xalq artisti vurğulayıb.
Cahangir Novruzov Azərbaycan xalqının irsini yaşadan Azərbaycan dövlətinə minnətdarlığını bildirib. O əlavə edib: “Babam, Azərbaycan teatr sənətinin görkəmli xadimi, 150 illik yubileyi Bakıda geniş şəkildə qeyd olunan Cahangir Zeynalovun xatirəsinə göstərdiyi diqqətə görə Azərbaycan Mədəniyyət Nazirliyinə səmimi-qəlbdən minnətdaram”.
O, babası Cahangir Zeynalovun Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri olduğunu xatırladıb. “O, varlı sahibkar və tanınmış xeyriyyəçi idi və həyatını Azərbaycan türk xalqının maariflənməsi işinə həsr edib. “Min canım olsaydı, onların hər birini xalqıma həsr edərdim” deyən babamın vəsiyyətinə daim əməl etməyə çalışmışam, – deyən C.Novruzov əlavə edib ki, Cahangir Zeynalov ömrünün sonunda varidatının böyük hissəsini Azərbaycan teatrlarına vəsiyyət edib.