Ana səhifə XəbərlərMədəniyyət Bakı Fotoqrafiya Evində “Mərakeşin memarlıq irsi” adlı fotosərgi başa çatır

Bakı Fotoqrafiya Evində “Mərakeşin memarlıq irsi” adlı fotosərgi başa çatır

admin2

“Mərakeşin memarlıq irsi” adlı fotosərgidə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olmuş Mərakeş şəhərlərinin memarlıq incilərinin fotoşəkilləri təqdim olunub. Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən təşkil olunmuş sərgi Bakı sakinləri və paytaxtımızın qonaqlarına memarlığın özündə antik dövrü, Amaziq, Finikiya və Roma mədəniyyətlərini ehtiva edən və müxtəlif sivilizasiyalardan gələn təsirlərin birləşdirməsini əks etdirən əsrarəngiz ölkə ilə dərindən tanış olmaq imkanını təqdim edib.

Sərgi Volyubis, Liksus, Tamuda hökmdarları sülalələrindən hər birinin ölkənin mədəni irsində unudulmaz iz qoyduğunu parlaq şəkildə sübut edir. Çoxsaylı memarlıq abidələri bir növ zamanda səyahətdir. Ekspozisiya əsrlər boyunca bütün ölkənin – Saxara səhrası tərəfindən Afrikanın barbar qəbilələrinin, ispan və fransız müstəmləkəçilərinin mədəniyyətinin, ərəb qonşularının İslam ənənələrinin vəhdəti sayəsində necə formalaşdırılmasının nümayişidir. Bunlar dünyada analoqu olmayan etnik sintez yaradıb, memarlıq zərifliyini heç bir yerdə olmayan səviyyədə bu qədər aydın şəkildə büruzə verir.

Bu gün bütün Mərakeş boyunca dizaynın ən müxtəlif elementlərinə rast gəlmək olar, lakin həm keçmişdə, həm də indiki zamanda ölkə memarlığında İslam amili ən güclü əhəmiyyətə malikdir. Əsrlər boyunca Mərakeşdə binaların inşası və bəzədilməsi üçün məhz İslama aid olan konkret prinsiplərdən istifadə olunub.

Bu iki – ərəb və Mavritaniya istiqamətlərinin Avropa müstəmləkəçilərinin sərvəti ilə dəstəklənən mürəkkəb birləşməsi inanılmaz dərəcədə möhtəşəm memarlıq mədəniyyəti yaradıb.

Mərakeşdə binaların çoxsaylı müxtəlifliyinin və onların memarlıq variasiyalarının dərk edilməsi son dərəcə heyrətləndirici ola bilər. “Mərakeşin memarlıq irsi”nin geniş ekspozisiyası ziyarətçilərin marağını cəlb edərək, məhz bunu nümayiş etdirib.

AZƏRTAC-ın müxbiri sərginin kuratoru, Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri ilə sərginin hazırlanmasının xüsusiyyətləri və ekspozisiyaya xas olan nüanslar haqqında söhbət edib …

– Səfirlik nə üçün memarlıq sərgisini təşkil etmək qərarına gəlib?

– Azərbaycanın mədəni həyatı çox zəngindir, səfirlik müntəzəm olaraq bu işə töhfəsini verir. Bu sərginin köməyi ilə biz Azərbaycan tamaşaçısına Mərakeş dəyərlərindən birini, məhz memarlığı təqdim edərək, 2024-cü ilin mədəniyyət mövsümünü açmaq istəyirdik.

Beləliklə, bu sərgi Mərakeşin tarixi və çoxəsrlik memarlığına hörmətdir. Bu tarix Mərakeşin unikal memarlıq bənzərsizliyini formalaşdıraraq, habelə Pireney yarımadasında və Şimali Afrikada əbədi miras qoyaraq, Mərakeş memarlığını regionun mədəni və tarixi hekayəsinin mərkəzi elementinə çevirib. Hətta bu gün də Mərakeş memarlığı geniş şəkildə xaricə ixrac olunur. Materiallar, texnikalar, naxışlar, rənglər ziyarətçiləri biganə qoymur. Bəzi məşhurlar Mərakeşə səfər edəndən sonra hətta bu tipik memarlığı öz ölkəsində təkrarlamağa və ya Mərakeşdə iqamətgah almağa çalışırlar.

– Fotoşəkillər hansı prinsiplə seçilib?

– Tarixi yerləri nəzərə alaraq. Seçim prosesi çətin olub. Buna görə də seçim etmək lazım idi: sərgi tam ətraflı deyil və müəyyən məqsədlə vacib də olsa bəzi yerləri istisna edir. İdeya ondan ibarətdir ki, ziyarətçilərdə Mərakeş və onun sərvətləri barədə daha çox məlumat əldə etmək istəyi olsun.

– Mərakeş və Azərbaycan memarlıq motivlərinin ortaq cəhətləri hansılardır?

– Müsəlman dünyasına mənsubiyyət və bütün tarix boyunca mövcud olan mədəni mübadilələr o deməkdir ki, biz binaların inşası üsullarında əks olunan ümumi konsepsiyalar və dəyərlər tapırıq, misal üçün, yaşıllıqların və su mənbələrinin yaradılmasının vacibliyi baxımından. Mərakeşin “zellij” naxışları bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda geniş şəkildə təsvir olunur və biz bununla çox fəxr edirik.

– Memarlıq “daş üzərində musiqi” adlandırılır, onu sərgi-simfoniya (heykəltəraşlıq, rəssamlıq və s.) kimi qəbul etmək olarmı?

– Çox gözəl ifadədir. Faktiki olaraq, incəsənət və elm arasında yer alan memarlıq, musiqi və ya incəsənətin digər formaları eyni hisslər doğura bilər. Əlbəttə, fotoşəkillər tamaşaçıya reallığa ən yaxın olan müəyyən bir ideyanı çatdırır, lakin biz bu sərgidə təqdim olunan müstəsna konstruksiyalar qarşısında olarkən hisslərimiz tamamilə başqadır.

Bəzi yerlər haqqında çox vaxt deyirlər ki, “fotoşəkil onların həqiqi əzəmətini çatdırmır”. Fotoşəkillərin gözəlliyi və çatışmazlığı da bundadır, onlar anı, xüsusi işığı və həmin anın müəyyən poeziyasını tuturlar. Memarlıq simfoniyadırsa, bu fotosərginin ziyarətini musiqi əsərinin CD-də və ya internetdə dinlənməsi ilə müqayisə etmək olar. Canlı “konsertin” gücünü hiss etmək üçün biz azərbaycanlı dostlarımızı Mərakeşə səfər etməyə dəvət edirik.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00